Sarkisyanın bir müsahibəsi: iradə zəifliyi və uğursuz siyasət – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Sarkisyanın bir müsahibəsi: iradə zəifliyi və uğursuz siyasət – Newtimes.az

13:32 - 04 / 05 / 2016
Sarkisyanın bir müsahibəsi: iradə zəifliyi və uğursuz siyasət – Newtimes.az

Ermənistanın hazırkı prezidenti heç zaman xüsusi qabiliyyəti ilə seçilməyib. Onun ölkəyə başçılıq etdiyi müddətdə erməni xalqı daha ağır itkilərə düçar olub.

Lakin Serj Sarkisyan hakimiyyətdən əl çəkmək fikrində deyil. Aprel ayında Azərbaycan Ordusunun vurduğu sarsıdıcı zərbələrdən sonra isə, bir erməni ekspertin ifadə etdiyi kimi, "səfil" vəziyyətinə düşüb. Son günlər Ermənistan mətbuatı səriştəsiz prezidentin ABŞ-ın "Bloomberg" agentliyinə verdiyi müsahibəni müxtəlif kontekstlərdə şərh etməklə məşğuldur. Lakin burada ifadə edilən fikirlərə bir qədər ciddi məntiqi müstəvidə nəzər saldıqda, Serj Sarkisyanın nə dərəcədə zəif iradəyə malik olduğunu görərik. Onun məntiqi tamamilə sistemsiz, xarici siyasətdə kənar qüvvələrdən asılı olduğunu gizlədə bilməyəcək dərəcədə primitivdir. Bir sözlə, müsahibə əvəzinə, uduzmuş "səfil"in rabitəsiz söz yığını alınıb.

Böyük siyasət və Sarkisyan: dərin uçurum

İdman yarışları ilə siyasi mübarizə arasında müəyyən uyğunluq vardır. Güclü idmançı aldığı ağır zərbədən sonra belə iradəsini toplayıb yarışa davam edir, sonda qalib də gələ bilir. Zəif iradəli idmançı isə yarışdan sonra hakimi, məşqçini və tamaşaçıları günahlandırır. Siyasətdə də təqribən belədir – haqlı və güclü lider aldığı zərbədən sonra kimsəni günahlandırmadan həqiqəti etiraf edir, işində yeniliklər etməyə çalışır. Məsələn, Uinston Çörçill, Süleyman Dəmirəl dəfələrlə ağır vəziyyətə düşsələr də, iradələri hesabına qələbəyə doğru gediblər. Heydər Əliyev Moskvada ona qarşı edilən ağır haqsızlıqlara rəğmən, qətiyyəti, peşəkarlığı və polad iradəsi sayəsində ayağa qalxdı, müstəqil dövlət qurdu və onun perspektivli inkişafını təmin edən strategiya hazırladı. Ulu Öndər həm haqlı, həm ədalətli, həm də iradəli idi, strateji təfəkkürə malik böyük şəxsiyyət idi.

Təbii ki, ermənilər arasında yuxarıda adlarını xatırlatdığımız siyasətçilərin səviyyəsində lider yetişməyib. Əslində, görkəmli siyasətçilər dövlətçilik ənənələri olan cəmiyyətlərdə yetişir. Ermənilərin isə son 100 ilə qədər dövləti olmayıb, son 300 ildə ermənilər yalnız uğurlu və uğursuz terrorçular yetişdiriblər. Serj Sarkisyan isə çox uğursuz terrorçu və separatçı kimi yaddaşlarda qalacaq. Onun siyasəti o dərəcədə dağınıq, sistemsiz, reallıqdan uzaq və zəifdir ki, hər hansı nəzəri meyarla izah oluna bilməz. Bunu "Bloomberg" agentliyinə verdiyi müsahibə bir daha təsdiq etdi (bax: Sara Khojoyan, Anthony Halpin. War May Resume at `Any Moment,' Armenian President Warns/"bloomberg.com", 25 aprel 2016).

