Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağda müharibənin başlamasının günahkarı Ermənistan tərəfidir”
Son illərdə Azərbaycan Rusiyanın və İranın Dağlıq Qarabağ məsələsindəki mövqeyini ermənipərəstlikdən uzaqlaşdıra bilib.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son dövrlərdə baş verən hadisələri şərh edərkən deyib. Onun sözlərinə görə, Vladimir Putin 2014-cü ilin sentyabrından Ermənistandan narazı idi. RF ATƏT Minsk qrupunun üzvü olmaqla yanaşı Dağlıq Qarabağ münaqişəsində fərqli siyasi-diplomatik metodun tərəfdarı idi.
“Sarkisyan Putinin təklifini qəbul etsəydi, indiki müharibə olmazdı”
ATƏT MQ isə yalnız dinc yolla tənzimlənmə metodunun tərəfdarı idi. Azərbaycan Prezidenti fevral ayında İrana səfəri zamanı Xudafərin hidroqovşağı ilə bağlı müqavilənin imzalanmasına nail oldu. Bu Dağlıq Qarabağ tənzimlənməsində İranın mövqeyinin tamamilə Ermənistandan uzaqlaşdığının və Azərbaycana yaxınlaşdığının göstəricisi idi. İlham Əliyevin ABŞ-a səfər zamanı ABŞ rəhbərliyi də Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini tam dəstəklədi. Bunu başa düşən Ermənistan Azərbaycan Prezidenti İlham Əliyev hələ ABŞ-da olarkən müharibəyə başladı. Məqsəd bəlli idi. Guya Azərbaycan ABŞ-ın göstərişi ilə müharibəyə başlayıb. Beləliklə, Rusiyanı buna inandırmaqla Moskvanın mövqeyini Ermənistana tərəf çəkmək. Çünki bu Ermənistanın əlində son şans idi. Amma Azərbaycan ordusu Ermənistana layiqli cavab verdi. 1994-cü ilin may ayından üzü bəri ilk dəfə olaraq torpaqları geri qaytarmağa başladı. Amma Ermənistanın uduzmasının siyasi və hərbi iflasının daha iki səbəbi var:
- 2014-cü ilin sentyabrında S.Sərkisyan RF prezidenti V.Putinin Dağlıq Qarabağın tənzimləməsində Rusiyanın xüsusi statusu ilə bağlı irəli sürdüyü təklifi rədd etdi. O zaman S.Sərkisyan V.Putini inkar etməsəydi, indiki müharibə olmazdı.
- ATƏT MQ-nin indiki həmsədrləri, xüsusilə Uorlik müharibənin başlanmasına tam məsuliyyət daşıyır. Onların fəaliyyəti yalnız müharibəni yaxınlaşdırırdı. Ermənistan öz saxta tarixinin və miflərinin girovuna çevrilib. Ermənistan siyasətçilərinin müasir nəsli sübut etdi ki, Ermənistanın bütün tarixi bu cür olub.
Rusiyanın indiki müharibədə mövqeyinin ziddiyyətli olması ona ziyan gətirə bilər. Rusiya rəhbərliyinin Dağlıq Qarabağ məsələsində, o cümlədən indiki müharibədə mövqeyi Azərbaycanın maraqlarına zidd deyil. Amma Kremlin gözünün qabağında baş verən bəzi məsələlər Rusiya-Azərbaycan münasibətlərinə gələcəkdə ciddi zərbə vura bilər.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Rusiya adından Azərbaycana hədə gəlmək üçün Ermənistan rəhbərliyinə imkanlar yaradır
KTMT Rusiyaya bağlı qurumdur. Hal-hazırda Rusiyanın adından Azərbaycana hədə gəlmək üçün Ermənistan rəhbərliyinə imkanlar yaradır. KTMT adı ilə S.Sərkisyan həm də öz xalqını aldadır, işğalçılıqda maraqlı edir. Ermənistan KTMT-nin üzvüdür. KTMT-nin üzvü olmaq işğalçı olmaq deyil. Ermənistan KTMT-nin siyasi və hərbi təhlükəsizlik sistemini özünün işğalçılığının davamı üçün istifadə edir. Azərbaycan isə MDB-nin üzvüdür. Beləliklə, bu qurumun təhlükəsizlik sisteminin tərkib hissəsidir. KTMT ilə MDB-nin təhlükəsizlik sistemləri arasında elə də böyük fərq yoxdur. KTMT üzvü MDB üzvünə hansı şərt daxilində hücum edə biləcəyini bu qurumların rəhbərləri izah etməlidirlər. KTMT üzvü Qırğızıstanla, MDB üzvü Özbəkistanın sərhədində yaranmış hərbi insident təhlil üçün ciddi material verir. Özbəkistandan fərqli olaraq Azərbaycan MDB-nin bütün təhlükəsizlik sisteminin tam iştirakçısıdır. Digər tərəfdən Dağlıq Qarabağ beynəlxalq hüquq normalarına görə, Azərbaycanın tərkib hissəsidir. Azərbaycan Dağlıq Qarabağ uğrunda müharibə aparır. Beynəlxalq əlaqələrə can atan KTMT Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməməlidir.
