Robert Sekuta: "Azərbaycanın güclü, sabit ölkə olmasına kömək etmək istəyirik "
"Amerika tərəfindən biz Azərbaycanın güclü, çiçəklənən və sabit ölkə olmasına kömək etmək istəyirik. Hesab edirəm ki, bu, bizim, sizin və bütün Azərbaycanın istəyidir".
1news.az xəbər verir ki, bunu prezident İlham Əliyevin aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşü zamanı ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta deyib.
ABŞ və Azərbaycan uzun illərdir dostluq etdiyini qeyd edən səfir ABŞ-ın çətin məqamlarda Azərbaycanın yanında olduğunu və indi də ona yardım etmək istədiyini diqqətə çatdırıb.
"Bizim prezidentlərimiz - Obama, Corc Buş, Klinton, Reyqan uzun illərdir ki, belə bir biznes icmaları ilə dialoq aparırlar. Bəzi hallarda ümumi məsələlər, digər hallarda isə biznes icmasının qarşılaşdığı xüsusi problemlər müzakirə olunur.
Əlbəttə ki, energetika sektoru hər iki tərəf üçün və ümumiyyətlə, dünya miqyasında vacib sahədir. ABŞ şirkətləri Azərbaycanda təkcə istehsalat sahəsində yox, həmçinin xidmət və digər sahələrdə daha güclü rola yiyələnmək üçün başqa ölkələrdəki şirkətlərlə işləyirlər. Hesab edirəm ki, kənd təsərrüfatı, yüksək texnologiyalar və turizm sahələrində, habelə sizin qeyd etdiyiniz yeni sahələrin inkişafında biz sizə yardımçı ola bilərik.
Yəqin ki, bilirsiniz, 1992-ci ildən bəri ABŞ Azərbaycana müxtəlif xətlərlə 1,2 milyard dollardan çox yardım edib. Beləliklə, bizim diqqət yetirdiyimiz sahələrdən biri də sahibkarlığın və kənd təsərrüfatının inkişafıdır. Biz bu işin davam etdirilməsini səbirsizliklə gözləyirik. Hesab edirəm, bizim aşkar etdiyimiz əsas məsələ odur ki, özəl sektor bəzən bizə harada daha yaxşı fəaliyyət göstərdiyimizi, hansı sahələrə isə daha çox diqqət yetirilməsinə zərurət yarandığını yaxşı əks etdirir", - deyə o əlavə edib.
1news.az