Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzi"nə apreldə 15 mindən çox müraciət daxil olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində əhaliyə xidmətlərin elektron əsaslar üzərində şəffaflaşdırılması bu sahələr üzrə şikayət xarakterli müraciətlərin minimuma enməsi, edilən müraciətlərin isə əsasən sorğu xarakteri daşıması ilə müşahidə olunur.
1news.az xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə cari ilin aprel ayında nazirliyin 142 - “Çağrı mərkəzi”nə daxil olan 15 433 müraciətin 15 145-ini (98,1%) də məhz nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar vətəndaşların sorğu xarakterli müraciətləri təşkil edib.
Bütün sorğularla əlaqədar vətəndaşlara nazirliyin müvafiq sahələr üzrə mütəxəssisləri tərəfindən aydın şəkildə hüquqi izahatlar verilib. Digər 288 müraciət isə baxılaraq araşdırılması və müvafiq tədbirlər görülməsi üçün müraciət vərəqəsi əsasında nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.
Ümumilikdə ötən ay “Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 49,6%-i sosial təminat, 14,9%-i əmək qanunvericiliyi, 19%-i nazirliyin elektron xidmətlərindən istifadə 8,3%-i tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 8,2%-i isə məşğulluğun təminatı məsələləri ilə əlaqədar olub.
Nazirliyin e-xidmətlərindən istifadə edənlərin sayı artmaqda davam edir. Bunun daha bir ifadəsi kimi, son bir ayda 142 - “Çağrı mərkəzi”nə nazirliyin elektron xidmətlərindən istifadə məsələləri ilə bağlı daxil olan müraciətlərin sayı cari ilin yanvar ayı ilə müqayisədə 34%, fevral ayı ilə müqayisədə 18%, mart ayı ilə müqayisədə isə 15,1% artıb.
1news.az