Rusiya Suriya və İraq da daxil olmaqla Yaxın Şərq regionu dövlətlərində ərazi bütövlüyü prinsipini müdafiə edəcəyini bəyan edib. Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməyə cəsarəti çatmayan Rusiyanın bu addımı Yaxın Şərq ölkələrində ciddi şübhə yaradacaq.
RF Xarici İşlər Nazirliyi fevralın 4-dən etibarən ikili oyuna başlayıb. Dağlıq Qarabağ münaqişəsinin qızışdırılmasında kənar oyunçu axtarır. Bu aşkar şəkildə V.Putinin mövqeyini ermənilərə doğru dəyişməyə yönəlib. RF XİN-i S.Lavrov keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ müharibəsi kontekstindən Ankaranın mövqeyinə normal münasibət bildirdi. Amma bir neçə saat sonra ABŞ dövlət katibi C.Kerri ilə telefonla danışarkən Dağlıq Qarabağ münaqişəsi regionunda son gərginliyin yaranmasında kənar oyunçu axtarmağa başladı. Rusiya mətbuatının yazdığından bu kənar oyunçunun Türkiyə olduğu başa düşülür. Yox əgər S.Lavrovun əvvəlki mövqeyi nəzərə alınsa, demək RF İranı nəzərdə tutur. Qəribə məntiq alınır. RF bütün parametrlərinə görə, Ermənistandan dəfələrlə güclü olan Azərbaycanı Ermənistandan zəif hesab edir. Bu Rusiyanın Azərbaycana olan mövqeyinin təhtəlşüuru kimi başa düşülə bilər. Azərbaycan təkcə Türkiyə və İranla deyil, həm də Rusiya ilə də qonşudur. Amma erməni təxribatının qabağında Azərbaycan tək dayanıb. Müharibəni təkbaşına aparır. Türkiyə və İran bu müharibədə Azərbaycana kömək etmir.
Rusiyanın aparıcı mətbu orqanları, xüsusilə RİA Novosti yalnız üzdə obyektiv görünürlər. Reallıqda Ermənistan dövlətinin tərkib hissəsi kimi Ermənistana siyasi, geosiyasi dəstəklə məşğuldur. RİA Novosti Dağlıq Qarabağı yatıb yuxusunda görməyən təşkilatları da ayıldır. Qarabağa humanitar yardımlar toplamaqla məşğuldur. İmperiyası olan xalqlar içərisində rus xalqı milli mətbuatı olmayan yeganə xalqdır. RF mətbuatı ermənilərin əlindədir. Rusiyanın ictimai-siyasi mühiti bununla hesablaşır.
