Azərbaycan ABŞ-ın etibarlı strateji tərəfdaşıdır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ABŞ-ın etibarlı strateji tərəfdaşıdır

08:43 - 05 / 04 / 2016
Azərbaycan ABŞ-ın etibarlı strateji tərəfdaşıdır

AZƏRTAC-ın müxbiri ABŞ-Azərbaycan əməkdaşlığının dünəninə, bu gününə və perspektivlərinə nəzər salır

Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri başa çatıb. Dövlətimizin başçısı ABŞ paytaxtına martın 30-da Prezident Barak Obamanın dəvəti ilə Dördüncü Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün gəlmişdi. Sammitdə 54 ölkənin prezidentləri və hökumət başçıları, bir neçə beynəlxalq təşkilatın rəhbərləri iştirak edirdi. Terrorizmə qarşı qlobal mübarizədə beynəlxalq birliyin son dərəcə əhəmiyyətli tərəfdaşı olan Azərbaycan nüvə materiallarının yayılmasının və bu materialların qaçaqmalçılığının qarşısının alınması işinə artıq ciddi töhfələr verib. Ona görə də rəsmi Bakının bu nüfuzlu məclisdə iştirak etməsi yetərincə nəzərə çarpırdı. Lakin Prezident Əliyevin Vaşinqtona səfəri təkcə həmin sammitdə iştirak ilə əlamətdar deyildi. Azərbaycan Respublikasının rəhbəri üç gün ərzində Prezident Barak Obama, vitse-prezident Co Bayden, ABŞ ticarət naziri Penni Pritsker, dövlət katibi Con Kerri ilə görüşüb, habelə siyasi və işgüzar dairələrin yüksək vəzifəli nümayəndələri, ictimai təşkilatların rəhbərləri, o cümlədən ABŞ dövlət katibinin müavini Tomas Şennon, Amerikanın “General Electric” şirkəti sədrinin müavini Con Rays, “Armitage International” şirkətinin prezidenti Riçard Armitac, Karneqi Fondunun prezidenti Uilyam Berns, Amerika Birləşmiş Ştatlarının “Export-Import” bankının sədri və prezidenti Fred Hokberq, Nyu-Hempşir ştatının keçmiş qubernatoru və ABŞ-ın sabiq prezidenti Corc Buşun aparat rəhbəri Con Sununu ilə, ABŞ konqresmenləri, Amerika-İsrail ictimai əlaqələr komitəsinin (AIPAC), Avrasiya Yəhudilərinə dəstək üzrə Milli Koalisiyanın və Amerikadakı əsas yəhudi təşkilatlarının prezidentləri Konfransının (CPMAJO) rəhbərləri ilə mühüm görüşlər keçirib.

Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən sonra, 1992-ci ildə ölkəmizlə ABŞ arasında ikitərəfli münasibətlər yaradılıb. Sovet İttifaqı dağılandan dərhal sonra Azərbaycanın suverenliyini tanıyan ilk dövlətlərdən biri ABŞ olub. 1992-ci il martın 6-da Vaşinqtonda Azərbaycanın, martın 16-da isə Bakıda ABŞ-ın diplomatik nümayəndəliyi açılıb. İki dövlət arasında dərhal diplomatik münasibətlər yaradılması (Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlər hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə də mövcud olub) Azərbaycanın ABŞ üçün vacibliyinə dəlalət edir. Müstəqil və çoxvektorlu siyasət yürüdən rəsmi Bakı bir sıra sahələrdə Vaşinqton ilə ikitərəfli münasibətləri davamlı şəkildə inkişaf etdirib. Bu gün həmin münasibətlərin əsas istiqamətləri energetika, təhlükəsizlik və iqtisadi münasibətlərin inkişafı sahələrində strateji tərəfdaşlıqdır.

Energetika sahəsində əməkdaşlıq

Energetika sahəsində uğurlu əməkdaşlığın təməli hələ 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. O vaxt Azərbaycan iqtisadiyyatının neft-qaz sektoruna investisiyalar cəlb edilməsinə dair danışıqlar davam edirdi. Məlum olduğu kimi, bu danışıqların ardınca 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Həmin müqavilədə Amerikanın bir çox enerji şirkətləri iştirak edirdi. Əvvəlcə Bakı-Supsa, sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edildi və istifadəyə verildi. Gizli deyil ki, Bill Klinton və Corc Buş administrasiyaları həmin layihələrin həyata keçirilməsinə tam siyasi dəstək verirdilər. Əlamətdar haldır ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri daha geniş və daha vacib “Cənub Qaz Dəhlizi” layihəsinin təməli və tərkib hissəsidir. Bu, bir daha ümummilli lider Heydər Əliyevin uzaqgörənliyinə və siyasi erudisiyasına dəlalət edir. Heydər Əliyev prezident olduğu illər ərzində Azərbaycan dövlətçiliyinin əsasını yaradıb, dövlətimizin möhkəmlənməsini və sonrakı uğurlarını təmin edib.

