Lavrovun İrəvan səfəri: çaşqın Ermənistan və reallıqlar - Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Lavrovun İrəvan səfəri: çaşqın Ermənistan və reallıqlar - Newtimes.az

15:48 - 02 / 05 / 2016
Lavrovun İrəvan səfəri: çaşqın Ermənistan və reallıqlar - Newtimes.az

Aprelin əvvəllərində erməni silahlı birləşmələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusunun torpaqların bir qismini işğaldan azad etməsi dünya miqyasında münaqişənin həllinə marağı daha da artırıb.

Xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri fəallaşıblar. Bu sırada Rusiyanın diplomatik aktivliyi diqqəti daha çox çəkir. Xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərinə ermənilərin böyük ümidlə baxması da bununla bağlıdır. Lakin onlar artıq pərişan olublar. Çünki rusiyalı nazir onlara istədiklərini vermədi. Əslində, S.Lavrovun ermənilərə nəsə vermək niyyəti olmayıb. Müşahidələr göstərir ki, o, daha çox ermənilərin sakitləşməsinə çalışıb. Hiss etdirib ki, artıq əvvəlki dövr deyil, şərtlər dəyişib. İndi Azərbaycan Ordusunun qarşısında ermənilər dayana bilməzlər. Bu səbəbdən də cəbhə xəttində təxribat törətmək əvəzinə, danışıqlara başlamaq lazımdır. Bunu İrəvan qəbul etmək məcburiyyətindədir. Ancaq danışıqların konstruktiv ola biləcəyi o qədər də inandırıcı deyil. Bu mənada S.Lavrovun Ermənistana səfərinin real nəticələri yaxın zamanlarda bəlli olacaq.

Zərbədən sonra: Rusiyanın ermənilərin başına sığal çəkməsi

Böyük dövlətlər siyasətlərini tələsik dəyişmirlər. Buna inanmamaq sadəlövhlük olardı. Azərbaycan Ordusunun bu il aprelin 2-5-də erməni işğalçılarına verdiyi ibrət dərsindən sonra hansısa supergücün daha "mərhəmətli" olacağını düşünmək konstruktiv məşğuliyyət sayıla bilməz. Dünya səviyyəsində hələlik böyük dövlətlərdən hansınınsa ciddi surətdə xarici siyasətində yeniliklər etdiyini təsdiqləyən fakta rast gəlmirik. Ancaq müəyyən düzəlişlərin olması mümkündür. Çünki qlobal siyasət çox mürəkkəb bir mərhələyə qədəm qoyub. Yaxın Şərqdən tutmuş Uzaq Şərqə qədər böyük bir məkanda proseslər bir-biri ilə o dərəcədə çulğaşıb ki, artıq münaqişələrin sistemli həllinin zəruriliyindən hər kəs danışmaqdadır. O cümlədən Cənubi Qafqazdakı münaqişələrin həlli dünya siyasəti üçün son dərəcə aktual bir məsələyə çevrilib. Bunu Azərbaycan Ordusunun aprel zəfərinə Qərb, Rusiya, Türkiyə və İranın verdikləri reaksiyalar bir daha təsdiq etməkdədir. Heç bir böyük dövlət bu hadisəyə laqeyd qalmadı. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin tərəfdarı olduğunu bəyan etdi. Ankara Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz təmin edilməsinin vacibliyini vurğuladı, Bakının işğala son qoymaq siyasətini dəstəklədiyini də açıq ifadə etdi.

Qərb dövlətləri və Rusiya isə daha çox "müharibəyə yol vermək olmaz" məntiqi ilə çıxış etdilər. Vaşinqton və Moskva münaqişənin hərbi yolla həll edilə bilməyəcəyini dəqiq vurğuladılar. Eyni mövqedən Avropa İttifaqı adından Almaniya çıxış etdi. Aydın oldu ki, Qərb və Rusiya, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız danışıqlar yolunu doğru sayır, Azərbaycanın ərazi bütövlüyü məsələsinə ancaq bu müstəvidə baxırlar. Azərbaycan və Türkiyə də bu yanaşmaya etiraz etmirlər. Hətta rəsmi Bakı dəfələrlə bəyan edib ki, işğalçı zəbt etdiyi Azərbaycan ərazilərini tərk etsə, Ermənistanla əlaqələrin inkişafına başlaya bilər.

