Gürcü politoloq: Metsamor AES ciddi təhlükə mənbəyidir
MAQATE və digər beynəlxalq təşkilatlar Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini nəzarətə götürməlidirlər.
Bu stansiya ciddi təhlükə mənbəyidir və onun fəaliyyəti birdəfəlik dayandırılmalıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Terror və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tbilisi Dövlət Universitetinin müəllimi, politoloq Badri Natçkebia söyləyib.
O deyib ki, bu yaxınlarda Gürcüstanda uran-238 elementini satmaq istəyən şəxslər həbs olundular. İki dəfə belə bir təhlükəli maddənin satışına cəhd göstərildi. Araşdırmalar zamanı aydın oldu ki, tutulan Ermənistan vətəndaşlarından biri Metsamor AES-də işləyib. Digəri isə uzun illər Ermənistan xüsusi xidmət orqanlarında çalışıb. Bu faktlar uran-238 elementinin Gürcüstana Ermənistandan gətirilməsi faktını bir daha təsdiqləyir. Ona görə də, əminliklə deyə bilərəm ki, bu maddə məhz Ermənistandan gətirilib. Hamıya bəllidir ki, nə Azərbaycanda, nə də Gürcüstanda bu qəbildən olan maddələr yoxdur. Ermənistandakı Metsamor AES isə əsl uran mənbəyidir.
Politoloqun fikrincə, Metsamor AES ümumiyyətlə radioaktiv təhlükə mənbəyidir. Bu stansiyanın istifadəyə verilməsindən xeyli vaxt ötüb və stansiya yararsız vəziyyətə düşüb. Bu il bu stansiyanın bağlanılması ilə bağlı müzakirələrin açılacağı gözlənilirdi. Amma təəssüf ki, Ermənistan tərəfi yenə də bundan imtina edir və regionumuz üçün təhlükə yaratmaqda davam edir: “Çernobıl faciəsini unutmamalıyıq. Ermənistandakı AES təkcə Azərbaycan və Gürcüstan üçün deyil, mən deyərdim ki, əslində dünyanın özü üçün böyük təhlükə mənbəyidir. Bizə sağlam cəmiyyət, sağlam dünya lazımdır. Amma bu gün fauna və floramız, bütövlükdə cəmiyyətimiz təhlükə ilə qarşı-qarşıyadır. Hesab edirəm ki, Metsamor AES-in bağlanması ilə bağlı Azərbaycan tərəfinin başlatdığı petisiya çox düzgün addımdır. Gürcüstan vətəndaşları da buna fəal qoşulmalıdırlar”.
Politoloq son günlər Ermənistan siyasətçilərinin yenidən atom silahı əldə etmək barədə çıxışlarına da münasibət bildirib. O deyib: “Hələ 1989-cu ildə Ermənistandakı radikal qruplaşmalardan birinin rəhbəri İqor Muradyan ölkəsində atom silahının yaradılmasının zəruriliyi barədə bəyanatla çıxış etmişdi. Bu günlərdə isə Ermənistan parlamentinin deputatı Qranat Baqdaryan eyni bəyanatı təkrar edib. Belə bəyanatlar bir daha sübut edir ki, Ermənistan bölgədə sülhün, əmin-amanlığın, təhlükəsizliyin pozulmasında maraqlıdır. Düzdür Ermənistanın atom silahına sahib olması barədə siyasətçilərin bəyanatları hələlik inandırıcı deyil. Amma elm, texnologiyanın sürətli inkişafı dövründə indi belə silahlara sahib çıxmaq elə də çətin deyil. Ona görə də hesab edirəm ki, MAQATE və digər beynəlxalq təşkilatlar regiona diqqəti artırmalıdırlar. Cənubi Qafqazda iki dəfə belə bir təhlükəli maddənin satışına cəhd göstərilməsi çox ciddi məsələdir və diqqətdən kənarda qala bilməz”.
B.Nateçkebianın fikrincə, Gürcüstan da bu məsələdə çox diqqətli olmalıdır. Uran-238 maddəsini satmaq istəyən şəxslər tutularkən Gürcüstanın xüsusi xidmət orqanları dərhal ABŞ-dan ekspert dəvət etməli və ya digər ölkələrdən beynəlxalq ekspertlərin diqqətini məsələyə cəlb etməli idi.
“Gürcüstan NATO-ya üzv olmaq istəyir, Avropaya inteqrasiya edir. Ona görə də regionda təhlükəsizlik məsələsinə ciddi yanaşılmalı və obyektiv araşdırma aparılmalıdır”, - deyə Nateçkebia vurğulayıb.