Erməni təxribatı ilə bağlı Avropa Məhkəməsinə müraciət oluna bilər
Cari ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində törətdikləri müharibə cinayətlərindən zərər çəkən vətəndaşlar hüquqlarının müdafiəsi üçün bir başa Avropa Məhkəməsinə müraciət edə bilərlər.
1news.az-a verilən məlumata görə, bu barədə AzVision.az-a açıqlamasında Azərbaycanın Avropa İnsan Hüqüqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov bildirib.
Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən aprelin 2-də törədilmiş növbəti belə təxribat və diversiya aktları nəticəsində mülki əhalinin milli zəmində düşmənçilik niyyəti ilə qəsdən öldürülməsi, öldürülməsinə cəhd edilməsi, vətəndaşlara məxsus əmlakın məhv edilməsi ilə müşayiət olunan xüsusilə ağır və ağır cinayət əməlləri qeydə alınıb. Dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Vətəndaşlara külli miqdarda maddi və mənəvi ziyan vurulub. Bir orta məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin artilleriya zərbələrinə tuş gəlib, nəqliyyat vasitələri, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb.
Həmin gün saat 08 radələrində Tərtər rayonunun Qarağacı kəndi ərazisinə atılmış mərmilərdən biri kənddə məskunlaşmış Rəhimov Cəlal Saday oğlunun idarə etdiyi «VAZ-2107» markalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Rəhimov Orxan Valeh oğlu hər iki ayağını itirərək yerindəcə qanaxmadan ölüb. Avtomobilin sürücüsü Cəlal Rəhimov və yaxınlıqda olan 1990-cı il təvəllüdlü Əhmədov Ramin Rafiq oğlu çoxsaylı qəlpə yaraları alıblar.
Saat 12.00 radələrində düşmənin artilleriya atəşləri nəticəsində mərmilərdən biri də həmin qəsəbədə məskunlaşmış Əhmədov İsa Əli oğlunun yaşadığı mənzilə düşüb. Çoxsaylı qəlpə yaraları alan İ.Əhmədov Bərdə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Saat 19:20 radələrində rayonun Şıxarx qəsəbəsi ərazisinə atılmış mərmilərdən biri də 1987-ci il təvəllüdlü Əliyev Sadiq Natiq oğlunun idarə etdiyi «Niva-2121» markalı avtomobilin üstünə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1992-ci il təvəllüdlü Əsədli Fərman Elçin oğlu çoxsaylı qəlpə xəsarətləri alaraq qanaxmadan ölüb. Sürücü və digər sərnişin, 1982-ci il təvəllüdlü Rəhimov Mübariz Vaqif oğlu çoxsaylı qəlpə yaraları alıblar.
Saat 20.00 radələrində yaşadığı evin yaxınlığına erməni hərbi birləşmələrinin atdığı top mərmisinin partlaması nəticəsində Ağdam rayonunun Əfətli kənd sakini, 1953-cü il təvəllüdlü Hüseynov Cümşüd İslam oğlu bel nahiyəsindən ağır xəsarət alıb və o, dərhal xəstəxanaya yerləşdirilib.
Saat 21.00 radələrində Seydimli kəndi ərazisinə atılmış mərmilərdən biri kənd sakini, 1951-ci il təvəllüdlü Vəliyev Vahid Vəli oğlunun yaşadığı mənzilə düşərək onu və azyaşlı nəvəsi, 2003-cü il təvəllüdlü Sənan Vəlizadəni ağır yaralayıb.
Aprelin 2-də Goranboy rayonunun Qarqucaq kənd sakini, 1938-ci il təvəllüdlü İbrahimov Əbdüləzim Mürsəl oğlu və Tapqaraqoyunlu kəndində yaşayan 1974-cü il təvəllüdlü Allahverdiyev Abbas Şiraslan oğlu da düşmənin atdığı mərmiyə tuş gələrək ağır yaralanıblar.
Ermənistan Silahlı Qüvvələri tərəfindən atılmış mərmilərdən biri də Tərtər şəhər sakini, 1949-cu il təvəllüdlü Kruqlova Olqa İvanovnanın yaşadığı mənzili tamamilə dağıdıb.
Göstərilən bütün faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq aparılır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qarşıya qoyduğu tapşırıqların icrasının, həmçinin döyüş əməliyyatları aparılan rayonların ərazisində ictimai asayişin qorunması, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün hüquq mühafizə orqanları tərəfindən bütün tədbirlər görülür, əməliyyat şəraiti nəzarətdə saxlanılır.
1news.az