Qapını çırpmadan getdi, yaxud Davudoğlunun “səs-küylü istefasının” səbəbi nə idi
Türkiyənin baş naziri Əhməd Davudoğlunun bu yaxınlarda Ədalət və İnkişaf Partiyasının (AKP) sədrliyindən gedəcəyi haqqında xəbər Türkiyənin nisbətən aydın siyasət səmasında ildırım kimi çaxdı.
Ərdoğanın irəli çəkdiyi Davudoğlu prezidentin sağ əli nüfuzuna sahib idi. Bəzi müşahidəçilər belə güman edir ki, Davudoğlu müəyyən məsələlərdə Ərdoğana bənzəməyə çalışır, əsasən bu natiqlik bacarığında özünü göstərirdi. Onun Prezidentdən natiqlik sənətinin incəliklərini öyrənməyə çalışdığı hiss olunurdu. Türkiyə prezidentinin bu sahədəki uğuruna etiraz etmək mümkün deyil.
Bəs dünyanın ən güclü diplomatlarından birinin dünyanın qüdrətli ölkələrindən birində baş nazir kreslosundan imtana etməyə vadar edən səbəblər nədir? Yəqin ki, Davudoğlunun bunun üçün kifayət qədər tutarlı əsasları var idi. Bəs Qərbin bəzən “hiyləgər tülkü” adlandırdığı baş nazirin gedişi ilə Türkiyəni nə gözləyir?
Biz bu məsələ ilə əlaqədar azərbaycanlı ekspert Ceyhun Ələkbərova müraciət etdik.
Məqsədlər və vasitələr
“Davudoğlu bəyan edib ki, hazırkı şəraitdə o istefaya getməlidir. Ərdoğan isə deyir ki, bu baş nazirin öz istəyinin nəticəsidir. Lakin əgər bir insan partiyasının 6 ay öncə seçkidə inamlı qələbəsindən, Aİ ilə tarixi razılıq əldə olunduqdan və digər uğurlardan sonra gedirsə bunun çox ciddi səbəbləri vardır. Yaranmış vəziyyətdən görünür ki, ölkədə siyasi böhran mövcuddur,- C.Ələkbərov deyib.
Erdoğanın uzun zamandan bəri prezident idarəçiliyinə keçmək istəyi heç kimdən gizli deyil. Türkiyə prezidenti yeni Konstitusiyanın hazırlanmasını parlamentin əsas vəzifələrindən biri hesab edir. Konstitusiya quruluşunun dəyişdirilməsi bu gün də türkiyə siyasətinin gündəmində olan əsas məsələlərindən biridir. Onu həll etmək üçün Türkiyə siyasi dairələrində nə əksik idi?
Ekspertin fikrincə, Türkiydə yaranan hazırkı böhranın kökləri dərindir və burada məsələ heç də Əhməd Davudoğlunun şəxsi ilə bağlı deyil.
“Hər şey hazırkı parlamentin Türkiyənin dövlət quruluşunu dəyişə bilməməsi məsələsinə bağlanır. Prezident idarəçiliyi formasına keçid üçün 367 deputatın səsi lazımdır. Halbuki, hakim AKP partiyasının yalnız 317 mandatı var. Bundan əlavə “B” planı da var. Bu xalq səsverməsidir. Lakin bunun üçün də 330 deputatın səs verməsi lazımdır. Yəni burada da hakim partiya yetərli qədər səs toplaya bilmir. Müxalifət isə qəti şəkildə prezident idarəçiliyi formasına qarşı çıxır. Xalqın da buna birmənalı yanaşmadığı aparılan sorğulardan anlaşılır. Buna görə də Ərdoğan risk etmək istəmir”, - ekspert deyib.
Onun sözlərinə görə sonuncu hadisələr göstərir ki, Davudoğlu zamanında yuxarıda qeyd olunan ssenarinin həyata keçməsi ehtimalı az idi. Prezident idarəçiliyi formasına keçid Ərdoğan və onun yaxın silahdaşları üçün hər gün daha da çətinləşir, həllonmaz məsələyə çevrilirdi.
“Buna görə də prezident köklü tədbirlər həyata keçirməli oldu. Hazırkı vəziyyətdən yeganə çıxış yolu Davudoğlunun getməsi ola bilər. AKP sədri vəzifəsinə “daha sözəbaxan” partiya funksionerinin seçilməsi, ölkədə vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi ilə Ərdoğan ümid edir ki, hakim partiya yüksək qələbə qazanacaq və bununla da Konstitusiyanın dəyişdirilməsi haqqında qanun layihəsinin referenduma çıxarılması gərəyi ortadan qalxacaq”,- C. Ələkbərov vurğulayıb.
“Hoca” siyası zirvəni fəth edərək getdi
Siyasi karyerada Ərdoğan demək olar ki hər zaman yüksək xal qazanıb. Qərblə bağlı əsasən kəskin, bəzən isə manaqişəli bəyanatlar səsləndirməklə o, çoxdan “qərbi sevməyən” nüfuzu qazanmışdı. Təəccüblü deyil ki, bunu türk elektoratının əsas hissəsi, sadə insanalar daha çox bəyənirdi.
Ə.Davudoğlu Ərdoğanda olduğu kimi “kütləni idarəetmə” istedadına sahib olmasa da, geniş elmi bilikləri, geniş siyasi təcrübəsi, bir neçə xarici dili sərbəst bilməsi ilə necə deyərlər “mütəvazi ziyalılara” xitab edirdi. Bu isə qərb siyasi dairələrinə yaxın idi.
Məhz türk mətbuatının adlandırdığı kimi “hoca”nın Avropa İttifaqı ilə Türkiyə vətəndaşları arasında viza rejiminin ləğvi ilə bağlı müvəffəqiyyətlərin böyük hissəsi düşür. Eləcə də, yalnız o, qısa zaman ərzində Avropa ilə ümumi dil tapan ilk türk siyasi xadimi kimi tarixə düşəcək: “Ərdoğan isə, zamanında partiya fəalı kimi digərlərini deyil, məhz Davudoğlunu partiyanın yeni sədri olaraq irəli çəksə də, bu müvəffəqiyyətə 12 il ərzində nail ola bilməyib”.
“Ola bilər ki, Ərdoğan Davudoğlunun dünya siyasi arenasında mövqeyinin möhkəmlənməsinə, onun Qərbdə artan nüfuzuna bir az qısqanclıqla yanaşdı”, - ekspert dedi.
Yeri gəlmişkən, nüfuzlu “Financial Times” Davudoğlunun çox səs-küylü istefasını analiz edərkən təklif edib ki, bu, Türkiyə ilə Aİ arasında miqrasiya razılaşmalarını təhlükəyə sala bilər:
“Qeyd etmək lazımdır ki, bütün bunlarla yanaşı Davudoğlu prezident idarə üsulunu həvəssiz olaraq dəstəkləyirdi, ölkənin cənub-şərqindəki hərbi birləşmənin və jurnalistlərin təqib edilməsinin əleyhinə çıxış edirdi, həmçinin kürd liderləri ilə danışıqlar prosesinin yenilənməsinə çağırırdı. Bütün bu məsələlərlə bağlı onun prezidentlə mübahisələri olurdu. Ərdoğana isə bu mərhələdə daha sadiq baş nazir lazımdır”.
Atla gediş
Beləliklə, prezident Ərdoğan ölkənin bu çətin günündə “atla gediş” etmək və ölkənin bütün yükünün məsuliyyətini öz üzərinə salmaq istədi.
Ekspertin fikrincə, Davudoğlu AK Partinin mayın 22-də keçiriləcək fövqəladə iclası ərəfəsində istefa verəcək və bu iclasda sədr olaraq öz namizədliyini irəli sürməyəcək.
“Türkiyənin baş naziri AKP-nin yeni sədri olacaq ki, o da bir sıra partiyadaxili səlahiyyətlərdən məhrum ediləcək. Bütün məsələlər prezidentin iradəsi ilə partiya islasında həll olunacaq (yeri gəlmişkən, Davudoğlunun getmək səbəblərindən biri məhz onun sədr kimi səlahiyyətlərinin azaldılması oldu”, - C.Ələkbər qeyd edib.
AKP-nin dünənki iclası zamanı sədr vəzifəsinə irəli sürülən namizədlərdən – nəqliyyat naziri Binəli Yıldırım, energetika naziri, həmçnini ölkə prezidentinin kürkəni Berat Albayraq, ədliyyə naziri Bəkir Bozdağ, səhiyyə naziri Mehmet Müəzzinoğlu və baş nazirin müavini Numan Kurtlumuş olmasına baxmayaraq, azərbaycanlı ekspert hesab edir ki, ən real namizədlər yalnız üç nəfərdir: “Binəli Yıldırım, Numan Kurtlumuş və Bəkir Bozdağ”.
“Lakin partiya sədri AKP-dən olan istənilən deputat seçilə bilər, belə ki, bu, gələcəkdə formal xakter daşıyacaq”- C.Ələkbər bildirib.
“Hadisələrin inkişafı ilə bağlı ikinci variant da var – istisna deyil ki, prezident erkən seçki çağıra və başda digər “funksionerlər” olan “texniki rəhbərlik” təyin edə bilər” – o, hesab edir.
Ən azından prezident Davudoğlunun gedişi ilə “dərindən nəfəs ala bilər” və bundan sonra tamamilə öz məqsədlərinə yönələ bilər. Əlbəttə ki, bütün bunlara onun nail olması asan olmayacaq, lakin bu məsələ heç də həlledilməz deyil. Bütün bunlardan nə alınacağını isə zaman göstərəcək.
1news.az