Nadir Hollenbrand: Qurultay dünya azərbaycanlılarını Vətən naminə daha çox birgə iş görməyə ruhlandırdı
Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçılarından olan İsveçdə fəaliyyət göstərən “Azərbaycan naminə” Cəmiyyətinin sədri Nadir Hollenbrand tədbirlə bağlı fikirlərini bölüşüb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, N.Hollenbrand bu qurultayın dünya azərbaycanlılarını bir-birinə daha da yaxınlaşdırdığını və Vətən naminə daha çox birgə iş görməyə təşviq etdiyini bildirib.
Dünya Azərbaycanlıları Qurultayının keçirilməsinin gözəl ənənə halı aldığını bildirən Cəmiyyətin sədri bu tədbirin ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşdığını xatırladıb. O qeyd edib ki, mövcud ənənənin bu gün də yaşadılması və diasporumuzun inkişafı yolunda atılan addımlar bu işdə gözəçarpan irəliləyişə nail olmağa imkan verib. N.Hollenbrand deyib: “Harada yaşamasından asılı olmayaraq bu qurultaylarda hər bir azərbaycanlı Vətənə dəvət edilir. Bu da həmvətənlərimizi birgə amal uğrunda birləşdirir”.
Prezident İlham Əliyevin qurultaydakı tarixi nitqinin əhəmiyyətindən danışan “Azərbaycan Naminə” Cəmiyyətinin sədri qeyd edib ki, proqram xarakterli bu nitq bizim üçün yeni vəzifələr müəyyənləşdirdi və biz bu vəzifələri yerinə yetirmək üçün səylə çalışacağıq.
N.Hollenbrand Azərbaycanla bağlı sayt yaratmaq və bu saytda ölkəmizə dair xəbərləri yerləşdirmək, bununla da Azərbaycanın nailiyyətlərini dünyaya obyektiv şəkildə təqdim etmək planlarından da söz açıb. O, “Azərbaycan Naminə” Cəmiyyətinin artıq bu istiqamətdə fəaliyyətə başladığını diqqətə çatdırıb.
Xarici ölkələrdə yaşayan azərbaycanlıların Diasporla İş üzrə Dövlət Komitəsi ilə məhsuldar iş birliyinin formalaşdığını deyən Cəmiyyətin sədri fəaliyyətləri haqqında danışarkən kütləvi informasiya vasitələri, müxtəlif yerli, beynəlxalq təşkilatlar ilə bir sıra işlər gördüklərini diqqətə çatdırıb.
1news.az