Sumqayıt Dövlət Universitetinin kollektivinə AVCİYA-nın petisiya layihəsi ilə bağlı məlumat verilib – FOTO
Xəbər verdiyimiz kimi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 06.04.2016-cı il tarixində “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib.
1news.az-ın məlumatına görə, layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunub (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe).
Petisiyanın mahiyyəti ilə bağlı müxtəlif ali məktəblərdə görüşlər keçirilir, iştirakçılara məlumatlar verilir.
Aprelin 12-də bu qəbildən növbəti görüş Sumqayıt Dövlət Universitetində keçirilib.
Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov açıb.
AVCİYA-nın nümayəndəsi, tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı tədbir iştirakçılarına petisiya ilə bağlı məlumat verərək bildirib ki, petisiyadakı tələblər AŞPA-nın 2080 (2016) saylı qətnaməsində də nəzərdə tutulub.
M.Zülfüqarlı qeyd edib ki, bu petisiyada Azərbaycan ərazilərinin işğalı faktı növbəti dəfə qabardılır və işğal altındakı Sərsəng su anbarında baş verə biləcək hər hansı qəzanın ölkəmizin ərazisinin bir hissəsini ekoloji faciəyə məruz qoyacağı diqqətə çatdırılır.
AVCİYA-nın əməkdaşı Rüfət Muradov petisiyaya səsvermə qaydası ilə tədbir iştirakçılarını tanış edib və gəncləri bu prosesdə fəal olmağa çağırıb.
1news.az