Ermənistan təkcə Belarusa deyil, həm də beynəlxalq hüquq prinsiplərinə qarşı çıxdı
Dağlıq Qarabağ münaqişəsi regionunda Ermənistanın təxribatı ilə başlayan müharibənin ilk dövrlərində reaksiya verən dövlətlərdən biri Belarus oldu. Belarus prezidenti A.Lukaşenko Azərbaycan və Ermənistan prezidentləri ilə telefonla danışdı və tərəfləri dinc danışıqlar stolu arxasına dəvət etdi. A.Lukaşenlo Ukraynadakı barışdırıcı missiyasında ciddi uğur əldə etmiş liderdir. 16 saat müddətinə çəkən danışıqlardan sonra “Minsk-2” sənədinin imzalanması məhz A.Lukaşenkonun şəxsi bacarığının nümayişi idi. Belarus Ermənistanın AİB və KTMT üzrə müttəfiqidir. Amma o ədalət prinsipini qoruyub saxlayıb. Ona görə, A.Lukaşenko Minsk şəhərində Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı yekun danışıqların aparılmasını və yekun sənədin imzalanmasında maraqlıdır. Belarusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi regionunda baş verənlərə dair yaydığı bəyanatda dövlətlərin ərazi bütövlüyü və dövlət suverenliyi ideyası əsasında bu münaqişənin tənzimlənməsini bildirdi. Ermənistan rəhbərliyi buna dərhal reaksiya verdi. KTMT üzvü ərazi bütövlüyü və dövlət suverenliyi prinsipini müdafiə edə bilməz. Bu Ermənistanın anlamında olan KTMT-dir. KTMT yalnız işğalçı olmalıdır və ya işğalçılığa dəstək verməlidir. Belarus prezidenti A.Lukaşenko hələ Dağlıq Qarabağ regionunda müharibə başlanmazdan əvvəl Ermənistanın AİB-ə problem yaratmasından narahat idi.
Belarus prezidenti A.Lukaşenko AİK sədri T.Sərkisyanla görüşdə maraqlı fikirlər səsləndirdi. O, AİB-in təkmilləşməsini, Aİ-dən heç də pis olmayan ittifaq yaradılmasının tərəfdarıdır:
“Geriyə yol yoxdur. Bizdə və bizim milli sərhədlərimizdə bazarların, kapitalın, işçi qüvvəsinin azad olması çox zəruridir. Bizim milli problemlərimiz ümumi maraqlarımızın inkişafına və qarşımızda duran məsələlərin həllinə maneçilik etməməlidir”.
Qeyd: A.Lukaşenkonun bu fikirləri birbaşa Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana qarşı yönəlib.
ABŞ Rusiyaya qarşı təzyiqlərin yeni variantını hazırlayıb
Avropa banklarına Rusiyaya investisiya qoymaq qadağan edilib. Eləcə də banklara Rusiyanın dövlət istiqraz vərəqələrini yerləşdirmək qadağan edilib. Hər iki fikir Aİ və bank rəhbərliyi tərəfindən inkar edilsə də bunu yaxın gələcək həqiqət olacağını göstərəcəkdir. Çünki ABŞ-ın Rusiyaya qarşı bütün təzyiqləri bu formada başlayır. B.Obama Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il müddətinə uzatdı. ABŞ Rusiyanın Suriya mövzusunda əvvəlki səsləndirdiyi neqativ fikirlərdən imtina etməsi göz qabağındadır. C.Kerri Rusiyanı İran və Suriya məsələsində ABŞ-ın müttəfiqi adlandırdı. Amma eyni zamanda C.Kerri bildirdi ki, Rusiyaya sanksiyalar Suriyaya görə deyil, Ukraynaya görə tətbiq edilib.
ABŞ Dövlət Departamenti: Bəşər Əsəd siyasi keçid çərçivəsində vəzifəsini tərk etməlidir. ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, Dəməşq və Hələbdə Suriyanın hökumət və müxalifət qoşunları toqquşublar.
ABŞ ordusunun zəif olması ilə bağlı məlumatlar getdikcə geniş yayılır.
Prezidentliyə namizəd Donald Tramp NATO-nu ABŞ-ın çoxlu pul xərclədiyi köhnəlmiş struktur adlandırdı. D.Trampın fikrincə, ABŞ-ın eyni vaxtda həm İŞİD-ə, həm də B.Əsədə qarşı mübarizə aparması idiotizmdir.
