Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun qəbul olunub | 1news.az | Xəbərlər
Rəsmi

Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun qəbul olunub

23:54 - 28 / 04 / 2016
Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun qəbul olunub

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu qəbul edib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, qanunda bildirilir;

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, II kitab, maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 6, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510 № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445) 199-cu maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 199. İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma

199.1. Təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və ya yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq məqsədilə rəqabəti məhdudlaşdıran vasitələrin tətbiqi barədə kartel sövdələşməsi, belə sövdələşmədə iştirak etmə, yaxud rəqabətin qarşısının alınmasına, aradan qaldırılmasına və ya məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən bazar maneələrini yaratma, məhdudlaşdırıcı fəaliyyət vasitələrindən istifadə etmə və ya digər inhisarçılıq hərəkətlərini etmə -

cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə edilməklə iki il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

199.2. Eyni əməllər:

199.2.1. təkrar törədildikdə;

199.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

199.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

199.2.4. xeyli miqdarda ziyan vurduqda və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə -

üç il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

199.3. Bu Məcəllənin 199.1-ci və ya 199.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

199.3.1. cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;

199.3.2. hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə özgənin əmlakını məhv etməklə və ya zədələməklə və ya belə məhv etmə və ya zədələmə hədəsi ilə törədildikdə;

199.3.3. külli miqdarda ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu Məcəllənin 199.2.4-cü maddəsində “xeyli miqdar” dedikdə on min manatdan əlli min manatadək olan məbləğ, 199.3.3-cü maddəsində isə “külli miqdar” dedikdə əlli min manatdan artıq olan məbləğ başa düşülür.

2. Bu Məcəllənin 199.1-ci maddəsində nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla həmin cinayət əməlinin aşkar edilməsinə və qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir”.

Bundan əlavə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 184 VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 184 VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

1news.az

Paylaş:
2411

Son xəbərlər

Bütün xəbərlər