Aureliya Qriqoriu: “Azərbaycanın torpaqlarının işğal altında saxlanması əsl təcavüzdür” | 1news.az | Xəbərlər
Siyasət

Aureliya Qriqoriu: “Azərbaycanın torpaqlarının işğal altında saxlanması əsl təcavüzdür”

23:45 - 04 / 05 / 2016
Aureliya Qriqoriu: “Azərbaycanın torpaqlarının işğal altında saxlanması əsl təcavüzdür”

Moldova İctimai Palatasının sədri, sabiq ombudsman Aureliya Qriqoriu mayın 4-də Bakı Slavyan Universitetinin (BSU) müəllim və tələbələri ilə görüşüb.

1news.az-ın məlumatına görə, “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfrans çərçivəsində baş tutan tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində gənclərlə bu cür görüşlərin keçirilməsinin elm və təhsil sahəsində əhəmiyyət daşıdığını bildirib. Moldova Respublikasının Ombudsmanı olduğu 2008-2015-ci illərdə A.Qriqoriunun obyektiv və ədalətli fikirləri ilə tanındığını deyən A.Hacıyev qonağın separatçı Ermənistanın işğalçı siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında da böyük səy göstərdiyini vurğulayıb.

Bakıya gəlişindən məmnunluğunu bildirən A.Qriqoriu Azərbaycanın dövlət siyasətində multikulturalizmin aparıcı yer aldığı qabaqcıl ölkələrdən olduğunu vurğulayıb.

Qonaq 2013-cü ildə Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransdakı çıxışı barədə danışıb. Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Xocalı soyqırımını törətməkdə günahlandırdığını bildirib:

“Konfransda Ermənistan parlamentinin üzvləri qarşısında bəyan etdim ki, bu ölkənin 25 ildən çoxdur Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlaması əsl təcavüzdür və bu hərəkətlər beynəlxalq hüquqa ziddir. Beynəlxalq tədbirdə olmağıma baxmayaraq işğalçı ölkədə anlaşılmaz, aqressiv münasibətlə qarşılandım. Ermənilər tərəfindən müxtəlif təzyiq və təhdidlərə məruz qaldım. Mənim həyatım təhlükə qarşısında idi, ölümlə hədələnirdim. Başqa ölkələrdən olan nümayəndələrin köməyi ilə Ermənistanı tərk edə bildim”.

Moldovalı qonaq Azərbaycan torpaqlarının tezliklə işğaldan azad olunmasını arzulayıb, iştirak etdiyi Beynəlxalq Elmi Konfransın yüksək səviyyədə təşkili üçün BSU-nun rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda A.Qriqoriu sualları cavablandırıb, universitetin kollektivinə uğurlar arzulayıb.

1news.az

 

Paylaş:
626

Son xəbərlər

Bütün xəbərlər