Almaniya səfəri: Prezidentin demokratik və dəqiq mövqeyi – Newtimes.az
Son zamanlar qlobal miqyasda geosiyasi proseslər daha mürəkkəb və ziddiyyətli xarakter alıb. Böyük dövlətlər arasında münasibətlərin gərginləşməsi müxtəlif regionlarda risk faktorunu artırıb. Belə bir şəraitdə ATƏT-ə sədrlik edən və güclü iqtisadiyyata malik Almaniya ilə əlaqələr vacibliyi ilə seçilir.
Həm də ona görə ki, bu yaxınlarda Almaniya Bundestaqı uydurma "erməni soyqırımı"nı tanıyıb. Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə səfərinə bu məsələlər müstəvisində baxdıqda, onun böyük əhəmiyyət kəsb etdiyini görürük. Ölkə başçısının Almaniyada apardığı danışıqların məzmunu təsdiq edir ki, bu səfər olduqca səmərəli olub. Tərəflər qarşılıqlı maraq doğuran məsələləri ciddi müzakirə ediblər. Azərbaycan Prezidenti həmişə olduğu kimi, müstəqil, məntiqli və demokratik bir mövqe nümayiş etdirib. Prezident ədalətin, əməkdaşlığın və sülhün tərəfdarı olduğunu bir daha ortaya qoyub.
Münaqişənin həlli: rəsmi Bakı konkret və ədalətli fəaliyyət gözləyir
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri bir neçə aspektdə əhəmiyyətli dövrə təsadüf etdi. Hər şeydən əvvəl, bu ölkə hazırda ATƏT-ə sədrlik edir. Berlinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində məsuliyyəti çoxdur. Çünki Almaniya həm də ATƏT-in Minsk qrupunun üzvüdür və həmsədr olmağa iddialıdır. Yeri gəlmişkən, bu barədə Kansler Angela Merkel dövlət başçısı İlham Əliyevlə apardığı danışıqlardan sonra təşkil edilən mətbuat konfransında fikir bildirib.
Xanım Kansler deyib: "Hazırda ATƏT-ə sədrlik edən Almaniya münaqişənin sülh yolu ilə həll edilməsinə öz töhfəsini vermək istəyir. Buna nail olmaq üçün nəinki atəşkəs rejiminə əməl etmək lazımdir, eyni zamanda, siyasi proses irəliləyərək davam etdirilməlidir. Minsk qrupu fəaliyyət göstərir. Biz hesab edirik ki, Minsk qrupu təkcə həmsədrlər formatında görüşməməlidir. Eyni zamanda, bura başqaları da daxil olmalıdır, məsələn, Almaniya (bax: Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Kansleri Angela Merkelin mətbuat konfransı / AZƏRTAC, 8 iyun 2016).
Əlbəttə, Almaniya kimi nüfuzlu bir dövlətin Minsk qrupunda həmsədrlərdən biri olması müsbət hal olardı. Ən azından münaqişənin həllinin 3 böyük dövlətin təsiri altından çıxması imkanı qazanılardı. Ancaq ABŞ, Fransa və Rusiya da kifayət qədər güclü, nüfuzlu və təsiri olan ölkələrdir. Onlar 20 ildən çoxdur ki, münaqişənin həllində ciddi irəliləyiş əldə edə bilmirlər.
Geosiyasi aspektdə həmin dövlətlərlə təqribən eyni mövqedə olan Almaniyanın həmsədr olması real olaraq nəyi dəyişə bilər? Həm də bu ölkə qondarma "erməni soyqırımı"nı tanımaqla özünün mövqeyini bildirməyibmi? Əgər Berlin Xocalı soyqırımını tanısaydı, bizim onun obyektivliyi ilə bağlı sualımız olmazdı. Ancaq cəmi bir neçə il əvvəl, hamının gözü qarşısında olan soyqırımını deyil, 100 il əvvəl "olmuş" və kifayət qədər araşdırılmamış hadisəyə siyasi qiymət varsa, deməli, Berlinin tərəfsizliyi müzakirə edilə bilər.
Digər faktor Avropa İttifaqının Cənubi Qafqazda sosial, siyasi, iqtisadi və enerji sferalarında daha da fəallaşmaq planlarının mövcudluğu ilə bağlıdır. Bu kontekstdə Almaniyanın mövqeyini dəqiqləşdirmək maraqlı olardı. Başqa məqam Bundestaqın uydurma "erməni soyqırımı"nı tanıması ilə əlaqəlidir. Almaniyanın özünə yaraşmayan bu davranışı fonunda Azərbaycan Prezidentinin Berlinə səfər etməsi Bakının qlobal düşündüyünə və ümumilikdə əməkdaşlığa yüksək qiymət verdiyinə işarə oldu.