Prezident İlham Əliyev dövlət katibi Con Kerri ilə görüşdə energetika sahəsində ikitərəfli əməkdaşlığın tarixinə toxunaraq söhbət açaraq deyib: “Biz Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi sayəsində ilk dəfə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən neft kəmərlərinin çəkilişi kimi mühüm layihələri birlikdə reallaşdırdıq”. “Cənub” qaz dəhlizinin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bu layihənin gerçəkləşməsinə ciddi dəstək vermiş Birləşmiş Ştatlar hökumətinə təşəkkürünü bildirərək qeyd edib ki, “dəhliz” 2-3 il müddətində istifadəyə veriləcək. Dövlət katibi Con Kerri öz bəyanatında “Avropanın uzunmüddətli strateji maraqları və enerji mənbələrinin şaxələndirilməsi naminə ciddi addım” adlandırdığı layihənin həyata keçirilməsində Prezident Əliyevin liderliyini yüksək qiymətləndirib.

Qeyd etmək lazımdır ki, “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyəti təkcə 16 milyard kubmetr qaz nəql edilməsi (bu həcmin 10 milyard kubmetrini Avropaya və 6 milyard kubmetrini Türkiyə bazarına nəql etmək nəzərdə tutulur) ilə deyil, Cənubi Avropada qazpaylaşdırma şəbəkəsinin inkişafını və yeni “interkonnektorlar”ın tikintisini stimullaşdırmaqla müəyyən olunur. “Cənub” qaz dəhlizinin tikintisi hələ 1950-ci illərdə, Duayt Eyzenhauer administrasiyası dövründə Amerika yollarının “avtobanlaşdırılması” effekti yaradıb: metropoliyalarda böyük avtomagistralların tikintisi malların yerdəyişməsini yaxşılaşdırmağa, regionların iqtisadi inkişafına və Amerika şəhərlərinin suburbanizasiyasına şərait yaradırdı. Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum), Transanadolu və Transadriatik qaz kəmərlərindən ibarət olan “Cənub” qaz dəhlizi analoji effekt yaradacaq və gələcəkdə başqa ölkələrdən böyük həcmdə qaz nəqlini cəlb edəcək, habelə gələcək interkonnektorların da əsas dəhlizə qoşulmasına imkan yaradacaq. Ona görə də Birləşmiş Ştatlarda bu layihəyə böyük əhəmiyyət verilir. Məhz bu səbəbdən Con Kerri “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində Azərbaycanın aparıcı rolunu həm Birləşmiş Ştatlarda səsləndirdiyi bəyanatlarında, həm də 2014-cü il aprelin 2-də Aİ-ABŞ Energetika Şurasının iclasında dəfələrlə vurğulayıb. 2014-cü i iyun ayında Prezident Obama da analoji bəyanatla çıxış edərək ABŞ administrasiyasının bu layihəni dəstəklədiyini bildirib.

İqtisadiyyatın başqa sahələrində əməkdaşlıq

İki ölkə arasında iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın inkişaf etməsi məlum faktdır. Məsələn, Azərbaycanın ilk süni peyki Virciniya ştatındakı “Orbital Sciences” şirkəti tərəfindən qurulub. Azərbaycan “Boeing” şirkətindən bir neçə təyyarə alıb və beləliklə, Amerika iqtisadiyyatına milyardlarla dollar xeyir verib. ABŞ ticarət departamentində Avropa, Yaxın Şərq və Afrika üzrə katibin köməkçisinin müavini Mətyu Mürrey 2014-cü ildə ABŞ konqresində keçirilən tədbirlərin birində çıxış edərək Azərbaycanda inkişaf etməkdə olan emal sənayesi sektoruna Amerikanın işgüzar dairələrinin marağının artmasını və amerikalı istehsalçı və biznesmenlərin bu sektorda iştirakının prioritetliyini bəyan edib. Bundan əlavə, ABŞ Azərbaycanın Şərq ilə Qərb arasında regional nəqliyyat qovşağına çevrilmək planlarını dəstəkləyir. Buna görə də Prezident İlham Əliyevin Amerikanın “General Electric” şirkətinin sədri Con Rays, Amerika Birləşmiş Ştatlarının “Export-Import” bankının sədri və prezidenti Fred Hikberq ilə görüşlərində iqtisadi münasibətlərin inkişafı müzakirə mövzusu olub. Həmin görüşlərdə suvarma, pambıqçılıq, habelə aviasiya və müasir texnologiyalar sahəsində layihələrin maliyyələşdirilməsi perspektivləri müzakirə edilib. Con Kerri ABŞ Dövlət Departamentinin bəyanatında vurğulayıb ki, ABŞ Azərbaycanın regionda ticarət mərkəzinə çevrilməyə yönəlmiş səylərini dəstəkləyir.

