Azərbaycanla BƏƏ arasında alternativ enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla BƏƏ arasında alternativ enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

17:41 - 05 / 05 / 2016
Azərbaycanla BƏƏ arasında alternativ enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Səfir Daşqın Şikarov BƏƏ-nin energetika naziri Süheyl Məhəmməd Fərəc Əl Məzrui ilə görüş keçirib.

1news.az-ın məlumatına görə, görüşə görə Əl Məzruiyə təşəkkür edən səfir D.Şikarov Azərbaycan və BƏƏ arasında siyasi və iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu və gündən günə inkişaf etdiyini bildirib.

Qeyd edib ki, son bir il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun qarşılıqlı səfərləri əlaqələrin daha sürətli inkişafı üçün yeni perspektivlər açıb.

Səfir, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, əldə edilmiş nailiyyətlər, aparılan islahatlar, qeyrineft sektorunun inkişafı və ixracatın diversifikasiyası istiqamətində atılan addımlar, Heydər Əliyev Fondu tərəfindən ölkədə və ondan kənarda həyata keçirilən sosial layihələr barədə məlumat verərək, regionun iqtisadi cəhətdən cazibə mərkəzi olan BƏƏ ilə əməkdaşlığın inkişaf etdirilməsinin hər iki ölkənin mənfəətinə olacağına inandığını deyib. Bildirib ki, həm Azərbaycan, həm də BƏƏ neft-qaz ölkəsidir və bu sahədə böyük təcrübəyə malikdir. Eyni zamanda hər iki ölkə alternativ və bərpa olunan enerji sahələrinin və qeyri-neft sektorunun inkişafında maraqlıdır. Məhz bu maraqlar iqtisadi cəhətdən səmərəli birgə uğurlu layihələrin həyata keçirilə biləcəyini deməyə əsas verir.

BƏƏ bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində artıq müəyyən uğurlara imza atıb və böyük təcrübə əldə edə bilib. Bu sahənin inkişafı Azərbaycan rəhbərliyinin də diqqətindədir və bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi təsis edilib. Azərbaycanın böyük günəş və külək enerjisi potensialı var və bu potensialın rellaşdırılmasında BƏƏ-li investorların da iştirakı arzu olunandır.

Daha sonra BƏƏ-li nazirin diqqətinə çatdırılıb ki, cari ilin 1-4 iyun tarixləri arasında Bakıda 23-cü Beynəlxalq Xəzər Neft-Qaz Sərgi və Konfransı keçiriləcək. Sözügedən tədbirdə iştirak etməsi üçün Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev tərəfindən Əl Məzruiyə dəvət məktubu ünvanlanıb. Səfir, BƏƏ-li nazirə ünvanlanmış dəvət məktubunun surətini təqdim edərək, onu həmin tədbirdə iştirak etməyə bir daha dəvət edib və bunun iki ölkə arasında energetika sahəsində əməkdaşlıq məsələlərinin hərtərəfli müzakirəsi üçün gözəl fürsət yaradacağını ifadə edib.

Nazir Əl Məzrui görüş təşəbbüsünə görə təşəkkür edib və bildirib ki, ölkəsi Azərbaycanla tərəfdaşlıq münasibətlərinə çox böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin uğurlu siyasəti və rəhbərliyi ilə Azərbaycan əldə etdiyi iqtisadi nailiyyətlər, həyata keçirdiyi iri miqyaslı infrastruktur layihələri, qeyri-neft sektorunun inkişafı üçün apardığı ardıcıl islahatlar və turizminin inkişafı ilə digər ölkələr üçün modeldir. Bütün bunlarla yanaşı, regionda son dövrlər baş verən təlatümlər fonunda Azərbaycan kimi bir ölkə ilə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi BƏƏ üçün müstəsna əhəmiyyət kəsb edir.

Nazir qeyd edib ki, OPEC ölkələrinin son Doha toplantısında Azərbaycanın da iştirak etməsi olduqca yüksək qiymətləndirilmişdir. Həmin toplantı çərçivəsində nazir Natiq Əliyev ilə gözəl görüşün baş tutduğunu deyən Əl Məzrui, toplantı nəticə olaraq uğursuz başa çatsa da, bütün bu ölkələrin hamısının bir yerə yığılmasının vacibliyini vurğulayıb.