Prezident İlham Əliyevin Berlində yüksək səviyyədə qarşılanması və çox səmərəli müzakirələrin aparılması onu göstərdi ki, ölkə rəhbəri uzaqgörən, səmərəli siyasət yeridir. Tərəflər arasında fikir mübadiləsi əsas olaraq üç mühüm sahəni – enerji-iqtisadi əlaqələri, Dağlıq Qarabağ məsələsini, regionun geosiyasi sabitliyinin, təhlükəsizliyin təmin edilməsini əhatə edib (bax: əvvəlki mənbəyə və Berlində Azərbaycan-Almaniya İqtisadi Forumu keçirilib / AZƏRTAC, 7 iyun 2016).
Azərbaycan Prezidenti müzakirə edilən bütün məsələlər barədə müstəqil və ədalətli mövqeyini ortaya qoyub. Hətta Almaniya Kansleri Angela Merkelin üzərindən üstüörtülü keçmək istədiyi mövzularda Prezident İlham Əliyev dəqiqlik nümayiş etdirib, həqiqəti söyləyib. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkə rəhbəri konkret faktlarla çıxış edib. Əvvəlcə Almaniya Kanslerinin ifadə etdiyi fikirlərə nəzər salaq.
Angela Merkel bütövlükdə konstruktiv mövqe nümayiş etdirib. Xanım Kansler ATƏT-in Minsk qrupunun münaqişənin həllində əsas rol oynamalı olduğuna işarə edib. Bunun üçün Minsk qrupunun "razılaşdırılmış prinsiplər əsasında fəaliyyət göstərməli" olduğunu vurğulayıb (bax: əvvəlki mənbəyə). Əgər belə olsa, Berlin həmin prosesə daha aktiv dəstək verəcək.
Maraqlıdır, indiyə qədər razılaşdırılmış prinsiplər mövcud deyil? Bəs onda Madrid prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və digər aidiyyəti sənədlərdə müəyyən edilən qaydalar nə üçündür? Başqa nəyi razılaşdırmaq gərəkdir? Berlinin bu məsələdə daha obyektiv və dəqiq olması daha yaxşı olardı. Çünki onsuz da ağıl öyrətmək, öyüd-nəsihət vermək fikrində olan dövlətlər az deyil.
Kanslerin çatdırdığı digər fikir belədir ki, "münaqişənin bütün tərəfləri danışıqlar masasına əyləşməlidirlər və onun həllinə nail olmalıdırlar. Birtərəfli həll olmamalıdır" (bax: əvvəlki mənbəyə). Burada xanım Merkel "bütün tərəflər" deyəndə nəyi nəzərdə tutur? Separatçıların yaratdıqları qondarma qurumumu? Əgər proseslərin indiki mərhələsində Almaniya Kansleri bu barədə danışırsa, deməli, o, mövcud formatı mükəmməl hesab etməyib, burada əlavə tərəflərin iştirakının vacib olduğunu düşünür.
Çox güman ki, almanlar erməni separatçılarını nəzərdə tuturlar. Belə isə, bu, münaqişəni həll etmək yox, onun ədalətsiz həlli "üsulu"nu axtarmaqdır. Çünki Dağlıq Qarabağdan və işğal edilmiş ətraf rayonlardan 100 minlərlə insan öz yurdundan didərgin salınıb və bunu edənləri danışıqlar masasına oturtmaq tarixi ədalətsizlikdir. Xocalıda vəhşicəsinə kütləvi qətllər törədənlər əvvəlcə məhkəmə qarşısında cavab verməlidirlər. Bunun əvəzində, "danışıqlarda bütün tərəflər"in iştirakını təmin etməyi düşünmək doğru iş deyil.
Bəlkə, xanım Kansler Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının da danışıqlara qatılmasına işarə edir? Onda bunu açıq və dəqiq ifadə etmək gərəkdir, diplomatik ibarələr bu anda xeyirli ola bilməz.
Strateji tərəfdaşlıq: enerji və milli təhlükəsizliyin qovşağında
Sonra Angela Merkel Cənubi Qafqazda münaqişələrin həll edilməməsinin sabitliyə mane olduğunu deyib, həmin kontekstdə Rusiya və İran faktoruna ayrıca diqqət yetirib. Tehrana qarşı tətbiq edilən sanksiyaların ləğvinin bu məsələdə müsbət rol oynayacağından danışıb. Rusiyaya gəldikdə isə, o, "ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində... mühüm rol oynayacaq" (bax: əvvəlki mənbəyə). Ümumən isə Berlin həmsədr ölkələrin hamısına dəstək verməyə hazırdır.