Koreya Xalq Demokratik Respublikasının davranışı ABŞ üçün təhlükədir. Hətta bu ölkənin mətbuatında ABŞ-a nüvə başlıqlı raket zərbələri endirməsi planları barədə məlumatlar yayılır. ABŞ Koreya Xalq Demokratik Respublikasına qarşı addımlar atmaq barədə fikirləşir. Ona görə, Koreya Xalq Demokratik Respublikasının məsələsi son dövrlərdə ABŞ-la Rusiyanın gündəliyinə daxil edilib. Məhz bu mövzu Rusiya ilə üzün müddətli düşmənçilik etməyə ABŞ-a imkan verməyəcək. Koreya Xalq Demokratik Respublikası ABŞ-a raket zərbələri endirmək məsafəsində yerləşir. Yaponiya və Cənubi Koreyanın ABŞ-ın Koreya Xalq Demokratik Respublikası üzrə siyasətini dəstəklədiyi halda, Çin Koreya Xalq Demokratik Respublikasının mövqeyini dəstəkləyir.
Cənub Şərqi Asiyada yaranmış belə vəziyyət Rusiyanın mövqeyini ABŞ üçün alternativsiz mövqeyə çevirir. Ona görə, ABŞ yaxın vaxtlarda Rusiyaya qarşı siyasətini dəyişdirmək məcburiyyətindədir. ABŞ dövlət katibi C.Kerri Moskvaya səfər edərək rusiyalı həmkarı S.Lavrov və RF prezidenti V.Putinlə üst-üstə 8 saatlıq görüş keçirdi. Hər iki görüş zarafatla başladı. S.Lavrovla görüşdə ilk zarafatın müəllifi C.Kerri olduğu halda, Rusiya prezidenti ilə görüş Putinin C.Kerrini öz əlində iri keys (çanta) gəzdirməsi barədə fikirlə başladı. Putinin fikrincə, C.Kerri iri keysin içi dolu pulla dolu olduğu üçün köməkçilərinə vermir. Bir keys pulu isə gətirməkdə məqsədi Rusiya ilə alver etməkdir. V.Putin Kerrini inandıra bildi ki, çətin vaxtlarda ABŞ və Rusiya dil tapa bilirlər. Bu strateji yanaşmanın iki yozumu ola bilər. Birincisi, V.Putin ABŞ-ın yaxın vaxtlarda çətin vəziyyətə düşəcəyini hesablayıb, o cümlədən çətin vəziyyətin Koreya problemi ilə əlaqəli olduğunu bilir. Bu məsələdə ABŞ-a kömək etməyə hazır olduğunu bəyan edir. Təbii ki, qarşılığında ABŞ Rusiyaya qarşı bütün siyasi və iqtisadi düşmənçiliyini dayandırmalıdır. İkinci yozum isə “mehriban düşmən” və ya “Ribbentrop-Molotov” paktına uyğun siyasət davam edir. Hər iki halda Rusiyanın uğur qazanacağı daha çox ehtimal ediləsidir. Ən azı indiki obyektiv reallıqlar ABŞ-a Rusiyanı üstələməyə imkan vermir:
a) V.Putin uduş mövqeyindədir.
b) ABŞ-da prezident seçkiləri kampaniyasında V.Putini cilovlayacaq heç bir ideya gündəliyə gətirilməyib. Amma vaxtaşırı V.Putinin üstünlüyü qeyd edilir.
c) ABŞ-ın geosiyasi, geoiqtisadi və hərbi resursları azalma trendinə malikdir. Ona görə, ABŞ məğlub olmaq istəmirsə, Rusiya ilə müttəfiqlik kursunu götürməlidir.
Dağlıq Qarabağın statusunun müəyyən olunmasında ABŞ-ın mövqeyi aydınlaşır
Dağlıq Qarabağın statusu daha əhatəli şəkildə Helsinki Yekun Aktının üç prinsipi əsasında müəyyənləşəcəkdir. ABŞ Dövlət Departamentinin sözçüsü Ermənistanın İctimai televiziyasının müxbirinin sualına cavab verərkən bu mövqeyi ortalığa qoydu. Bir neçə vacib diqqətçəkən məqam:
- ABŞ-ın fikrincə, Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağ erməniləri müəyyən etməyəcəkdir. Geniş əhatə və ya dairə dedikdə, Dağlıq Qarabağ erməniləri ilə yanaşı Dağlıq Qarabağ azərbaycanlıları başa düşülür. Amma geniş əhatə termini Ermənistanı və Azərbaycanı da əhatə edə bilər.
