Əli Həsənov: “Cəbhəyanı bölgələrdə gərginlik erməni hərbçilərin torpaqlarımızı tərk edənə qədər davam edəcək”
“Cəbhəyanı bölgələrdə gərginlik Azərbaycan torpaqları qaytarılanadək, erməni hərbçilərin ərazilərimizi tərk edənə qədər, sülh danışıqlarına nail olanadək davam edəcək”.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda Kəpəz TV-yə (Region TV) Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəyan edib.
Ə.Həsənovun sözlərinə görə, erməni tərəfinin qeyri-konstruktiv mövqeyi Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar zamanı istər təmas xəttində, istərsə də Azərbaycanın yaşayış məntəqələrinə atəş etməsində özünü göstərib.
Mövzu ilə əlaqədar oxuyun:
Xatırladaq ki, aprelin 2-dən 5-nə kimi Azərbaycan-Ermənistan qoşunların təmas xəttində atəşkəs müqaviləsi imzalandıqdan indiyədək son 22 ilin ən irimiqyaslı döyüşləri baş verdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni silahlı qüvvələrinin ilk müdafiə xətti aşıldı və bir sıra strateji yüksəkliklər, həmçinin yaşayış məntəqələri üzərində nəzarət ələ keçdi.
Aprelin 5-də saat 12:00-dan etibarən təmas xəttində hərbi əməliyyatlar dayandırılıb.
Aprelin 27-dən 28-nə keçən gecə Ermənistan silahlı bölmələri təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb. Düşmən Tərtər rayonunun Qapanlı, Qəzyan kəndlərini və Tərtər şəhərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur. Ermənilərin atəş açması nəticəsində aldığı xəsarətlərdən bir Azərbaycan vətəndaşı həlak olub.
Azərbaycanın 20% torpaqları – Dağlıq Qarabağ və ona bitişik yeddi rayon hələ də erməni silahlı qüvvələrinin işğalı altındadır.
1news.az