Ləzgi icması: “Yüz illərin sınağından çıxmış bu birliyi heç bir təxribatla sarsıtmaq mümkün deyil”
“Son günlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən, mülki əhali arasında tələfata səbəb olan erməni təxribatı və Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsi bütün dünya ictimaiyyətinin diqqətini cəlb edib.
1news.az-ın verdiyi xəbərə görə, bu sözlər Azərbaycanda yaşayan ləzgi icmasının yaydığı bəyanatda qeyd olunur.
Bəyanatı diqqətinizə çatdırırıq:
“Ölkəmizə dəstək verən dövlətlərin çoxluğu buna əyani sübutdur. Hadisələrin gedişatında bütün dünya Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana məxsus olduğunu bir daha anladı.
İşğalçı ölkənin aprelin 1-dən 2-nə keçən gecə təxribatlara əl ataraq mövqelərimizi iriçaplı silahlardan atəşə tutması ona baha başa gəldi. Rəşadətli ordumuzun bir həmləsi ilə erməni işğalçılarının canlı qüvvə və texnika sarıdan böyük itkilər verməsi, Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı strateji əhəmiyyətli yüksəklikləri ələ keçirməsi düşmənin silahlarını ataraq, səngərləri boşaldıb qaçmasına səbəb oldu. Bu, ordumuzun qüdrətini, işğal altındakı torpaqları geri qaytarmaq iqtidarında olduğunu göstərdi. Lakin ölkəmiz regionda sülh istəyir. Ona görə də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında demişdir: “Biz sülh istəyirik, biz heç kəsin ölməsini istəmirik. Ermənilər bizim torpaqları zəbt ediblər. Onlar ölmək istəmirlərsə, qoy rədd olub öz torpaqlarına getsinlər”.
Sevindirici haldır ki, baş verən hadisələr zamanı gənclərimiz, Qarabağ əlilləri və veteranları, bütün xalqımız böyük ruh yüksəkliyi ilə ordumuza möhtəşəm dəstək nümayiş etdirdi. Hər kəs yekdilliklə Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin əmri olarsa, döyüşə hazır olduğunu bildirdi.
Belə ruh yüksəkliyi respublikamızın ləzgi ictimaiyyəti arasında da hökm sürür. Ləzgi gəncləri bu gün Azərbaycan əsgəri adını ləyaqətlə daşıyır, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri ilə birlikdə Vətəni qəhrəmancasına müdafiə edirlər. Qoy düşmənlərimiz gücümüzü bundan sonra da görsünlər və bilsinlər ki, Azərbaycan xalqlarının birliyi sarsılmazdır. Yüz illərin sınağından çıxmış bu birliyi və həmrəyliyi heç bir təxribatla sarsıtmaq mümkün deyil.
Bu gün bütün xalqımız Milli Ordumuzun cəbhədəki son uğurlarından ruhlanır, qürur hissi keçirir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında monolit birlik nümayiş etdirir. Əminik ki, tezliklə Qarabağ düşmən tapdağından azad ediləcək və biz, Böyük Qələbə sevincini yaşayacağıq”.
1news.az