- Helsinki Yekun Aktının hər üç prinsipi həm ayrı-ayrılıqda, həm də birlikdə ermənilərin mövqelərinə şərait yaratmır:
a) Güc tətbiq etməmək və ya güc tətbiqi ilə hədələməmək prinsipi Dağlıq Qarabağ münaqişəsinin təkcə bu gününə deyil, bütün tarixinə aiddir. Ermənilər güc tətbiq etməklə Azərbaycanın ərazi bütövlüyünü pozublar. Güc tətbiq etməmək prinsipi işləyəcəksə, bu işləmənin ilk addımı ermənilərin güc tətbiqinin əlamətlərini aradan qaldırmaq olmalıdır.
b) Ərazi bütövlüyü prinsipi barədə ermənilərin əsas arqumenti guya indi baş verənlərin Azərbaycanın ərazi bütövlüyü prinsipinə aid olmamasıdır. S.Sərkisyan ABŞ-da keçirdiyi görüşlər zamanı bu fikri bir daha təkrarladı. S.Sərkisyanın bu fikri ağ yalandır. S.Sərkisyanın və Ermənistanın hakim elitasının savadsızlığının əlamətidir. Həm də görünür, S.Sərkisyan öz ətrafında elə mühit yaradıb ki, ona heç kim həqiqəti deyə bilmir. Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması ilə bağlı S.Sərkisyanın tarixi bilikləri qüsurludur:
- Dağlıq Qarabağ Azərbaycanın tərkibində erməni əhali arasında keçirilən rəy sorğusu əsasında qaldı. 1923-cü ilin payızında bir neçə mübahisəli müzakirələrdən sonra referendum keçirildi və “Dağlıq Qarabağ kəndliləri” Azərbaycanın tərkibində qalmağa səs verdilər.
- Stalin tamamilə ermənilərin tərəfində olub. Hətta erməni mətbuatında indiki dövrdə açıqlanan məlumatlar bunu təsdiq edir. Lenindən fərqli olaraq Stalin Atatürk ilə düşmənçilik kursunu seçdi. Stalinin əlində Türkiyəyə zərbə vurmaq üçün ən böyük vasitə SSRİ-nin daxilindəki ermənilər idi. Stalin ermənilərdən ABŞ və İrana qarşı casusluqda da istifadə edirdi. Ermənistan Apostol kilsənin başçısı I Vazgenin və ümumilikdə Erməni Apostol kilsəsinin həmin dövrdəki fəaliyyəti tədqiq olunduqca Stalinin ermənilərə nə qədər yaxın olduğu bəlli olar. Azərbaycanlılarla məskunlaşmış Zəngəzuru Ermənistanın tərkibində saxlamaqda Stalinin Türkiyəyə qarşı düşmənçiliyindən irəli gəlirdi. Dağlıq Qarabağ erməniləri arasında referendum keçirildiyi halda Zəngəzurda azərbaycanlılar arasında referendumun keçirilməsi heç gündəliyə daxil edilmədi. Ona görə, «Stalin Qarabağı Azərbaycana verdi» arqumenti siyasi köpükdən başqa bir şey deyil.
- SSRİ dağıldıqdan sonra keçmiş sovet respublikaları BMT-yə üzv qəbul edilərkən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi daxil oldu. Bunu S.Sərkisyan daxil olmaqla bütün Ermənistan elitası bilir.
