İƏT-in yekun kommunikesində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti qəti şəkildə pislənilir
İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII Sammitinin yekun kommunikesində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə geniş yer ayrılıb.
AZƏRTAC xəbər verir ki, yekun kommunikedə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət pislənilir. Azərbaycan ərazilərinin hərbi işğalının BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olduğu vurğulanır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarından dərhal, qeyd-şərtsiz və tam çıxarılması ilə bağlı qətnamələrinə ciddi əməl olunması tələb edilir.
Kommunikedə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində həlli tələb olunur. İƏT işğal edilmiş Azərbaycan ərazilərində mədəni irsin, müqəddəs yerlərin dağıdılmasını, qeyri-qanuni iqtisadi fəaliyyətlərin həyata keçirilməsini pisləyir, üzv dövlətləri milli qanunvericilik vasitəsilə bununla bağlı tədbirlər görməyə çağırır. Bundan başqa, Azərbaycana özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə bağlı göstərdiyi səylərdə dəstək ifadə edilir.
İƏT, həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində məscidlərə hücum edilməsini, mülki əhalinin əziyyət çəkməsi, sosial və iqtisadi infrastrukturun dağıdılması ilə nəticələnən hücumları kəskin şəkildə pisləyir.
Yekun kommunikedə Ermənistanın Azərbaycana qarşı törətdiyi silahlı təxribatlarla əlaqədar İƏT nəzdində xarici işlər nazirləri səviyyəsində kontakt qrupunun yaradılması və onun ilk toplantısının İstanbul Sammiti çərçivəsində keçirilməsi barədə qərar qəbul edildiyi diqqətə çatdırılır.
Sənəddə Ermənistana siyasi, iqtisadi və digər vasitələrlə təzyiqin davam etdirilməsinin zəruriliyi qeyd olunur.