Nassir Abdulaziz Al-Nasseri: “Dünyanın müsbət məcrada dəyişməsinə xidmət edən əsas katalizatorlar gənclərdir”
“Gənclər dünyada, eləcə də qlobal təhdidlərin, münaqişə və müharibələrin qarşısının alınmasında, sülh və əmin-amanlığın təminatında vacib rol oynayır”.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində qurumun ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri bildirib:
“Dünyanın müsbət məcrada dəyişməsinə xidmət edən əsas katalizatorlar gənclərdir. Onlar bir-birilərilə ünsiyyət yaradaraq zorakılıq, ksenofobiya və çəkişmələrə qarşı mübarizədə səylə birləşirlər”.
O, qeyd edib ki, BMT Sivilizasiyalar Alyansı müasir gənclərin problemlərinin aradan qaldırılmasına böyük diqqət ayırır.
“Təbliğatımız yalnız mədəniyyətlərarası dialoq deyil, həmçinin digər məqsədlər də daşıyır. Gənclərin qayğısına qalmaq əsas məqsədlərimizdən biridir. Çünki gənclər olmadan dünyada irəliləyiş və inkişafa nail olmaq mümkün deyil”, - BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri bildirib.
1news.az