Ermənistan KİV-in hissə-hissə təqdim etməyə çalışdığı həmin söz yığını-müsahibənin heç bir sağlam məntiqi yoxdur. Duyulur ki, bunu erməni diasporu təşkil edib və məqsədləri S.Sarkisyanın dili ilə Azərbaycanın "aqressorluğu"nu Qərb oxucusuna çatdırmaq, paralel olaraq, Ermənistanın zərərçəkən obrazını formalaşdırmaqdır. Ancaq birincisi, sağlam düşüncəli adam dərhal sual edər ki, Dağlıq Qarabağda Ermənistan əsgəri nə axtarırdı ki, azərbaycanlı əsgərin gülləsinə tuş gəlirdi. İkincisi, üzdəniraq müsahibədə erməni lider tez-tez "bizim Talış kəndindəki mövqeyimiz", "bizim oradakı əsgərlər", "bizim hərbi hissələr" kimi ifadələr işlədir. Jurnalist isə sual etmir ki, "axı həmin ərazilər Azərbaycana aiddir, sizin əsgərlər niyə orada yerləşiblər?"

S.Sarkisyan həmin müsahibədə iki həqiqəti tam etiraf edib: əvvələn, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və təcavüzkardır, ikincisi, rəsmi İrəvan sülh istəmir, işğalçılığını davam etdirməkdə israrlıdır, bu zaman havadarlarına arxalanır. Müsahibədə bunları təsdiqləyən xeyli fikirlər vardır. Belə görünür ki, Ermənistan prezidenti aprel ayında aldığı güclü zərbədən sonra elementar məntiqini belə itirib. Maraqlıdır ki, erməni ekspertlər arasında bu məqamı hiss edənlər vardır. Məsələn, Akop Bədəlyan sual edir ki, "Lavrovla görüşdən sonra Serj Sarkisyana, görəsən, nə olub?" (bax: Акоп Бадалян. Что произошло с Сержем Саркисяном после встречи с Лавровым/"Lragir.am", 23 aprel 2016).

İqor Muradyan isə ritorik sual verir: Qarabağın müstəqilliyi kimə lazımdır? Cavabı da xeyli maraqlıdır. O yazır: "2013-cü il sentyabrın 3-də Ermənistan dünyaya suveren ola bilmək iqtidarında olmadığını nümayiş etdirdi" (bax: Игорь Мурадян. Кому нужна независимость Карабаха/"Lragir.am", 24 aprel 2016). Sonra fikirlərini davam etdirərək, ölkəni bu vəziyyətə salanların vətənpərvərlikdən danışmasını belə qiymətləndirir: "Bu səfil-səlyəndələrin vətənpərvərliyini ağızlarına soxmaq lazımdır ki, bəlkə ağılları başlarına gələ, ancaq bəlkə bu da bəs etməz" (bax: əvvəlki mənbəyə). Həmin o "səfillər"ın başında S.Sarkisyan dayanır.

"Bloomberg"in "səhvi": "səfil-səlyəndə"nin siyasi oyunbazlığı

Əslində, bir sıra erməni ekspertin Serj Sarkisyan və iqtidarı haqqında kəskin tənqidi və bəzən təhqiredici fikirlər söyləməsinin əsası vardır. S.Sarkisyanın özünün də sifəti son zamanlar ölü rəngindədir. "Bloomberg"ə verdiyi müsahibədən verilən fotolar bunu təsdiq edir. Məsələ ondan ibrətdir ki, cəmi 3-4 günə Azərbaycan Ermənistan haqqında iki böyük mifi darmadağın etdi. Onlardan birincisi, illərdir İrəvanın "möhtəşəm və uğurlu xarici siyasət yeritməsi" haqqında S.Sarkisyanın yeri gəldi-gəlmədi boşboğazlıq etməsidir. İkincisi, guya Ermənistan və "Dağlıq Qarabağ respublikası" adlandırılan qondarma qurum regionda ən güclü orduya malikdir.

Qısa bir müddətdə bu iki yalanın sabun köpüyü kimi dağılması S.Sarkisyanla bərabər erməni cəmiyyətinin də şüurunu alt-üst etdi. Onların bir qismi anlamağa başladılar ki, indiyə qədər nağıllar və yalanla insanların başını qatıblar, ancaq onun zərəri məhz erməni xalqının başında çatlaya bilər. Üstəlik, erməni siyasətçilər hiss edirlər ki, dövlət əldən gedə bilər. S.Sarkisyan ayaq üstdə ölməsin, bəs nə etsin?

