Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Aprelin 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
1news.az-ın məlumatına görə, əvvəlcə Komissiyanın 2015-ci il 17 noyabr, 18 noyabr, 23 noyabr və 2016-cı il 15 aprel, 16 aprel tarixli iclaslarının protokolları təsdiq edilib.
Sonra seçki fondları vəsaitlərinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədilə MSK-da nəzarət-təftiş xidməti yaradılıb və Komissiyanın üzvü nəzarət-təftiş xidmətinin rəhbəri təyin edilib.
İclasda MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində də dəyişiklik edilib.
Komissiyanın iclasında, həmçinin 90 saylı Ağdaş seçki dairəsi üzrə 2016-cı il iyunun 18-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasının və Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və həmin partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
1news.az