Hərbi Dəniz Qüvvələrinin hazırlıq və dalğıc poliqonunun açılışı olub - FOTO
Hərbi Dəniz Qüvvələrinin bazasında yeni inşa edilən dəniz hazırlığı və dalğıc poliqonunun mayın 7-də açılışı olub. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov açılışda iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, poliqon ən yeni dalğıc texnikası nümunələri, suyadalma vasitələri, xüsusi avadanlıqla təchiz edilib.
Poliqonun infrastrukturu ilə tanış olan nazir ərazidə yaradılan gəmi və qayıq avadanlığı kompleksləri, enerji, mühərrik, barokamera və təlimatçı otaqlarına, tədris hovuzuna, digər inzibati və xidməti bölmələrə baxış keçirib. Sonra təlim-məşq katerinə gələn Zakir Həsənov şəxsi heyətin praktiki hazırlığı üçün nəzərdə tutulmuş idarəetmə, gəminin davamlılığı və yanğına qarşı mübarizə postlarında da olub.
Xüsusi hazırlıq proqramına uyğun olaraq il boyu fasiləsiz davam edəcək nəzəri və praktiki məşğələlərdə dalğıclara sualtı üzgüçülük, qəza-xilasetmə və digər sualtı əməliyyatların yerinə yetirilməsi, eləcə də sualtı təchizat və avadanlıq barədə biliklər tədris ediləcək.