Bütövlükdə maraqlı məsələlərdir. Lakin Azərbaycan tərəfi vəziyyətin bu hala gəlməməsi üçün beynəlxalq tədbirlərdə, ikitərəfli görüşlərdə, rəsmi iclaslarda neçə dəfə dünyanı xəbərdar edib? Sayı-hesabı yoxdur. Prezident İlham Əliyev aydın və dəqiq ifadələrlə, dərin təhlillər, düzgün proqnozlar əsasında müxtəlif səviyyələrdə keçirilən görüşlərdə başa salıb ki, əgər təcavüzkarı dayandırmasaq, regionu böyük təhlükələr gözləyir. Uzun illərdir ki, rəsmi Bakının bu ədalətli mövqeyinə lazımi reaksiya verməyib, İran və Rusiyanın mühüm rol oyanayacağından danışmağın mənası nədir, bilinmir!
Doğrudan da, Tehran və Moskvanın ermənilərə təsiri böyükdür. Xüsusilə Kreml Ermənistana ciddi nəzarət edir. İndi Moskva Azərbaycanla da bütün istiqamətlərdə əlaqələri inkişaf etdirir. Prezident İlham Əliyev tam haqlı olaraq Berlində bəyan edib ki, "Rusiya bizim qonşumuzdur və bizə dost ölkədir. Bizim çox konstruktiv və mehriban münasibətlərimiz var. Biz Rusiya ilə bir çox sahələrdə əməkdaşlıq edirik – iqtisadi sahədə, təhlükəsizlik sahəsində, nəqliyyat sahəsində. Bizim yaxşı ticarət əlaqələrimiz var və biz Rusiyanı öz strateji tərəfdaşımız hesab edirik. Rusiyanın da Azərbaycana qarşı münasibəti eynidir" (bax: Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Kansleri Angela Merkelin mətbuat konfransı / AZƏRTAC, 8 iyun 2016).
Bunlar məlumdur. Bəs Qərb hansı addımları atır? Hər şeyi Rusiyanın üstünə atmaqla iş bitmir. Çünki dünyanın böyük dövlətlərinin geosiyasi nüfuz uğrunda gərgin mübarizə apardığı məlumdur. Bu kontekstdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya ilə bərabər ABŞ, Fransa və Avropanın digər böyük dövlətləri də səmimi olaraq çalışmalıdırlar. Vasitəçilik iddiasında olanlarda məhz bu səmimiyyəti görə bilmirik.
Bu reallıqlar müstəvisində Almaniya Kanslerinin Azərbaycanla iqtisadiyyat və enerji sahəsində əməkdaşlığa böyük önəm verməsi, xüsusilə Avropanın enerji təhlükəsizliyində Bakının oynadığı rolu yüksək qiymətləndirməsi diqqətimizi çəkir. Təsadüfi deyil ki, xanım Merkel ""Cənub qaz dəhlizi"nin bu baxımdan regional əməkdaşlığa, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı iqtisadi əməkdaşlığının genişləndirilməsinə töhfə verdiyini bildirib. Bundan başqa, Azərbaycanda insan haqlarının təmin olunması, demokratikləşmə prosesinin inkişafı istiqamətində atılan müsbət addımları vurğulayıb" (bax: Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Kansleri Angela Merkelin görüşü olub / AZƏRTAC, 7 iyun 2016).
Bunun müsbət hal olduğuna şübhə yoxdur. Lakin bir sıra məqamlarda daha konkret mövqe bildirilməsi zəruridir. Berlin regionda iqtisadi əməkdaşlıq və ya Azərbaycanda Almaniyanın siyasi fəaliyyəti ilə bağlı kifayət qədər dəqiq fikirlər ifadə edir. Xüsusilə insan haqlarının qorunması, söz və ifadə azadlığı kimi aspektlərdə bütövlükdə Qərb konkret mövqe ortaya qoyur. Avropa siyasi institutlarında bunu təsdiq edən kifayət sayda müzakirələr olub. Onların əksəriyyətində hətta qeyri-real faktlara görə Azərbaycanı ittiham etməyi vərdiş etmiş qruplar mövcuddur.
Bu cür canfəşanlığın fonunda Ermənistandan və Dağlıq Qarabağdan, işğal edilmiş ətraf rayonlardan erməni faşistləri tərəfindən qovulmuş 1 milyondan çox insanın haqlarının müdafiəsindən Avropa ölkələri, o cümlədən Almaniya niyə söz açmır? Hansı səbəblərdən almaniyalı deputatlar (ilk növbədə mifik "erməni soyqırımı" haqqında layihə hazırlayan kökü Tokatdan olan Bundestaq deputatı, "yaşıl" Cem Özdemir) Almaniya parlamentində Xocalı soyqırımının tanınması ilə bağlı layihə hazırlamır?
