Səudiyyə Ərəbistanı Azərbaycan ilə hüquqi əməkdaşlığın genişləndirilməsində maraqlıdır | 1news.az | Xəbərlər
Siyasət

Səudiyyə Ərəbistanı Azərbaycan ilə hüquqi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

16:42 - 28 / 04 / 2016
Səudiyyə Ərəbistanı Azərbaycan ilə hüquqi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının prokurorluğunun və Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin rəhbər işçilərindən ibarət geniş tərkibli nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a  bildiriblər ki, görüşdə ədliyyə nazirinin müavini Azər Cəfərov ölkələrimizin dostluq və səmərəli əməkdaşlıq münasibətlərini, dövlət başçılarının bu əlaqələrin inkişafında xüsusi rolunu qeyd edib. A.Cəfərov dövlətlərimizin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək olduğunu vurğulayıb, hüquqi sahədə əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu bildirib.

Eyni zamanda, Azərbaycanın məhkəmə-hüquq sistemi, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan köklü mütərəqqi islahatlar, o cümlədən Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin fəaliyyəti, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi və elektron məhkəmənin tətbiqi üzrə görülən işlər barədə məlumat verilib.

Həmçinin Ədliyyə Akademiyasının müasir tədris üsulları tətbiq olunmaqla ədliyyə orqanlarına, prokurorluğa və vəkilliyə namizədlərin icbari təlimi, hakimliyə namizədlərin ilkin uzunmüddətli və hakimlərin davamlı tədrisi, bu kateqoriyadan olan və digər hüquqşünasların ixtisasının artırılması ilə bağlı fəaliyyəti qonaqların diqqətinə çatdırılıb.

Azərbaycanın bu sahədə nailiyyətlərinə və müsbət təcrübəsinə maraq göstərən nümayəndə heyəti ölkələrimiz arasında mövcud əməkdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə yüksək səviyyəyə qaldırılması ilə bağlı niyyətini ifadə edib, məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

1news.az

Paylaş:
521

Son xəbərlər

Bütün xəbərlər