Mehriban Əliyeva İstanbul Sammitində birinci xanımların iştirak etdiyi sessiyada çıxış edib - FOTO
Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti çərçivəsində “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiya keçirilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada iştirak edib.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı qarşıladı.
Sessiya müqəddəs “Qurani-Kərim”dən ayənin oxunması ilə başladı.
Sessiyanı açan Türkiyənin birinci xanımı Əminə Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII Sammitinin əhəmiyyətini vurğuladı və bu Zirvə görüşündə İslam ölkələrinin birinci xanımlarını görməkdən məmnun olduğunu dedi. Əminə Ərdoğan müsəlman cəmiyyətlərini maraqlandıran ortaq problemlərin mövcudluğunu bildirdi.
Türkiyənin birinci xanımı İslamın terrorla eyniləşdirilməsindən təəssüfləndiyini bildirərək, islamofobiyanın müsəlmanlara qarşı yönəlmiş təhlükəli addım olduğunu diqqətə çatdırıb. “İslam aləminin və insanlığın rifahı bizim səylərimizdən asılıdır”, - deyən Əminə Ərdoğan onu da vurğuladı ki, İslam dünyası malik olduğu potensialın fərqinə varmalı, müsəlmanlar öz dəyərlərini qorumaq üçün birləşməlidirlər.
Türkiyənin birinci xanımı “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiyanın keçirilməsinin əhəmiyyətindən danışdı, bu xəstəliklə mübarizənin bütün dünya üçün önəmli məsələ olduğunu bildirdi. Xərçəng xəstəliyinin qarşısının alınması və müalicəsinin mümkünlüyünü deyən Əminə Ərdoğan bu sahədə həyata keçiriləcək ilk tədbir kimi məlumat bankının yaradılması təşəbbüsünü irəli sürdü.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada çıxış edib:
“Hörmətli xanım Əminə Ərdoğan.
Hörmətli birinci xanımlar.
Hörmətli tədbir iştirakçıları.
Hörmətli dostlar, xanımlar və cənablar.
Əvvəla hər birinizi salamlamaq, sizə sağlamlıq və xoşbəxtlik diləmək istəyirəm.
Hörmətli Əminə xanım, ölkələrimiz üçün önəmli mövzuya həsr olunmuş sessiyanı təşkil etdiyinizə və bu tədbirdə iştirak üçün dəvətinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Qardaş türk torpağında, dostlar və həmkarlarım arasında yenidən olmağıma çox şadam.
Fürsətdən istifadə edərək, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xalqlarına dərin hörmətimi və ən xoş arzularımı çatdırıram.
Əziz dostlar, görüşümüzün məqsədi dünyanın ən ağır xəstəliklərindən biri olan xərçəng haqqında xalqlarımıza dolğun məlumatın verilməsidir. Mütəxəssislər xəstəliyin qarşısını almaq üçün onun erkən aşkar edilməsi istiqamətində səylər göstərir və müalicəsi üçün müxtəlif vasitələrdən istifadə edirlər. Baxmayaraq, bu problemlə bəşəriyyət uzun illərdir ki, üzləşib, bu günədək xəstəlik və onun müalicəsi haqqında bir çox yanlış fikirlər mövcuddur. Misal üçün, bir çox hallarda xərçəng xəstəliyi sırf tibb problemi kimi təsvir edilir. Digər hallarda, rəylər var ki, xərçəng əsasən yaşlı insanların xəstəliyi sayılır. Hesab olunur ki, insana qoyulan onkoloji diaqnoz – bir növ “ölümə məhkum edilməkdir”.
Müasir dünyada xərçəng xəstəliyi təkcə səhiyyənin yox, həm də sosial, iqtisadi, ekoloji sahələrin və hətta təhsilin problemidir. Bu xəstəlik bütün yaş qrupları, sosial-iqtisadi qruplar arasında, inkişaf etmiş və inkişaf edən ölkələrdə yayılır. Elmi təhlillər onu göstərir ki, düzgün və ümumi profilaktik strategiya qurulan halda xərçəng xəstəliyinin ən çox yayılmış növünün üçdəbir hissəsinin qarşısını almaq mümkündür. Əhali arasında onkoloji xəstəliklərin yaranma səbəblərinin aradan qaldırılması, ilkin diaqnostika, xəstəliyin düzgün profilaktikası və müalicəsi bu sahədə çalışan mütəxəssislərin diqqət mərkəzindədir.