- Xankəndi aeroportunun rəhbəri D.Atbaşyan yaxınlarda Dağlıq Qarabağa uçuşların icazə verilməməsinə aydınlıq gətirdi. Beynəlxalq hüquq normalarına görə, Dağlıq Qarabağ ərazisi, eləcə də onun hava məkanı Azərbaycana məxsusdur.
c) Helsinki Yekun Aktının sıra nömrəsinə görə səkkizinci prinsipi xalqların bərabərliyi və öz müqəddəratını təyin etmə prinsipi adlanır. Sadəlik xətrinə bu millətlərin öz müqəddəratını təyin etmə prinsipi adlanır. Bizim ictimai-siyasi mühit bu terminin adını sənəddə yazıldığı kimi işlətsə daha düzgün olar. Dağlıq Qarabağ münaqişəsinə bu prinsipin tətbiqi mümkün deyil. Çünki “Dağlıq Qarabağ ermənisi” adlı xalq, millət və etnik qrup mövcud deyil. Amma əgər tətbiq olunursa burada Azərbaycan üçün qorxulu heç nə yoxdur. Bu prinsipin tələbinə görə, xalqlar öz müqəddəratını təyin edərkən üç parametri nəzərə almalıdır:
1. Xalqların bərabərliyi və öz müqəddəratını təyin etmə prinsipinin reallaşması digər xalqlarla qarşıdurmaya, nifaqa imkan verməməlidir.
2. Bu prinsipin reallaşması xalqlar arasında əlaqələrin qurulmasına və inkişafa xidmət etməlidir. Ermənistanın rəhbərliyi bu günədək Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağ azərbaycanlıları ilə təmasına qadağa qoyub. Bu, Ermənistan tərəfindən Helsinki Yekun Aktının 8-ci maddəsinin inkar edilməsi anlamındadır.
3.Xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyin etmə prinsipinin reallaşması beynəlxalq hüququn prinsiplərinin pozulmasına imkan yaratmamalıdır. Başqa sözlə, Helsinki Yekun Aktının 8-ci prinsipi ərazi bütövlüyü prinsipini poza bilməz. Ümumiləşdirək, Azərbaycan və ya ATƏT MQ bu üç prinsipin hər birisini ayrı-ayrılıqda əsas götürərək tənzimləmə variantı hazırlayıb Ermənistana təqdim edə bilər. Bu nə qədər tez olsa, bir o qədər yaxşıdır.
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan Prezidentinin IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak məqsədi ilə ABŞ-a səfəri zamanı ABŞ rəsmiləri ilə keçirdiyi görüşlər və bu görüşlərdə ABŞ rəsmilərinin səsləndirdiyi fikirlər belə nəticə çıxarmağa əsas yaradır. Amma hər şey bir az öncə başlamışdı. ABŞ Azərbaycan Prezidentinə nüvə sammitinə dəvətnamə göndərdikdən sonra ABŞ-ın nümayəndə heyətləri Azərbaycanda oldu. Bu dövr ərzində ABŞ Azərbaycanın daxili həyatına dair heç bir neqativ bəyanat vermədi. Müsbət addımları, o cümlədən əfv fərmanlarını alqışladı. Dağlıq Qarabağ tənzimlənməsində Uorlikin atdığı antiazərbaycan addım əks-effekt yaratdı. ABŞ-ın dövlət rəsmiləri, o cümlədən Dövlət Departamenti Dağlıq Qarabağla əlaqəli Azərbaycanın maraqlarına uyğun bəyanatlar verdi. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta işğal olunmuş ərazilər terminini işlətdi.
