Azərbaycan və Malta arasında üç sənəd imzalanıb
Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Malta Respublikasının xarici işlər naziri Corc Vella ilə görüşüb.
1news.az-ın məlumatına görə, 2017-ci ildə Maltanın Avropa İttifaqına sədrlik edəcəyini nəzərə alaraq, tərəflər Azərbaycan və Malta arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və onların inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparıblar. Onlar iki ölkə arasında iqtisadiyyat, enerji və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu qeyd ediblər.
Azərbaycan-Ermənistan münaqişəsinə toxunan nazir E.Məmmədyarov Azərbaycan və Ermənistan arasında qoşunların təmas xəttində yaranan son gərginlik, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və azərbaycanlı mülki əhalini ağır silahlardan hədəfə alması barədə maltalı həmkarına geniş məlumat verib. Nazir əlavə edib ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalı və hərtərəfli siyasi proses başlanmalıdır.
Tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində “Azərbaycan Respublikasının hökuməti və Malta Respublikasının hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”, “Azərbaycan Respublikası hökuməti ilə Malta Respublikası hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikasının Xarici işlər nazirliyi ilə Malta Respublikasının Xarici işlər nazirliyi arasında ikitərəfli məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Görüşdə qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdən sonra keçirilən mətbuat konfransında nazir E.Məmmədyarov Azərbaycanla Malta arasında əlaqələrin inkişafından danışıb.
“Azərbaycanla Malta arasında əməkdaşlıq inkişaf edir. Növbəti il Malta Avropa Şuarsına (AŞ) sədrlik edəcək və biz, beynəlxalq və regional mövzulu məsələləri müzakirə etdik. Həmçinin söhbət əsnasında Dağlıq Qarabağ probleminə və aprelin əvvəlində qoşunların təmas xəttində baş verən gərginliyə də toxunduq”, - E.Məmmədyarov bildirib:
“Bunda əlavə, miqrasiya mövzusuna da toxunduq. Azərbaycanın enerji sahəsində Malta ilə əməkdaşlığı geniş müzakirə olunub. Orada bizim böyük maraqlarımız var. Cənubi Qaz Dəhlizini müzakirə edərkən həmkarım maraqlandı ki, bu, layihə çərçivəsində ölkəmizin əməkdaşlığı daha da genişlənəcək”.
Öz növbəsində C.Vella səfərini məhsuldar və maraqlı adlandırıb:
“Düşünürəm ki, səfərim yeni əməkdaşlığa imkanlar açacaq. Növbəti illərdə investisiya və ticarət sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar olacaq. Bu səfər bir sıra məsələləri müzakirə etmək üçün fürsət oldu. Ölkələrimiz arasında uzaq məsafə olmasına baxmayaraq, regionda baş verən hadisələr bizləri də maraqlandırır. Aralıq dənizi ətrafında və eləcə də Şərq Tərəfdaşlığı ölkələrində sabitlik Malta üçün də vacibdir”.
C.Vella bəyan edib ki, AŞ-da sədrliyi çərçivəsində Malta öz öhdəliklərinə əməl edəcək:
“İstərdik ki, regiondakı vəziyyəətlə bağlı vaxtında geniş məlumat əldə edək. Xahişim bu sahədə idi. Siyasət tez bir zamanda dəyişir. Buna görə də azərbaycanlı həmkarımı AŞ və Şərq Tərəfdaşlığı iclaslarında görməyə ümid edirəm”.
Onun sözlərinə görə, tərəflər vizaların sadələşdirilməsini müzakirə ediblər.
“Biz mədəniyyətlər və siviliyasiyalar arasındakı münasibətlərə inanırıq. Nə qədər əlaqələr çox olsa, o qədər də bir-birimizi anlayacağıq. Vizaların sadələşdirilməsi və readmissiya qaydaları ölkələrimiz arasında səfərlərə yol açacaq”.
Qarabağ probleminə toxunan nazir bildirib ki, Malta təmas xəttində baş verən son hadisələrdən narahatdır:
“Biz, münaqişənin sülh və sabit həllini dəstəkləyirik. Hesab edirik ki, danışıqlar davam etməlidir və qarşıdurma dayandırılmalıdır. Hər iki tərəfdən atışma qınanılmalıdır”.
“Şadam ki, Azərbacan AŞ-ya doğru addımlayır və ölkənin suverenliyi və ərazi bütüövlüyünü dəstəkləyirik” – C.Vella bildirib.
O, bildirib ki, Malta AŞ-da sədrliyi çərçivəsində Avropa Qonluluq Siyasətinə xüsusi diqqət ayıracaq:
“Bu siyasət əvvəlkindən fərqlənəcək. Biz, hər ölkənin xüsusiyyətlərinə xüsusi yanaşaraq ayrıca proqram tətbiq etməyəcəyik. Ona görə də hər ölkə ilə danışıqlar aparacağıq. Bundan əlavə, hər bir ölkə öz öhdəliyini yerinə yetirməlidir. Əgər biz, vizaların sadələşdirilməsindən danışırıqsa, o zaman öhdəlikləri də yerinə yetirməliyik”.
1news.az