Təhlükəsizlik sahəsində əməkdaşlıq

Azərbaycan energetika və inkişaf etməkdə olan iqtisadi münasibətlər sahəsində strateji tərəfdaş olmaqla bərabər, həm də təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahəsində Birləşmiş Ştatların mühüm müttəfiqidir. Amerika xalqı üçün çətin dövrdə Azərbaycan ABŞ-a öz köməyini təklif etmiş ilk dövlətlərdən biri olub. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda və Vaşinqtonda terror hücumlarından dərhal sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyev terrorizmə qarşı mübarizədə Birləşmiş Ştatlara qeyd-şərtsiz dəstək təklif etmişdi. Fikrimcə, burada “qeyd-şərtsiz dəstək” sözləri xüsusi vurğulanmalıdır. Ermənistan tərəfindən terrorizmin və hərbi təcavüzün qurbanı olan Azərbaycan Amerikanın üzləşdiyi faciənin ağırlığını başa düşürdü və ABŞ-a kömək əli uzatmağa hazır idi. Vaşinqton Azərbaycan rəhbərliyinin köməyini qəbul etdi və o vaxtdan bəri NATO-nun Əfqanıstandakı missiyası üçün döyüş təyinatlı olmayan yüklər daşıyan təyyarələri Azərbaycanın hava məkanından uçur və Azərbaycan aeroportlarından istifadə edir. NATO-nun Əfqanıstandakı missiyası üçün nəzərdə tutulan bütün yüklərin təxminən 40 faizi Bakıdan keçir (Şimal paylaşdırma şəbəkəsinin cənub marşrutu). Bundan əlavə, Azərbaycan uzun illər boyu İraqda və Kosovoda sülhyaratma missiyalarında iştirak edib. Lakin Azərbaycanın fəaliyyəti təkcə həmin regionlarda NATO-nun müvəqqəti missiyaları ilə məhdudlaşmır. Azərbaycan regionda və bütün dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə çalışan bir dövlət kimi, Əfqanıstanda insan potensialının inkişafı üçün 3 milyon avro ayırıb. Azərbaycan təhlükəsizliyin qorunub saxlanmasına sadiq olduğunu ifadə edərək Əfqanıstanın hüquq-mühafizə orqanlarının və xarici siyasət idarəsinin nümayəndələrinə Azərbaycanın ADA Universitetində, Polis Akademiyasında və hərbi məktəblərində təhsil almaq imkanı yaradıb. Bu, Əfqanıstanın potensialına ən pozitiv investisiyadır. Həmin tələbələr tezliklə öz ölkələrinin və regionun gələcəyinə sanballı töhfə verə biləcəklər. Azərbaycan terrorizmə qarşı mübarizə sahəsində də xüsusi töhfələr verib. Amerika və Azərbaycan hüquq-mühafizə orqanları arasında əməkdaşlıq regionda nüvə materiallarının yayılmasının və həmin materialların qaçaqmalçılığının qarşısını alır.

“Nüvə təhlükəsizliyinin azaldılması təşəbbüsləri” Proqramı çərçivəsində Təhlükəsizlik və Nüvə Materiallarının Azaldılması üzrə Milli İdarənin vitse-prezidenti Endrü Bieniavski AZƏRTAC-a müsahibəsində Azərbaycanın rolundan bəhs edərək deyib: “Azərbaycan nüvə təhlükəsizliyi sammiti ilə əlaqədar ən azı iki fəaliyyətin həyata keçirilməsində mühüm rol oynayıb və oynamaqda davam edir. Birincisi, yaxın vaxtlarda qəbul edilmiş əsas sənədin – Nüvə materiallarının fiziki qorunması haqqında Konvensiyanın ratifikasiya olunması münasibətilə Azərbaycanı təbrik edirik. Azərbaycanın atdığı ikinci mühüm addım radioaktiv materiallarla bağlı məsələlərin həllinə dair səylərdir. Biz yaxın vaxtlarda Belçikada törədilmiş terror aktlarını nəzərə alaraq çox narahatıq ki, bu cür materiallar İŞİD silahlılarının əllərinə keçərək “çirkli” bombaların düzəldilməsi üçün istifadə edilə bilər. Buna görə də bütün ölkələrdə mövcud olan və haçansa tibbi və ya sənaye təyinatlı məqsədlər üçün istifadə edilmiş radioaktiv materiallar zərərsizləşdirilməlidir. Biz bilirik ki, nüvə təhlükəsizliyi sammiti prosesi çərçivəsində Azərbaycan bu istiqamətdə fəal tədbirlər görür.

