Şahin Mustafayev İranın yol və şəhərsalma nazirinin müavinini qəbul edib
İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın yol və şəhərsalma nazirinin müavini, Dəmir Yolları Qurumunun prezidenti Mohsen Pur Seyid Ağayini qəbul edib.
1news.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi çərçivəsində Azərbaycan və İran arasında dəmir yollarının əlaqələndirilməsi sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb.
Ş.Mustafayev Azərbaycan və İran dövlət başçılarının siyasi iradəsinin, qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verdiyini, əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində uğurla davam etdiyini vurğulayıb: “Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi də ölkələrimiz arasında əməkdaşlığın inkişafına, tranzit potensialının daha da genişlənməsinə yeni imkanlar yaradır. Hazırda Prezident İlham Əliyevin 23 fevral tarixində İrana rəsmi səfəri çərçivəsində imzalanan müvafiq sənədə uyğun olaraq, Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisinə başlanmasına hazırlıq işləri görülür”.
İranın yol və şəhərsalma nazirinin müavini Mohsen Pur Seyid Ağayi Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsinin iqtisadi əməkdaşlığın, xüsusilə yükdaşımalar və ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini qeyd edib.
1news.az