Latviya səfiri deputat Sergey Potapkinin Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət bildirib
“Latviyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz qalır”.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs latviyalı deputat Sergey Potapkinin Dağlıq Qarabağa qanunsuz səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, S. Potapkinin Dağlıq Qarabağa səfəri şəxsi xarakterli olub və Latviyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ifadə etmir: “Latviya inanır ki, münaqişə yalnız beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanan sülh yolu ilə həll olunmalıdır. Latviya münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir. Latviya Xarici İşlər Nazirliyi təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması ilə bağlı narahatlığını ifadə edib, tərəfləri ədavəti dayandırmağa və atəşkəsi bərpa etməyə çağırıb”.
Səfir bildirib ki, Latviya və Azərbaycan yaxın tərəfdaşdırlar: “Əməkdaşlıq gündəliyimiz dinamikdir. Latviya Azərbaycanla açıq və konstruktiv siyasi dialoqu yüksək qiymətləndirir. Xarici işlər, iqtisadiyyat, səhiyyə, nəqliyyat, müdafiə nazirlərinin mütəmadi əsasda əlaqədə olması aramızdakı dialoqun intensivliyini sübut edir”.
1news.az