“Bank olmayan kredit təşkilatları haqqında” qanunda dəyişiklik edilib
Milli Məclis “Bank olmayan kredit təşkilatları haqqında” dəyişiklik edib
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 72; 2013, № 7, maddə 789; 2014, № 10, maddə 1160) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“1.0.5. aidiyyəti olan şəxslər – Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1-ci maddəsində göstərilən şəxslər.”.
2. Aşağıdakı məzmunda 15.5-ci maddə əlavə edilsin:
“15.5. BOKT tərəfindən aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə tənzimlənir. Girov əmanəti qəbul etmək hüququ olan BOKT aidiyyəti olan şəxslərə kreditlərin verilməsi zamanı, həmçinin bu Qanunun 19.1.2-ci maddəsinə müvafiq olaraq müəyyən olunan prudensial normativlərə və tələblərə əməl etməlidir”.
Bundan əlavə, Prezident İlham Əliyev“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 187-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 187-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
1news.az