Azərbaycanın rus icması: “Biz, Vətənimiz Azərbaycana qarşı dünya siyasətində geniş yayılmış ikili standartların tətbiq edilməsinə qətiyyətlə etiraz edirik”
“Artıq 25 ildən çoxdur ki, müstəqil və suveren Azərbaycan Respublikasının ərazisi Dağlıq Qarabağda heç kim tərəfindən tanınmayan separatçı rejim yaradan Ermənistanın cinayətkar rəhbərliyinin təhriki ilə silahlı münaqişə davam edir”.
1news.az-ın verdiyi xəbərə görə, bu sözlər Azərbaycanın Rus İcmasının yaydığı bəyanatda qeyd olunur.
Bəyanatı diqqətinizə çatdırırıq:
“İllərlə beyinlərə yeridilən fanatizm, Ermənistanın təcavüz və iddiaları sağlam zəkaya üstün gəlib. Bunun nəticəsində yüz minlərlə azərbaycanlı öz torpaqlarından qovulub, Xocalı faciəsi baş verib, dinc sakinlər vəhşicəsinə öldürülüb, Azərbaycanın milli sərvətləri və tarixi abidələri barbarcasına məhv edilib.
ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar prosesi nəticəsiz, Azərbaycanın ərazi bütövlüyünü tanıyan BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı birləşmələrinin qeyd-şərtsiz çıxarılması haqqında dörd qətnaməsi hələ də icra olunmamış qalır. Bu, həmin beynəlxalq təşkilatların nüfuzuna ciddi zərbədir və Ermənistanın bütün beynəlxalq birliyə meydan oxumasına şərait yaradır.
Lakin Azərbaycan xalqının səbri sonsuz deyil! Erməni işğalçı qoşunlarının təmas xəttində törətdiyi gündəlik təxribatlar, nəhayət, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin dağıdıcı cavabını alıb və “böyük Ermənistan” mifini dağıdıb.
Azərbaycanın rus vətəndaşları Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il aprelin 2-də Təhlükəsizlik Şurasındakı çıxışında verdiyi bəyanatı hamılıqla dəstəkləyir: “Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə, onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq”.
Ötən əsrin 90-cı illərində erməni işğalçıları ilə mübarizədə ruslar azərbaycanlı qardaşları ilə çiyin-çiyinə Azərbaycanın ərazi bütövlüyünü müdafiə ediblər, onların bir çoxu Azərbaycanın Milli Qəhrəmanı olub, ölümlərindən sonra orden və medallarla təltif ediliblər. Elə indi də döyüşməyə və Azərbaycan sərhədlərinin toxunulmazlığını qorumağa hazırdırlar.
Milliyyətçi, monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanın çoxmillətli xalqı həmişə tolerant olub, multikulturalizmin yüksək səviyyəsi ilə seçilib. Burada əsrlərlə müxtəlif millətlərə və dinlərə mənsub insanlar öz adət-ənənələri və mədəniyyətləri ilə sülh və əmin-amanlıq şəraitində yaşayıb və indi də yaşayırlar.
Biz, Azərbaycanın rus əhalisi Vətənimiz Azərbaycana qarşı dünya siyasətində geniş yayılmış ikili standartların tətbiq edilməsinə qətiyyətlə etiraz edirik.
Amerika Birləşmiş Ştatlarının digər dövlətlər əleyhinə tez-tez tətbiq etdiyi sanksiya tədbirləri Azərbaycan ərazisinin 20 faizini işğal etmiş təcavüzkar Ermənistandan yan keçir.
Azərbaycanın rus icması vaxtilə özünün cənub hüdudlarında separatçılara və ekstremistlərə qarşı mübarizədə Rusiyanın hərəkətlərini dəstəkləyib. Bəs niyə tarixən Azərbaycana məxsus olan Dağlıq Qarabağ torpaqlarını qaytarmaq istəyəndə ona mane olurlar?
Biz bir çox siyasi xadimlərin düşündüyü kimi Qarabağ məsələsinin həllinin “açarı”nın yalnız Kremldə olmasını iddia etmirik. Lakin əminik ki, heç şübhəsiz, yüksək etimada, nüfuza və siyasi təsirə malik Rusiya BMT Təhlükəsizlik Şurasının əvvəllər qəbul etdiyi 4 qətnaməsinin həyata keçirilməsində sərtlik və prinsipiallıq nümayiş etdirməyə qabildir.
Biz ümid edirik ki, beynəlxalq təşkilatlar – BMT, ATƏT və onun Minsk qrupu, nəhayət, Azərbaycan xalqının ədalətli tələbini eşidəcək, Azərbaycan Respublikası ərazisindən işğalçı erməni hərbi birləşmələrinin çıxarılması haqqında qərar qəbul edəcək və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunu müəyyən edəcəklər”.
1news.az