Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forum iştirakçılarına müraciət edib – CANLI - YENİLƏNMƏ
“Bakida BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçirilməsi – bu, multikulturalizm və mədəniyyətlərarası dialoq sahəsində dəyərlərin təbliğində Azərbaycanın səylərinin tanınmasına işarədir”.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun açılışında bildirib.
“Bizim üçün Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi böyük şərəfdir”, - deyərək prezident, Alyans təsisçilərinə minnətdarlığını bildirib.
Həmçinin prezident Türkiyə və İspaniya dövlət başçılarına, xüsusən də, Rəcəb Tayyib Ərdoğana və İspaniyanın sabiq baş naziri Rodriqes Sapateroya göstərdikləri təşəbbüsə görə xüsusi minnətdarlıq edib.
İlham Əliyev qeyd edib ki, əsrlər boyu Azərbaycan müxtəlif mədəniyyət və dinlərin kəsişməsində yerləşib və burada müxtəlif mədəniyyət və dinlər inkişaf edib. Azərbaycanda həmişə tolerantlıq olub və multikulturalizm ideyalarına riayət edilib.
“Bu, bizim zənginliyimizdir, biz öz tariximizlə fəxr edirik”, - deyən prezident bildirib ki, Azərbaycanın ərazisində ən qədim kilsələr, alban məbədləri, həmçinin Şamaxıda ən qədim məscidlərdən biri yerləşir.
İlham Əliyevin sözlərinə görə, hazırda multikulturalizm trendlərinin gücləndirilməsi müsbət tendensiyaya çevrilə bilər. Və bütün məsuliyyətli siyasətçilər bu müsbət dianmikaya öz töhfələrini verə bilər ki, bunun da əks tərəfi ksenofobiyadır.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin ləyaqətli üzvünə çevrilərək BMT-nin, Qoşulmama Hərəkatının, İƏT-in və Avropa Şurasının üzvüdür. Bunun qanunauyğun nəticəsidir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür.
İlham Əliyev öz çıxışında həmçinin Azərbaycanın iqtisadi inkişafına da toxunaraq, burada keçirilən iqtisadi və siyasi islahatlardan bəhs edib. O, regionda həyata keçirilən iri nəqliyyat və enerji layihələrinə də toxunub.
Prezident qeyd edib ki, bu yeni dəhlizlər – sadəcə mal axını üçün marşrut deyil, bu, əməkdaşlıq dəhlizidir.
1news.az
10:55
Bu gün Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu öz işinə başlayıb.
1news.az-ın məlumatına görə, Forumun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir iştirak edirlər.
Bundan başqa tədbirdə bir neçə ölkənin dövlət və hökumət başçısı, ümumilikdə 146-dan çox ölkədən 2000 nəfərə yaxın iştirakçı, o cümlədən siyasi liderlər, eləcə də beynəlxalq və regional təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, elmi dairələr, gənclər, incəsənət aləmi və kütləvi informasiya vasitələrinin, habelə donor agentlikləri və fondların nümayəndələri iştirak edirlər.
Forum çərçivəsində bir çox mövzuda seminarlar keçiriləcək.
Tədbirin yekununda birlikdə “Bakı bəyannaməsi” qəbul olunacaq. Bəyannamənin layihəsi BMT-nin qərargahında müzakirə olunub, alyansın üzvü olan bütün ölkələrin rəsmi nümayəndələrinə təqdim edilib.
1news.az