İtaliya Prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyətlə bağlı məlumatlandırılıb
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin Prezidenti Sercio Mattarellaya təqdim edib.
1news.az-ın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, səfir Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidentinə salamlarını və xoş arzularını çatdırıb.
Prezident Sercio Mattarella da öz növbəsində salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırmağı xahiş edib. O, Prezident İlham Əliyevin ötən il İtaliyaya səfəri çərçivəsində onunla keçirdiyi görüşü məmnuniyyətlə xatırladığını deyib.
Görüşdə Azərbaycan Prezidentinin 2014-cü ildə İtaliyaya rəsmi səfəri zamanı iki ölkənin hökumətləri arasında qəbul olunmuş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin önəmi vurğulanıb. Azərbaycan və İtaliya arasında strateji əməkdaşlıq, həyata keçirilmiş yüksək səviyyəli səfərlər, bütün sahələrdə, o cümlədən iqtisadi, enerji, qeyri-neft sektorlarında əməkdaşlıq, ölkəmizin müxtəlif sektorlarında italyan şirkətlərinin fəaliyyəti, “Cənub Qaz Dəhlizi” və TAP layihələri barədə danışılıb. Azərbaycanın Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələr, bu xüsusda həyata keçirilən layihələr barədə söz açan diplomat ölkəmizin İtaliya şirkətləri üçün ətraf bazarlara çıxmaq istiqamətində önəmli qapı olduğunu qeyd edib.
Səfir Azərbaycanın multikulturalizm modeli, mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq haqqında danışıb, BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçiriləcəyini xatırladıb. O, Azərbaycan mədəniyyətinin İtaliyada təbliği, İtaliyanın tarixi-mədəni irsinin qorunması üçün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbir və layihələrdən, habelə Milan Expo və Venesiya Biennallesi kimi dünya əhəmiyyətli tədbirlərdə ölkəmizin uğurlu iştirakından bəhs edib.İtaliya Prezidenti ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıqdan məmnunluğunu bildirib, bu xüsusda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səylərini yüksək qiymətləndirib.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan tərəfinin təxribatı nəticəsində yaranmış son vəziyyət barədə də fikir mübadiləsi aparılıb. Azərbaycan diplomatı mövcud vəziyyət, həmçinin münaqişə ilə əlaqədar ətraflı məlumat verib. O, münaqişənin tezliklə həlli üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərməsinin vacibliyini bildirib, bu xüsusda İtaliya tərəfinin Ermənistanın hərəkətlərini pisləməsinin və Ermənistandan BMT qətnamələrinə əməl etməyi və öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb etməsinin əhəmiyyətli olacağını vurğulayıb.
İtaliya Prezidenti mövcud vəziyyətlə bağlı ölkəsinin narahatlığını ifadə edib, münaqişənin tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd edib.
1news.az