Yeni qeydiyyatdan keçmiş 24 dini icmaya şəhadətnamələr təqdim olunub – FOTO
Aprelin 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 24 dini icmaya şəhadətnamələr təqdim edilib.
1news.az-ın məlumatına görə, bu məqsədlə təşkil edilmiş toplantıda Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərindən danışaraq bildirib ki, ölkəmizdə dövlətin dinə, o cümlədən dini icmalara diqqət və qayğısı ardıcıl həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi dövlət-din münasibətlərində də müstəqilliyimizə, milli-mental dəyərlərimizə, dinimizə uyğun qaydaların təsbit olunduğunu vurğulayan Komitə sədri dini icmaların Azərbaycan cəmiyyətində özünəməxsus yeri və rolundan danışıb. Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində hazırda çox mühüm uğurlar əldə edilib.
Dövlət başçısının ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il noyabrın 27-də imzaladığı sərəncama əsasən, bölgələrdə davamlı olaraq tədbirlər keçirildiyini vurğulayan M.Qurbanlı qeydiyyatdan yeni keçən dini icmaları dinimizi, İslami dəyərləri ictimaiyyətə düzgün çatdırmağa səsləyib.
Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə müvafiq tövsiyələrini verən Dövlət Komitəsinin sədri icmaların daha aktiv olmalarının, yerlərdə axund və imamlarla, eləcə də QMİ-nin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmələrinin vacibliyini bildirib.
Eyni zamanda, Komitə sədri dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini tövsiyə edib.
Dövlət Komitəsinin sədri M.Qurbanlı qeydiyyat şəhadətnamələrini dini icma sədrlərinə təqdim edib.
1news.az