Səfər zamanı dövlət katibi C.Kerri Azərbaycan Prezidenti ilə görüşərkən Azərbaycanın mövqeyinə xüsusi önəm verdi.Azərbaycanın enerji layihələri, Avropanın təhlükəsizliyindəki rolu daha çox dəyərləndirildi. Amma əsas dəyişiklik Dağlıq Qarabağ tənzimlənməsi məsələsində oldu. ATƏT MQ həmsədrlərinin Dağlıq Qarabağ tənzimlənməsinə dair sloqana və ya bekqraunda çevirdiyi “dinc yolla tənzimlənməlidir” ifadəsinin məzmunu və mahiyyəti dəyişdirildi. Həmsədrlər bu sloqanı bu vaxtadək elə tətbiq edirdilər ki, vurğu “dinc” sözünün üstündə idi. Bu isə Ermənistan üçün xilas kəməri rolunu oynayırdı. Dinc yolla tənzimlənmə üçün tərəflərin, o cümlədən Ermənistanın razılığı zəruridir. ATƏT MQ konsensus prinsipi ilə işlədiyi üçün Ermənistana təzyiq etmək mümkün deyildi. İndi Kerri vurğunu “tənzimləmə” üzərində qoydu. Dağlıq Qarabağ münaqişəsinin “tənzimlənməsinə” ciddi ehtiyac var. Bu danışıqlar vasitəsilə baş verməlidir. Kerriyədək tənzimlənmə sözünün əvvəldə “dinc” və ya “danışıqlar vasitəsilə” termini isə ikinci sırada göstərməklə amerikalı həmsədr Uorlik münasibət bildirmişdir. “Amerikanın səsi” radiostansiyasına verdiyi müsahibədə o, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən söz açdı. Fransa və Almaniya XİN-nin təmsilçiləri də buna bənzər bəyanat verdilər. Beləliklə, Kerri Dağlıq Qarabağ tənzimlənməsini ön plana çıxardı. Tənzimlənmənin variantı və metodu isə ikincilidir. ATƏT MQ həmsədrlərinin AŞPA-dakı iflası fikrimizin irəliləyib həmsədrlərə çatmasını daha da sürətləndirdi. Hər halda bizim ehtimalımız belədir. Bu artıq Dağlıq Qarabağ münaqişəsinin diplomatik tənzimlənməsində dönüş mərhələsinin başlanğıcıdır. Ermənistan ictimaiyyəti beynəlxalq aləmin dinc tənzimlənmədən uzaqlaşdığını anlayan kimi panikaya düşəcəkdir. ABŞ-ın vitse-prezidenti C.Bayden Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinə ABŞ adından qətiyyətli dəstək bildirdi. Bunun ABŞ üçün mühüm olduğunu bildirdi. C.Baydenin Prezident İ.Əliyevlə görüşündə səsləndirdiyi bu fikrin iki vacib parametri var. Birincisi, C.Bayden vitse-prezident postunda əvvəlki vitse-prezidentlərdən daha səlahiyyətlidir. Rusiyanı çıxmaq şərti ilə bütün Avrasiya məkanında baş verənlərin birbaşa kuratoru odur. İkincisi, “qətiyyətli” və “ABŞ üçün mühüm əhəmiyyətə malikdir” terminləri ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə və dövlət suverenliyinə verdiyi dəstəyi simvolik və ya etiket xətrinə verilmiş dəstək olmadığını göstərir. C.Baydenin Ukrayna, Gürcüstan və Türkiyə məsələləri ilə daha çox məşğul olduğunu nəzərə alsaq, bəlli olur ki, Azərbaycanın ərazi bütövlüyünə və dövlət suverenliyinə dəstək ABŞ-ın geosiyasi ehtiyacından irəli gəlir. Azərbaycan MDB məkanında ən aparıcı dövlətlərdən biridir, Cənubi Qafqazın lider dövlətidir. Azərbaycan Rusiya və İranın qonşuluğunda yerləşir. Hal-hazırda ABŞ-ın Avrasiya üzrə geosiyasi kələfi Azərbaycanın qonşuluğundan keçir. Bu baxımdan ABŞ-ın Azərbaycanla münasibətdə bunları nəzərə almaması qeyri-mümkündür.
Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə qrup konqresmenlə keçirdiyi görüşlərin də əsas konteksti Dağlıq Qarabağ tənzimlənməsidir. Amma indiki halda Dağlıq Qarabağ tənzimlənməsi fərqli kontekst də əldə edə bilər. İ.Əliyev Dağlıq Qarabağ həqiqətlərini konqresmenlərə qəbul etdirə bilsə, bu Ermənistan üçün ciddi itki olacaqdır. Konqres bizim regiona aid bütün məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyəcək. Beləliklə, Qarabağ məsələsi üzərində qurulan inam yaratma prosesi digər mövzulara da sirayət edə və çox uzun müddətli ola bilər. Digər görüşlər təkcə ümumi fon yaratmaq üçün deyil, konkret məzmuna malikdir.
