AŞPA sədri: “Bütün üzv ölkələr ərazi bütövlüyü prinsipinə hörmət etməlidir”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günündə qurumun sədri Pedro Aqramunt çıxış edib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, P.Aqramunt aprelin əvvəlində Dağlıq Qarabağda, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş gərginliyə toxunaraq bütün üzv ölkələri ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşmağa çağırıb: “Bu ayın əvvəlində Dağlıq Qarabağ bölgəsində yenidən zorakılıqlar şiddətləndi və bu da təmas xətti boyu mülki vətəndaşlar da daxil olmaqla, çoxsaylı insan itkisi ilə nəticələndi. Mən çoxsaylı insan tələfatı və zorakılıq əməllərinin baş verməsindən çox üzgünəm.
Beynəlxalq birliyin atəşin dərhal kəsilməsinə dair çağırışlarından sonra bölgədə yenidən qeyri-sabit atəşkəs bərqərar olundu. Əminəm ki, hər iki tərəf bu gərginliyə son qoymaq üçün imkanlar yaratmalı, zorakılıqlara son qoymalı və atəşkəsə riayət etməlidir. Mən 47 üzv ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşılmasının zəruriliyini ifadə etmişəm. Həmişə beynəlxalq hüquq normalarına hörmətlə yanaşmaya çağırmışam. Beynəlxalq hüquq münaqişələrin sülh yolu ilə həll edilməsinə imkan verən hüquqi normalar təklif edir”.
P.Aqramunt qeyd edib ki, həm Ermənistan, həm də Azərbaycan Avropa Şurasına üzv olduqları vaxt üzərilərinə götürdükləri öhdəliklərə əməl etməli və onları bir-birinə qarşı qoyan münaqişənin sülh yolu ilə həlli istiqamətində siyasi iradə nümayiş etdirməlidirlər:
“Təbii ki, Avropa Şurası bu münaqişənin birbaşa həllində ayrıca mandata malik deyil, amma bununla belə, əminəm ki, parlament diplomatiyası tərəflər arasındakı baxışların yaxınlaşdırılması istiqamətində öz yardımını göstərə bilər. Biz bu məsələdə dialoq aparmaya bilmərik və tərəflər arasında etimadın yaradılması üçün öz töhfəmizi verməliyik. Bütün münaqişələrin həllinin əsasında konstruktiv müzakirələr durur. Biz bu məsələni xüsusi prioritet kimi diqqətdə saxlamağa davam edəcəyik”.
“Mart ayının əvvəlində Bakıya səfərim zamanı Azərbaycan hökuməti məni əmin etmişdi ki, bəzi məhbusların azad edilməsi üçün lazımi tədbirlər həyata keçirəcək. Mənə verilmiş söz geniş miqyasda yerinə yetirildi", - deyə, Pedro Aqramunt Azərbaycanda “siyasi məhbus” adlandırılan şəxslərin azad edilməsindən danışarkən deyib.
O, həmin şəxslərin azadlığa buraxılmasını alqışladığını bildirib.
"Mən çox xoşbəxtəm ki, uzun müddət həbsdə olan bir çoxu öz ailəsinə qovuşa bildi. Biz qəbul etməliyik ki, bu şəxslərin azadlığa buraxılması müsbət istiqamətdə atılmış addımdır. Hesab edirəm ki, bu, həm də Azərbaycan hökumətinin Avropa Şurası ilə əməkdaşlığın davam etdirilməsi istiqamətində nümayiş etdirdiyi xoşməramlı jestdir”, - deyə AŞPA sədri qeyd edib.
1news.az