Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

13:04 - 10 / 05 / 2016
Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

İyunun 3-4-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək.

1news.az-ın məlumatına görə, qurultaya hazırlıq məqsədi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində təşkilat komitəsi yaradılıb.

Komitədən bildiriblər ki, qurultayda dünyanın 49 ölkəsindən 500-dən çox Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, habelə Azərbaycana dost münasibətilə tanınan xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri və elm adamlarından ibarət 50 nəfərə yaxın qonağın iştirakı gözlənilir.

Toplantıdа Dünya Azərbаycаnlılаrının III Qurultаyındаn keçən dövr ərzində görülmüş işlər müzаkirə оlunаcаq, həmçinin müasir dövrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, gənclərin diaspor hərəkatına cəlb olunması, lobbi quruculuğu və digər bir sıra mühüm məsələlər üzrə fikir mübadiləsi aparılacaq. Qurultayda qeyd olunan mövzuların müzakirəsi üçün panellərin təşkili, eləcə də Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının nümayəndələri ilə görüşlərin keçirilməsi də gözlənilir.

Qurultayda diaspor təşkilatlarının qarşısında duran vəzifələrin dəqiq müəyyən edilməsi, diaspor təşkilatlarının fəaliyyət strategiyasının müasir reallıqlara uyğun şəkildə qurulması, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq məsləhətləşmələr əsasında vahid təbliğat konsepsiyasının hazırlanması nəzərdə tutulur.

Qurultayın yekununda bir neçə sənədin qəbulu gözlənilir.

Hazırda dünyanın bir çox ölkəsində 450-dən çox Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir.

Xatırladaq ki, dünya azərbaycanlılarının I qurultayı ümummilli lider Prezident Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabrın 9-10-da Bakı şəhərində keçirilib. II Qurultay 5 il sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da baş tutub. Dünya Azərbaycanlılarının III Qurultayı isə 2011-ci ilin iyul ayının 5-6-da Bakı şəhərində keçirilib.

1news.az

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər