Vatikan ilə Qafqaz Müsəlmanları İdarəsi arasında dini-mənəvi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
Vatikan ilə Qafqazın dini mərkəzi - Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dini-mənəvi əlaqələr və bu əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
1news.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən xəbərə görə, QMİ sədri şeyxülislam Allahşükür Paşazadənin Vatikanın Cənubi Qafqaz üzrə elçisi nunsi Marek Solçinski ilə görüşündə bu səfərin dünyada və regionda sülh, ədalət və əmin-amanlığın, Uca Yaradanın vacib buyurduğu mənəvi-əxlaqi dəyərlərin bərqərar edilməsinə böyük töhfə olacağı vurğulanıb.
Roma Papası Fransiskə səmimi salamlarını və xoş arzularını yetirməyi xahiş edən şeyxülislam A.Paşazadə Pontifikin bu yaxınlarda Patriarx Kirillə tarixi görüşünü yüksək qiymətləndirdiyini, bu münasibətlə hər iki dini liderə təbrik məktubları ünvanladığını bildirib. Papa Fransiskin dünya miqyasında dinlərarası dialoq və əməkdaşlığa dair səylərini dəstəklədiyini vurğulayan A.Paşazadə Müqəddəs Taxt-Tacın başçısının bu ilin payızında Azərbaycana səfərinə böyük dəyər verdiyini xüsusi qeyd edib.
Azərbaycanın dünyada multikultural dəyərlər diyarı olduğunu, mədəniyyətlər, dinlər, sivilizasiyalararası əməkdaşlığa dair təşəbbüslərə ali diqqət göstərildiyini Vatikan elçisinin diqqətinə çatdıran QMİ sədri xalqımızın bu nailiyyətləri ilə fəxr etdiyini və dünyaya öz örnək multikultural modelini təqdim etdiyini vurğulayıb.
Nunsi Marek Solçinski görüşə görə QMİ sədrinə minnətdarlığını bildirib. Vatikanın Cənubi Qafqaz üzrə elçisi Vatikan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən razılıq ifadə edib və bu əlaqələrin inkişafında şeyxülislamın rolunun Vatikan tərəfindən dəyərləndirildiyini diqqətə çatdırıb.
1news.az