ABŞ Prezidenti Barak Obama sammitin yekunlarına həsr edilmiş mətbuat konfransında nüvə materiallarının yayılmasının qarşısının alınmasına Azərbaycanın töhfəsini vurğulayaraq Azərbaycanın müsbət rolunu qeyd edib və bildirib ki, ABŞ bu əməkdaşlıq çərçivəsində sərhədyanı nəzarət və nüvə materiallarının aşkar edilməsi üçün Azərbaycanla birgə iş aparır. Prezident Obama vurğulayıb: “Azərbaycan öz coğrafi mövqeyinə görə bu prosesdə son dərəcə mühüm tərəfdaşdır”.

Ermənistan-Azərbaycan münaqişəsi

Belə desəm səhv olmaz ki, Azərbaycan Respublikasının Prezidenti üçün Vaşinqtona səfər zamanı ən prioritet məsələ Ermənistan-Azərbaycan münaqişəsi idi. Ermənistan tərəfindən təcavüz və Azərbaycan ərazisinin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi dövlətimizin başçısının yüksəkvəzifəli şəxslərlə müzakirəsinin mövzusu idi. Prezident Əliyev dövlət katibi Con Kerri ilə görüş zamanı ABŞ hökumətinə “Ermənistan ilə Azərbaycan arasında uzun müddət davam edən münaqişənin həlli yollarının axtarışına yönəlmiş səylərə görə” təşəkkürünü bildirib. O qeyd edib ki, bu münaqişə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələr əsasında həll edilməlidir. İlham Əliyev deyib ki, bu münaqişə ölkələrin ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır. ABŞ hökumətinin yüksəkvəzifəli nümayəndələri Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiklərini və ABŞ-ın bu münaqişənin beynəlxalq hüquq, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında hərtərəfli tənzimlənməsinə tərəfdar olduğunu təsdiqləyiblər. Aşkardır ki, məhz bu əməkdaşlıq və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin təsdiq edilməsi Prezident İlham Əliyevin ABŞ-a səfərinin sonunda erməni silahlı qüvvələri tərəfindən təcavüzkar hücumların yenidən başlanmasına əsas verib. Erməni qüvvələrinin səylərinə baxmayaraq bu hücum dəf olunub və Azərbaycan ərazisinin bir hissəsi işğaldan azad edilib.

Siyasi və iqtisadi baxımdan asılı dövlət olan Ermənistan özünün ultra-millətçi və təcavüzkar siyasəti ucbatından regional layihələrdən kənarda qalıb və orada depopulyasiya prosesləri gedir. Asılı dövlət olan Ermənistan xarici qüvvələrin ona təsir rıçaqlarını öz əli ilə onlara təqdim edib. Azərbaycan isə çoxvektorlu siyasət sayəsində öz müstəqilliyini qoruyub saxlayıb. Bu, Azərbaycana hörmət gətirən amillərdən biridir.

Orta Şərq İnstitutunun (Middle East Institute) professoru Aleks Vatanka AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib: “Amerika-Azərbaycan münasibətləri bir neçə il turbulent vəziyyətdə olub. Mənim fikrimcə, vaşinqtonlu ekspertlərin çoxu hesab edir ki, Bakını lazımınca qiymətləndirməyiblər, çünki o, regionda ABŞ-ın mənafelərinin təbliği üçün çox iş görüb. İstər enerji təhlükəsizliyi, Əfqanıstanda və İraqda terrorizmə qarşı mübarizə ilə bağlı reallıqlar baxımından, istərsə də sadəcə ABŞ-da istehsal edilmiş xidmətlərin və malların alıcısı olaraq, Azərbaycan özünü Amerikanın etibarlı müttəfiqi kimi təsdiq edib. Hər iki ölkə ikitərəfli əməkdaşlığı davam etdirərək bilməlidir ki, indiyə qədər tam razılıq əldə edilməmiş məsələlərin həllinin axtarışını davam etdirmək və 25 il bundan əvvəl Azərbaycanın dövlət müstəqilliyi bərpa edildiyi andan indiyə qədər qazanılmış təcrübə əsasında əməkdaşlığı inkişaf etdirmək lazımdır”.

Beləliklə, Azərbaycan etibarlı strateji tərəfdaş kimi qəbul edilir və ABŞ ilə Azərbaycan arasında sıx səmimi münasibətlər bundan sonra da pozitiv şəkildə inkişaf edəcəkdir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Paylaş:
1594

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər