Xələf Xələfov BQXK prezidenti ilə cəbhədəki vəziyyəti müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Xələf Xələfov BQXK prezidenti ilə cəbhədəki vəziyyəti müzakirə edib

18:10 - 05 / 05 / 2016
Xələf Xələfov BQXK prezidenti ilə cəbhədəki vəziyyəti müzakirə edib

Mayın 4-də Cenevrə şəhərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer arasında görüş keçirilib.

1news.az-ın məlumatına görə, görüşdə Azərbaycan və BQXK arasındakı mövcud münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Görüş zamanı X.Xələfov 2 aprel 2016-cı il tarixindən etibarən Ermənistanın Azərbaycan silahlı qüvvələri ilə təmas xətti boyunca yerləşən ərazilərdə sıx məskunlaşan azərbaycanlı mülki əhalini hədəf alaraq ağır silahlardan davamlı atəşə tutduğunu qeyd edib. Ermənistan silahlı qüvvələrinin ağır artilleriya hücumları nəticəsində xeyli sayda hərbi və mülki şəxslərin həlak olduğu və yaralandığı, ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulduğu diqqətə çatdırılıb.

Eyni zamanda, qoşunların təmas xəttində baş verən son hərbi toqquşmalar zamanı həlak olanların cəsədlərinin 10 aprel 2016-cı il tarixində tərəflərə təhvil verilməsində BQXK-nın vasitəçiliyi qeyd olunub.

Nazir müavini, həmçinin 2014-cü ilin iyul ayında öz doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi istiqamətində BQXK-nın səylərinin artırılmasının zəruri olduğunu bildirib.

BQXK-nın prezidenti P.Maurer isə öz növbəsində Azərbaycan ilə BQXK arasındakı mövcud əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. O, təmsil etdiyi təşkilatın Şahbaz Quliyev və Dilqəm Əsgərovun vəziyyəti ilə mütəmadi olaraq maraqlandığını və bu istiqamətdə BQXK-nın mandatına uyğun olaraq öz humanitar fəaliyyətlərini davam etdirəcəklərini bildirib.

P.Maurer, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz siyasi həllini tapacağına ümid etdiyini vurğulayıb.

1news.az

 

Paylaş:
618

Son xəbərlər

Bütün xəbərlər