Prezident İlham Əliyev “AITF-2016” XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev “AITF-2016” XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub

11:54 - 08 / 04 / 2016
Prezident İlham Əliyev “AITF-2016” XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2016” XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2016” X Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və xanımına məlumat verdi ki, 2002-ci ildə təməli qoyulan “AITF” sərgisi bu il 15-ci yubileyini qeyd edir.

“AITF-2016” sərgisində turizmin müxtəlif istiqamətlərini təqdim edən 200-dən artıq şirkət iştirak edir. Belarus, Çexiya, Gürcüstan, Dominikan, Hindistan, Xorvatiya, İndoneziya, İran, İspaniya, Monteneqro, Rusiya Federasiyasının Stavropol vilayəti, Tailand, Türkiyə və Yurmala öz ölkə və regionlarının turizm potensialını və koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədilə sərgidə pavilyonlarla çıxış edirlər. Bundan başqa, sərgidə ABŞ, İordaniya, İsveçrə, İtaliya, Latviya, Maldiv adaları, Rusiya, Sloveniya, Ukrayna, Yunanıstan və digər dövlətlərdən şirkətlər isə fərdi stendlərlə təmsil olunaraq xidmət və məhsullarını təqdim edirlər.

“AITF-2016” sərgisində Azərbaycanın turizm imkanları da geniş təqdim olunur. Gəncə, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan və digər rayonlar respublikamızın turizm potensialını nümayiş etdirir. Sərgidə qonaqları regionun tarixi-mədəni irsi ilə tanış edən ənənəvi Qarabağ stendi də təqdim olunur.

Sonra dövlətimizin başçısı və xanımı Bakıda turistlər üçün şəhər turlarında istifadə ediləcək avtobusa və mikroavtobusa baxdılar.

Prezident İlham Əliyev sərgilərin işinə uğurlar arzuladı.

1news.az

Paylaş:
838

Son xəbərlər

Bütün xəbərlər