“Azadlıq” qəzetinin rəhbərinə xəbərdarlıq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azadlıq” qəzetinin rəhbərinə xəbərdarlıq edilib

22:21 - 06 / 05 / 2016
“Azadlıq” qəzetinin rəhbərinə xəbərdarlıq edilib

Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Azadlıq” qəzetinin 2016-cı il 5 may tarixli nömrəsində dərc edilmiş “Qalmaqallı qətllə bağlı sensasion təfərrüatlar” sərlövhəli məqalədə həmin nəşrin rəhbərliyi tərəfindən həqiqətə uyğun olmayan və ibtidai araşdırmanın maraqlarına zidd informasiyalar ictimailəşdirilməklə kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının tələbləri kobud surətdə pozulub.

Baş Prokurorluqdan 1news.az-a bildiriblər ki, 2015-ci il iyunun 25-də Bakı şəhər sakini Natəvan Əliyevanın qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılan istintaq zamanı toplanmış sübutlarla cinayətin mərhumun keçmiş əri Samir Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən S.Əliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmin hadisə ilə əlaqədar Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən ictimaiyyətə müvafiq açıqlama verilib.

Cinayət işi üzrə intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyi və bu barədə ölkə ictimaiyyətinə məlumatlar verilməsinə baxmayaraq, “Azadlıq” qəzeti tərəfindən təqsirləndirilən şəxs S.Əliyevin özünü müdafiə xarakteri daşıyan müraciəti əsasında guya cinayət işinin istintaqını aparan müstəntiqlə dialoqunun stenoqramının həqiqiliyi və əldə edilmə mənbəyinin qanuniliyi yoxlanılmadan, habelə istintaq orqanının münasibəti öyrənilmədən dərc edilməsi ibtidai araşdırma məlumatlarının yayılmasına, qətlə yetirilmiş N.Əliyevanın yaxın qohumlarının hüquq və mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla qanunvericiliyin müddəaları kobud surətdə pozulub, bununla da jurnalistika peşəsinə yaraşmayan mövqe nümayiş etdirilib.

Konkret faktlara əsaslanmamaqla, sensasiya yaratmaq naminə bu qərəzli məlumatların yayılması cinayətkarlığa qarşı mübarizə sahəsində respublikanın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmaqla, ictimai rəyi çaşdırmaq məqsədi güdür.

Qeyd edilənlərlə əlaqədar “Azadlıq” qəzetinin baş redaktorunun vəzifəsini icra edən baş redaktorun birinci müavini Rahim Hacıyev Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu qəzetdə “İnformasiya əldə etmək haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” qanunların müddəalarına əsasən cinayət işləri üzrə ibtidai istintaq yekunlaşmadan ibtidai araşdırmanın normal gedişinin və digər şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədlərinə zidd məlumatların yayılmasının yolverilməzliyi və gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

1news.az

Paylaş:
507

Son xəbərlər

Bütün xəbərlər