Qəribəsi isə ondan ibarətdir ki, Ermənistan işğal etdiyi torpaqlardan çıxmayacağını açıq deyir, eyni zamanda da hansısa kompromisdən danışır. Daha düşündürücüsü isə odur ki, münaqişəni ədalətli həll etməli olan həmsədr ölkələrdən Ermənistan rəhbərliyinin bu qeyri-ciddi və riyakar mövqeyinə heç bir təpki yoxdur. Onlar yenə də ümumi barış formulundan sui-istifadə etməklə məşğuldurlar. Belə bir şəraitdə Rusiyanın xarici işlər naziri S.Lavrovun İrəvana səfəri böyük maraq doğurdu.

Əvvəlcə onu vurğulayaq ki, erməni kütləvi informasiya vasitələri rusiyalı nazirin səfərini çox ziddiyyətli qiymətləndirdi. Burada Rusiyanın "satqınlığı"ndan başlayaraq, "Lavrovun səfərini boykot etməyə" qədər absurd fikirlər yer almaqdadır (bax: məs., Наира Айрумян. "План Лаврова" окончательно провалился / "Lragir.am", 20 aprel 2016 və Россия обвинила Азербайджан, чтобы спасти себя? / "Lragir.am", 22 aprel 2016).

Bundan başqa, guya S.Lavrov münaqişənin həlli planını İrəvana aparıb. Əsas olaraq isə Kazan görüşünün müddəaları götürülür. Bununla belə bir təəssürat yaratmağa çalışırlar ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Rusiya ssenarisi əsasında həll oluna bilər. ATƏT burada yardımçı rolu oynaya bilər (bax: məs., Сергей Марков: нагорно-карабахский конфликт будет решен по "казанской" формуле / "Вестник Кавказа", 22 aprel 2016).

Bu zaman müxtəlif variantlardan, o cümlədən "5 rayon+2 rayon və referendum" formulundan, yaxud Dağlıq Qarabağ ətrafındakı rayonların hamısının azad edilməsinin əvəzində Ermənistana "Laçın dəhlizi" və Azərbaycan üçün "Mehri dəhlizi" təklifindən bəhs edirlər. Reallıqda isə S.Lavrov ciddi bir dövlətin naziri kimi bu məsələləri İrəvanda müzakirə etməyib.

İnkaredilməz reallıq: Lavrov işğalçıya anlada bildimi?

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyildiyi kimi, söhbət daha çox "münaqişələrin baş verməməsi üzrə araşdırmalarla bağlı tədbirlərdən, təhlükəsizliyin təmin edilməsindən, qarşılıqlı inamın artırılmasından" gedib (bax: Выступление и ответы на вопросы СМИ Министра иностранных дел России С.В.Лаврова в ходе совместной пресс-конференции по итогам переговоров с Министром иностранных дел Армении Э.А.Налбандяном / "www.mid.ru", 22 aprel 2016). Rusiya tərəfi əsas kimi 1994-cü və 1995-ci illərdə atəşkəslə bağlı əldə olunmuş razılığı və 2011-ci ildə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında əldə edilmiş razılığı götürür.

Təbii ki, bu, bir rəsmi mövqe olmaqla konkret əsası vardır. Lakin nəzərə almaq lazımdır ki, söhbət yalnız Moskvanın mövcud vəziyyəti qiymətləndirmə üsulundan və münaqişənin həllinə münasibətindən gedir. Ermənistanın xarici işlər naziri də S.Lavrovun hansısa həll paketi gətirmədiyini və başlıca olaraq sabitliyə nail olmaqdan, atəşkəsə əməl etməkdən danışıldığını erməni jurnalistlərə bildirib (bax: Налбандян обошел вопрос о территориях / "Lragir.am", 24 aprel 2016). Maraqlıdır ki, Edvard Nalbandyan həmin sualla müraciət edən jurnalistlərə hirslənib və sərt şəkildə deyib: "Siz artıq beşinci dəfədir ki, hansısa paket haqqında soruşursunuz... Özünüzdən belə şeylər uydurmayın... Lavrov heç bir paket gətirməyib" (bax: əvvəlki mənbəyə).

