Məktəblərdə direktor vəzifəsinə qəbulla bağlı test imtahanının nəticələri açıqlanıb
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı keçirilən test imtahanının nəticələri açıqlanıb.
1news.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, 597 vakant yer üçün keçirilən imtahanda elektron ərizəsi təsdiq olunmuş 2260 nəfərdən 1591 nəfəri iştirak edib. Onlardan 493 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramının şöbəsinin müdiri Emin Əmrullayev isə fizika, kimya, riyaziyyat, biologiya və informatika fənləri üzrə Respublika fənn olimpiadalarının nəticələri haqqında məlumat verib. O əlavə edib ki, nəticələrə əsasən, 16 nəfər birinci, 33 nəfər ikinci, 54 nəfər üçüncü yeri qazanıb.
Qeyd edək ki, 18-31 mart tarixlərində məktəb direktoru vəzifəsini tutmaq istəyən şəxslərin elektron ərizələri qəbul olunub. Yeni qaydalara əsasən, pedagoqika və idarəçilik sahəsində ali təhsilli olan və ən azı 5 illik pedaqoji iş təcrübəsinə malik istənilən şəxs müsabiqədə iştirak edə bilər.
1news.az