ABŞ-ın rəsmi dövlət strukturlarını Azərbaycana münasibətini belə qruplaşdırmaq olar: Ağ ev və ya prezident administrasiyası Azərbaycanın tərəfindədir. ABŞ Dövlət Departamenti iki hissəyə bölünür. Kiçik hissə Azərbaycanı, böyük hissə isə Ermənistanın mövqeyini dəstəkləyir. ABŞ konqresi isə sırf ermənipərəst mövqedədir. Prezident İ.Əliyevin keçirdiyi görüşlərdən sonra ABŞ Dövlət Departamentində Azərbaycanın mövqeyini dəstəkləyənlərin sayı artacaq. ABŞ konqresində isə erməni dəstəkçilərinin sayı isə azalacaqdır. Ən az 3 gün ərzində Havay ştatının Dağlıq Qarabağın müstəqilliyini tanımasına bildirdiyi iki münasibət bunu deməyə əsas verir. Dağlıq Qarabağın müstəqilliyini tanıyan bu ştatın nümayəndə palatası üç gündən sonra Azərbaycan xalqından rəsmən üzr istədi. Qətnamə qəbul olarkən proseduraların pozulduğunu bildirdi. Bu isə həmin qətnamənin yaxın günlərdə ləğvinin gündəliyə gəlməsi anlamındadır.
Rusiyanın Azərbaycana münasibəti daha bir sınaqdan uğurla çıxdı
RF baş nazirinin müavini Dmitri Roqozin Bakıya qəfil səfər etdi. Kremlə yaxınlığı ilə seçilən mətbu orqanları Rusiya və Azərbaycan arasında silah müqavilələrinin pulunu ödənilməsində problem yarandığı barədə məlumat yaydılar. Lakin sonradan bəlli oldu ki, problem silah müqavilələrinin şərtlərinin Rusiya tərəfindən pozulmasındadır: Rusiyanın Azərbaycana göndərdiyi silahların bir qismi müqavilədə razılaşdırılmış parametrlərə uyğun deyil. Rusiyada MDB üzrə silah müqavilələrinin kuratoru olan F.Biryulin V.Putinin əmri ilə işdən azad edildi. Azərbaycana silah göndərilməsində problemin olmasını prezident V.Putin keçirdiyi müşavirədə bildirdi. F.Biryulin Ermənistana xüsusi yaxınlığı ilə seçilən RF məmurlarındandır. Son vaxtlar Ermənistan rəsmilərinin Rusiyanın Azərbaycana silah satması barədə fikirlər bildirərkən bəyanatlarının tonunun dəyişməsi də rəsmi Yerevanın bu məsələdən xəbərdar olduğunu göstərir. Azərbaycanın XİN E.Məmmədyarov “Kommersant” qəzetinə açıq şəkildə bildirdi ki, problem maliyyələşmədə deyil, Rusiya tərəfdən müqavilə şərtlərinin yerinə yetirilməməsindədir.
“Qazprom”un idarə heyətinin sədri, RF-in keçmiş baş nazirinin müavini V.Zubkov IV Qlobal Forumda iştirak məqsədi ilə Bakıda oldu. V.Zubkov indiki hakim komandada ən nüfuzlu şəxslərdən biridir. Ölkə Prezidenti İlham Əliyev onu qəbul etdi.
RF XİN-in müavini stats-katib Q.Karasin Bakıda Azərbaycan XİN rəhbəri E.Məmmədyarovla görüşdü. Əsasən Dağlıq Qarabağ problemi müzakirə edildi.
Dağıstanda “Sadval” ləzgi hərəkatının lideri N.Hacıyevin deşilmiş, yaralı meyiti evində aşkarlandı. N.Hacıyevin separatçı hərəkatı əsasən Azərbaycandakı ləzgilər üzərində qurulmuşdu. Son dövrlərdə onun fəaliyyətində heç bir aktivlik yox idi. Ləzgi separatçılığı ilə Federal Ləzgi Milli Mədəni Muxtariyyəti məşğul olurdu. Bu qurumun rəhbəri Arif Kərimov ermənilər vasitəsilə hətta beynəlxalq təşkilatlara ayaq açmışdır. Ola bilər Rusiyada müəyyən qüvvələr A.Kərimovun fəaliyyətini zəiflətmək məqsədi ilə “Sadval”ın fəaliyyətini gücləndirməkdə maraqlı olsun. Bu isə A.Kərimovun xoşuna gəlməyə bilər.
1news.az