Bütün bunlar hansı məqamlardan xəbər verir? Aydın hiss edilir ki, İrəvan çaşqın və pərişan vəziyyətdədir. O, Azərbaycan Ordusunun kifayət qədər güclü olduğunu və istənilən zaman torpaqları azad etməyə qadir olduğunu başa düşür. Bu səbəbdən havadarlarından təminat istəyir. Lakin S.Lavrovun səfəri də göstərdi ki, Kreml artıq əvvəlki dərəcədə Ermənistanın addımlarını dəstəkləmək fikrində deyil. Eyni zamanda, bu forpost və marionetka dövləti öz təsir orbitindən çıxarmağı da qətiyyən düşünmür. Rusiya Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün Ermənistandan istədiyi kimi istifadə etməkdə davam edəcəkdir.

Bunu S.Lavrova İrəvanda Türkiyənin Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe ilə bağlı verilən suala cavabından da duymaq mümkündür. Rusiyalı nazir Ankaranı regionda müharibəni alovlandırmaqda günahlandırıb (bax: Заявления Турции по Карабахскому урегулированию это призывы к войне: Лавров / "1in.am", 22 aprel 2016). Ancaq reallıq ondan ibarətdir ki, Türkiyə də Azərbaycan kimi, sülh istəyir. Türkiyəyə münaqişənin həlli ilə bağlı sülh ona görə lazımdır ki, Azərbaycanla birgə çox mühüm, dünya üçün strateji əhəmiyyət daşıyan enerji layihələri həyata keçirir və bölgədə əmin-amanlıq istəyir. Türkiyənin bölgədə hökmranlıq iddiaları yoxdur.

Bunlarla yanaşı, S.Lavrovun Ermənistana səfərinin bütövlükdə müsbət hadisə olduğunu vurğulamalıyıq. Çünki rəsmi İrəvan vəziyyətin dəyişdiyinin fərqinə vardı. O, indi Rusiyanın dəstəyini istədiyi kimi ala bilməyəcəyinə əmin oldu. Məhz buna görədir ki, hazırda erməni ekspertlər üzlərini Qərbə tutublar.

Hesab edirlər ki, Amerika və Avropa onların işğalçılıq siyasətini sona qədər dəstəkləyəcəklər. Bunun əlamətlərindən biri ermənilərin Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan əleyhinə kampaniya aparmağa çalışmalarıdır. Lakin bu hiylə də keçə bilməz, çünki Azərbaycan Ordusu öz ərazisində hərbi əməliyyat keçirib və buna qarşı kimsə söz deyə bilməz. Əslində, Ermənistandan soruşmaq lazımdır ki, "sənin əsgərlərin Azərbaycan ərazisində nə axtarırlar ki, gülləyə tuş gəlirlər?"

Belə çıxır ki, S.Lavrov İrəvana əsasən erməniləri sakitləşdirmək üçün gedib. O, Ermənistanla strateji tərəfdaşlığa sadiq qalacaqlarını bir daha bəyan edib. Bununla yanaşı, Azərbaycanın da onlar üçün strateji əhəmiyyətli ölkə olduğunu hiss etdirib. Bunun müqabilində Bakıdan nə istəniləcəyi haqqında yayılan informasiyaların isə əsası yoxdur. Çünki Azərbaycan azadlığını, müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü müzakirə mövzusu etmir, etməyəcək də! Dağlıq Qarabağ münaqişəsində rəsmi Bakının mövqeyi dəyişməzdir – işğalçı ordu qeyd-şərtsiz zəbt etdiyi torpaqlardan çıxmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və yalnız bundan sonra hansısa real danışıqlardan söhbət gedə bilər!

Newtimes.az

Paylaş:
1348

Son xəbərlər

Bütün xəbərlər