Adıçəkilən müsahibədə əfəl prezidentin düzənsiz məntiqinin arxasında bu məqamlar dayanır. Tez-tez "Ermənistanın təhlükəsizliyinə təminat verilməlidir", deyib yalvaran separatçı-prezident acizliyini bütün dünyaya nümayiş etdirdi. Ancaq o, daha çox Rusiyadan küsüb. Belə ki, "ruslar azərbaycanlıların hücum edəcəyini bilirdilər, ancaq bizə demədilər", deyə donquldanan S.Sarkisyan, əslində, Ermənistanın dövlət olaraq bir oyuncaq olduğunu sübut edir (bax: Акоп Бадалян. Что произошло с Сержем Саркисяном после встречи с Лавровым/"Lragir.am", 23 aprel 2016).

Çünki real gücü olan dövlət öz kəşfiyyatına arxalanar, başqalarından inciməz. Bundan başqa, erməni ordusu zəifdirsə, ona xarici kəşfiyyat nə etsin? Lakin məsələ ondan ibarətdir ki, S.Sarkisyan siyasəti suverenliyin təmini üzərində qurmayıb, ölkəni kənar qüvvələrdən tam asılı vəziyyətə salaraq, Azərbaycanın işğal altında olan torpaqlarını özündə saxlamağı hədəfləyib. İndi bu süni hoqqalar keçmir.

Bunlar göstərir ki, S.Sarkisyan bədbin psixoloji vəziyyətdədir və uğur qazana biləcəyinə ümidini itirib. Onun daxildən də sıxışdırılması ekstremal situasiya yaradıb. Ekspertlər hesab edirlər ki, daha nüfuzlu və radikal Robert Koçaryan hakimiyyətə qayıda bilər. S.Sarkisyanı yaxşı tanıyan bu Qarabağ separatçısının Rusiya ilə də yaxşı əlaqələri var. Deməli, Kreml S.Sarkisyanı zəif fiqur kimi hər an cəzalandıra bilər. Ermənistan hakimiyyətində bu kontekstdə fikir ayrılığının müşahidə edilməsi maraqlıdır.

S.Sarkisyan "5 rayondan çıxmağa hazır idik, ancaq Azərbaycan razı olmadı" deyir, müdafiə naziri Seyran Ohanyan isə "bir qarış da olsun torpaq güzəştə getməyəcəyik" söyləyir (bax: Михаил Беляев. Армения выходит из переговоров: анализ причин и возможных последствий/"Вестник Кавказа", 26 aprel 2016). Bütün bunlarda İrəvanın son məqsədi isə mövcud status-kvonu saxlamaqdır.

Konkret olaraq, Ermənistanın təhlükəsizliyinin təmini adı altında S.Sarkisyan danışıqlardan da çəkildiyini bildirməklə, hər şeyi olduğu kimi dondurmaq fikrini ortaya qoyur. Təbii ki, bunu ona havadarları məsləhət biliblər, o da tutuquşu kimi, bunu təkrar edir. Guya "hansısa dost ölkədən incimişik", guya "Qərb də Ermənistanı dəstəkləmir" kimi cümlələr söyləməklə real siyasətdə nəticə əldə etmək imkansızdır. Lakin S.Sarkisyan siyasətini həmişə nağıllar üzərində qurub və indi də o yola davam edir.

Beləliklə, "Bloomberg"ə müsahibə Serj Sarkisyanın siyasətini deyil (çünki real olaraq peşəkar səviyyədə belə bir şey yoxdur), iç üzünü, psixoloji patologiyasını, iradə zəifliyini milyonlarla oxucuya məlum etdi. Ermənistan adlanan forpost ölkənin isə rəzil durumda olduğunu təsdiqlədi. Çünki rəsmi İrəvan hələ də kənar qüvvələrdən tam asılıdır və ifadə etdiyi fikirlər onun deyil. Başqalarının söz-söhbəti isə tez-tez dəyişə bilər. Bu səbəbdən sözdə müsahibə də bir tamaşadır. Ancaq tamaşaçılar üçün çox darıxdırıcı oldu.

Newtimes.az

 

Paylaş:
572

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər