Qafqazın neotektonik xəritəsi hazırlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Qafqazın neotektonik xəritəsi hazırlanacaq

00:07 - 13 / 05 / 2016
Qafqazın neotektonik xəritəsi hazırlanacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri Gürcüstan və Rusiyalı həmkarları ilə birgə “Qafqazın neotektonik xəritəsi”ni tərtib etməyi planlaşdırır.

1news.az-ın məlumatına görə, burada geoloji təkamülün ən yeni dövründə - son 10-12 milyon il ərzində Qafqazın ərazisinin dərinliklərində geotektonik hərəkətlər, şaquli və üfüqi proseslərin diferensiasiyası, müasir dövrün aktiv tektonikası, seysmik aktivliyin təzahürləri və s. məlumatlar öz əksini tapacaq.

AMEA-nın prezidenti, GGİ-nin direktoru, akademik Akif Əlizadənin təşəbbüsü ilə nəzərdə tutulan layihə bu günlərdə Gürcüstan Milli Elmlər Akademiyasında (GMEA) müzakirə olunub. AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və AMEA-nın müxbir üzvü Tələt Kəngərli GMEA-nın vitse-prezidenti, akademik İrakli Qamkrelidze, həmçinin Yer Elmləri İnstitutunun rəhbərliyi və heyəti ilə görüşüblər. Görüşlər zamanı sözügedən xəritənin tərtibi istiqamətində qarşılıqlı imkanlar araşdırılıb.

Qeyd edək ki, GGİ əməkdaşlarının eyni məqsədlə növbəti görüşü mayın sonunda Rusiya Elmlər Akademiyasının Geologiya və Yerin Fizikası İnstitutlarında olacaq. Üç ölkənin alimlərinin səyləri ilə hazırlanacaq xəritənin nəşri 2018-ci il üçün nəzərdə tutulur.

1news.az

 

Paylaş:
592

Son xəbərlər

Bütün xəbərlər