İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib
Prezidenti İlham Əliyev aprelin 29-da Ağsu rayonuna səfərə gəlib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verdi ki, ulu öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.
Sonra Prezident İlham Əliyev aprelin 29-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
Prezident İlham Əliyev xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlət başçısına görülən işlər barədə məlumat verən səhiyyə naziri Oqtay Şirəliyev bildirdi ki, 160 çarpayılıq Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisi 2012-ci ildə başlanıb və 2015-ci ilin sonunda başa çatdırılıb. Xəstəxana 3 hektardan çox ərazidə inşa olunub. Əsas bina, yoluxucu xəstəliklər korpusu və 15 çarpayılıq vərəm dispanserindən ibarət olan xəstəxanada doğum, terapiya, cərrahiyyə, pediatriya, anesteziologiya-reanimasiya, poliklinika şöbələri fəaliyyət göstərəcək.
Bundan əlavə, şüa-diaqnostika, hemodializ, patoloji-anatomiya və laboratoriya şöbələri də xəstələrin istifadəsində olacaq. Bu şöbələrin hamısı tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.
1news.az