“İnvestisiya fondları haqqında” qanunda dəyişiklik edilib
Milli Məclis “İnvestisiya fondları haqqında” Qanunda dəyişiklik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950; 2014, № 10, maddə 1161; 2015, № 11, maddə 1261) aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı maddə üzrə:
1.1. 6.1-ci maddədə “qanunvericiliklə” sözü “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.1-ci maddəsi ilə” sözləri ilə əvəz edilsin;
1.2. 6.4-cü maddənin ikinci cümləsində “fondunun aidiyyəti şəxsi” sözləri “fonduna aidiyyəti şəxs” sözləri ilə əvəz edilsin;
1.3. 6.5-ci maddədə “onların aidiyyəti şəxsləri və” sözləri “onlara aidiyyəti olan şəxslər və onların” sözləri ilə əvəz edilsin;
1.4. 6.6-cı maddədə “onların aidiyyəti şəxsləri” sözləri “onlara aidiyyəti olan şəxslər” sözləri ilə əvəz edilsin.
2. 24.11.8-ci maddədə “özünün və depozitarın aidiyyəti şəxslərinin” sözləri “özünə və depozitara aidiyyəti olan şəxslərin” sözləri ilə əvəz edilsin.
3. 27-ci maddə üzrə:
3.1. adında “fondunun aidiyyəti şəxsi” sözləri “fonduna aidiyyəti olan şəxslər” sözləri ilə əvəz edilsin;
3.2. 27.1-ci, 27.2.1-ci, 27.2.2-ci və 27.2.3-cü maddələrdə “fondunun aidiyyəti şəxsləri” sözləri “fonduna aidiyyəti olan şəxslər” sözləri ilə əvəz edilsin;
3.3. 27.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 27.1.9-cu maddə əlavə edilsin:
“27.1.9. bu Qanunun 27.1.1-ci, 27.1.2-ci və 27.1.4-cü maddələrində göstərilən şəxslərin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslər.”;
3.4. 27.2-ci maddədə “fondunun aidiyyəti şəxsləri ilə” sözləri “fonduna aidiyyəti olan şəxslərlə” sözləri ilə əvəz edilsin;
3.5. 27.2.4-cü maddədə “fondunun” sözü “fonduna” sözü ilə, “şəxsləri” sözü “olan şəxslər” sözləri ilə əvəz edilsin;
3.6. 27.2.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“27.2.5. səhmdar investisiya fondu ilə ona aidiyyəti olan şəxslər arasında fondun aktivlərinin dəyərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdlər səhmdar investisiya fondu tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilən qərarı ilə bağlanılır;”;
3.7. aşağıdakı məzmunda 27.2.5-1-ci maddə əlavə edilsin:
“27.2.5-1. səhmdar investisiya fondu ilə ona aidiyyəti olan şəxslər arasında fondun aktivlərinin dəyərinin 5 faizədək hissəsini təşkil edən əqdlər səhmdar investisiya fondunun nizamnaməsinə uyğun olaraq səhmdarların ümumi yığıncağı, müşahidə şurası və ya icra orqanı tərəfindən qəbul edilən qərarı ilə bağlanılır;”;
3.8. 27.2.6-cı maddənin birinci cümləsində “idarəçisinin aidiyyəti şəxsləri” sözləri “idarəçisinə aidiyyəti olan şəxslər” sözləri ilə əvəz edilsin;
3.9. 27.2.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 27.2.9-cu maddə əlavə edilsin:
“27.2.9. səhmdar investisiya fondunun müşahidə şurasının və icra orqanının üzvləri, habelə investisiya fondunun struktur bölmələrinin (filial, departament, şöbə və s.) rəhbərləri özlərinin, bu Qanunun 27.1.3-cü və 27.1.9-cu maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.”.
4. 29.2.2-ci maddədə “aidiyyəti şəxslərinin” sözləri “fonda aidiyyəti olan şəxslərin” sözləri ilə əvəz edilsin.
5. 36.1.3.6-cı maddədə “aidiyyəti şəxsləri” sözləri “onlara aidiyyəti olan şəxslər” sözləri ilə əvəz edilsin”.
Bundan əlavə, Prezident İlham Əliyev “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 188-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 188-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
1news.az