Daha sonra energetika naziri Azərbaycanla mümkün əməkdaşlıq istiqamətləri barədə öz fikirlərini bölüşüb. Bildirib ki, BƏƏ neft-kimya sənayesi üzrə dünyanın 5-ci ən böyük istehsalçısıdır. Dünyanın bu sahə üzrə tanınmıış bir sıra şirkətləri BƏƏ-yə cəlb edilib və onlar ən yeni texnologiyalar tətbiq etməklə istehsal həyata keçirirlər. Məlumdur ki, Azərbaycan da neft-kimya sənayesinin inkişafına xüsusi diqqət yetirir. Bu baxımdan, bu sahədə Azərbaycanla təcrübə mübadiləsinin həyata keçirilməsi və investisiya qoyuluşu imkanları nəzərdən keçirilə bilər. Azərbaycanın Gürcüstan və Türkiyə üzərindən öz təbii qazını Avropa bazarlarına çıxarmaqla bağlı gördüyü işləri təqdirlə qarşıladıqlarını deyən nazir, BƏƏ-nin Avropanın enerji sektorunda fəaliyyət göstərən bir sıra mühüm şirkətlərin səhmdarı olduğunu, “Nord Stream” qaz kəmərinin çəkilişi də daxil olmaqla ölkəsinin Avropada çoxsaylı iqtisadi layihələrdə iştirak etdiyini və bu baxımdan əslində iki ölkənin Avropa bazarında da yaxından əməkdaşlıq etməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.

Əlavə edib ki, bərpa olunan enerji sahəsində də BƏƏ-də uğurlu layihələrə imza atılıb. Bu çərçivədə “Masdar” şirkətini qeyd edən nazir, səfiri Masdar şirkətində görüş keçirməyə, oranın imkanları ilə tanış olmağa və Azərbaycanla əməkdaşlıq imkanlarını müzakirə etməyə dəvət edib. Həmçinin Dubayda bərpa olunan enerji sahəsində görülən işlər haqqında da danışan Əl Məzrui ötən il burada dünyanın ən aşağı günəş enerjisi tarifinin əldə edildiyini (5,8 US cents/kWh), bu il isə bu göstəricinin 3 US cents/kWh-a qədər aşağı salındığını vurğulayıb.

Azərbaycanın bərpa olunan enerji sahəsindəki potensialının diqqətəlayiq olduğunu deyən nazir, ölkəsinin bu sahədə dünyanın bir çox nöqtəsində layihələr həyata keçirən “EDP Group” şirkətində müəyyən səhmə malik olduğunu və bu məsələni şirkətin gündəminə gətirəcəklərini deyib. Nazir həmçinin Azərbaycan tərəfini cari ilin noyabr ayında BƏƏ-də keçiriləcək ADIPEC (Əbu Dabi Beynəlxalq Neft Sərgi və Konfransı) və yanvar ayında təşkil edilən ənənəvi Əbu Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində keçirilən tədbirlərdə yaxından iştirak etməyə dəvət edib.

Verilmiş məlumata və əməkdaşlıq təkliflərinə görə öz təşəkkürünü bildirən səfir D.Şikarov, Azərbaycanın BƏƏ-də həyata keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini, energetika naziri N.Əliyevin 2012, 2013, 2014-cü illərdə BƏƏ-yə səfərlər etdiyini xatırlatmış və BƏƏ energetika nazirini bir daha ölkəmizə səfərə dəvət edərək, belə səfərlər zamanı iki ölkənin ekspertləri arasında hərtərəfli müzakirələrin aparılmasının məqsədəuyğunluğunu qeyd edib.

Sonda səfir BƏƏ-li nazirin diqqətini Ermənistanın Azərbaycan ərazilərini işğalı faktına yönəldərək, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə bağlı məlumat verib, BƏƏ-nin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana dəstək verən ədalətli mövqeyinin təqdirlə qarşılandığını bildirib.

1news.az

 

Paylaş:
665

Son xəbərlər

Bütün xəbərlər