Bununla bağlı işlər bu gün dəfələrlə qeyd olunduğu kimi, dörd əsas istiqamətdə həyata keçirilir - sağlam həyat tərzinin seçilməsi, xəstəliyin erkən aşkar olunması, hər bir xəstənin müasir müalicə üsulları ilə təmin edilməsi və ümumi həyat keyfiyyətinin yüksəldilməsi.
Azərbaycanda müstəqillik dövründə bu istiqamətdə mühüm addımlar atılıb. Ölkəmizdə müasir Milli Onkologiya Mərkəzi yaradılıb, regionda ilk dəfə olaraq Uşaq Onkoloji Klinikası açılıb. Biz xəstəliyin erkən diaqnostikası və müalicəsi üçün müasir avadanlıqdan istifadə yolu ilə xəstələrimizin müalicəsini təmin etmək istəyirik.
Respublikamızda onkoloqların nailiyyətləri böyükdür. Lakin onlar bütün dünyada olduğu kimi, bir çox hallarda bu xəstəlikdən əziyyət çəkən insanların əzabını bəzən ancaq yüngülləşdirə bilirlər. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanın rəsmi statistikasına görə, ölkədə insan ölümünün əsas səbəbləri arasında ikinci yeri onkoloji xəstəliklər tutur.
Yer kürəsində hər il 500 min insan bu xəstəliklə üzləşir. Çox hallarda diaqnoz xəstəliyin yalnız son mərhələlərində qoyulur və insanların həyatını xilas etmək olmur. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, yaxın 20 ildə bu xəstəlikdən əziyyət çəkən insanların sayının 50 faizdən çox artacağı gözlənilir. Məhz buna görə onkoloji xəstəliklər bütün bəşəriyyət üçün ən aktual problemlərdən biri olaraq qalır.
Əminəm, hər birimiz inanmaq istərdik ki, XXI əsrdə elmin inkişafı sayəsində əldə ediləcək yeni imkanlar və texnologiyalar onkoloji xəstəliklərin müalicəsində dönüş yaradacaq və milyonlarla insanın ölümünə səbəb olan bu xəstəliyin müalicəsi üçün səmərəli vasitə tapılacaq.
Bir daha bu ciddi problemə beynəlxalq ictimaiyyətin diqqətini yönəltdiyinə görə Əminə xanıma təşəkkürümü bildirirəm.
Qardaş türk xalqına sülh və əmin-amanlıq arzulayıram. Təşəkkür edirəm”.
X X X
Digər çıxış edənlər bildirdilər ki, hər il artan xərçəng xəstəliklərindən əziyyət çəkən insanlara dünya ictimaiyyətinin diqqətini yönəltmək mühüm əhəmiyyət kəsb edir. Bir daha qeyd edildi ki, bütün dünya bu xəstəlikdən əziyyət çəkənlərə dəstək olmalı, həmin xəstəliyə dair əhalinin maariflənməsinə təkan verilməlidir.
Sessiya iştirakçıları məsələ ilə bağlı dünya ictimaiyyətini səyləri birləşdirməyə çağırdılar və xərçəng xəstəlikləri ilə mübarizənin yalnız birlikdə aparıldıqda səmərəli olduğunu bir daha xatırlatdılar. Xəstəliklə mübarizədə diaqnostikanın rolu xüsusi vurğulandı. Xərçəng xəstəliyinin tədqiqi sahəsində mühüm irəliləyişin əldə edildiyini deyən natiqlər bu sahədə inkişafı sürətləndirməyin yollarını araşdırmağın vacibliyinə diqqət çəkdilər, alimlərin bir-biri ilə daha çox məlumat mübadiləsi aparmasının zəruri olduğunu bildirdilər.
Tədbir iştirakçıları alimlərin hazırda xərçəngin necə formalaşdığı və yayıldığı barədə daha çox biliklərə malik olduqlarını və onun öhdəsindən gəlmək üçün yeni yollar üzərində işlədiklərini vurğuladılar.
Sessiyada İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının xanımlarının “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” Bəyannaməsi imzalandı.
Sonda xatirə şəkli çəkdirildi.
1news.az