Ən son olaraq Prezident İlham Əliyevin Berlində də xüsusi qeyd etdiyi kimi, Ermənistanın aprel təxribatları nəticəsində 6 mülki şəxsin həlak olmasına, 100 evin tamamilə dağıdılmasına və 500 evin zərər görməsinə Avropanın hansı ölkəsinin parlamenti siyasi-hüquqi qiymət verməyə hazırlaşır? Nəinki hazırlaşmır, heç yada belə salmırlar, guya Ermənistan bunları etməyib. Bunun əvəzində, Azərbaycan və Türkiyədə separatçıları müdafiə edən, onların "haqlarından" danışan, özü də Qərbdə məskunlaşan dairələr daha da fəallaşırlar.
Deməli, Avropanın mövqeyində bir ziddiyyət vardır. Bir tərəfdən tarixi ədalətin bərpasından söz açırlar, keçmişə aid həqiqətlərlə üzləşməni ortaya atırlar və bu zaman bütün ölkələrin bunu etməsini istəyirlər, digər tərəfdən isə tarixi baxımdan günümüzdə baş vermiş böyük faciəyə, erməni faşizminin qanlı əməli olan Xocalı soyqırımına laqeyd qalırlar. Konkret ifadə etsək, Avropa Dağlıq Qarabağ münaqişəsinə və Ermənistana münasibətdə dəqiq və ədalətli mövqe nümayiş etdirmir.
Prezident İlham Əliyev isə konkret fikirləri, birmənalı mövqeyi ilə nümunə göstərir. Azərbaycanın dövlət başçısı Berlində də bu mövqeyini aydın şəkildə ortaya qoyub. Dövlətimizin başçısı Almaniya Kanslerinin dediklərinə hörmətlə yanaşmaqla, öz mövqeyini də ifadə edib.
Ölkə rəhbəri deyib ki, "Biz bu münaqişənin beynəlxalq hüquq normaları və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icra olunması əsasında ən tez zamanda həllini istəyirik. Bu dörd qətnamə iyirmi ildən çoxdur ki, qəbul edilib və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir və onların icrası üçün heç bir mexanizm yoxdur. Təəssüflər olsun ki, beynəlxalq hüququ kobud şəkildə pozduğuna, etnik təmizləmə siyasəti yürütdüyünə və suveren dövlətin ərazisinin iyirmi faizini işğal etdiyinə görə Ermənistana heç bir sanksiya tətbiq edilməyib" (bax: Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Kansleri Angela Merkelin mətbuat konfransı / AZƏRTAC, 8 iyun 2016).
Müstəqil siyasi kurs: İlham Əliyev ustalığı
Reallıq bundan ibarətdir. Ermənistan beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə məhəl qoymur, 20 ildən çoxdur ki, prosesləri süründürür və Almaniya da daxil olmaqla dünyanın böyük dövlətləri buna göz yumur. İndiyə qədər İrəvana qarşı heç bir sanksiya tətbiq edilməyib. Avropada bu suala cavab verməyi xoşlamırlar.
Bu kontekstdə apreldə baş verən hadisələrə də Qərbdə münasibət arzu olunan səviyyədə deyil. Serj Sarkisyan həmin hadisələrdən dərhal sonra Berlinə səfər etdi və ona haqsız olduğu açıq deyilmədi. Ermənistan prezidenti Angela Merkelə açıq-aşkar, utanmadan yalanlar danışdı, lakin Kansler buna etirazını bildirmədi. Əvəzində, Bundestaq "erməni soyqırımı"nı tanıdı.
Bütün bunlara rəğmən, Azərbaycanın dövlət başçısı "münaqişənin sülh yolu ilə, tez bir zamanda, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq qətnamələr əsasında həllini" istədiyini açıq bəyan edib (bax: əvvəlki mənbəyə). Bu, Azərbaycan dövlətinin sülhə, barışa və əməkdaşlığa sadiqliyinin ifadəsidir. Onu Avropada anlamalıdırlar.
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin, həmsədr ölkələrin prezidentlərinin status-kvonun dəyişməli olduğunu bəyan etdiklərini xatırladıb. Bu, işğal edilmiş ərazilərin azad olunmasını nəzərdə tutur. Ancaq həmin istiqamətdə konkret hansı addımlar atılıb? Minsk qrupunun həmsədr dövlətləri və beynəlxalq təşkilatlar praktiki olaraq heç bir iş görməyiblər. Onlar Ermənistan kimi zəif və cırtdan bir dövlətə "təcavüzə son qoy" deməyiblər. Bu baxımdan Angela Merkelin "biz təzyiq və təsir vasitələrindən istifadə etməyə səy göstərəcəyik" deməsi maraqlı görünür (bax: əvvəlki mənbəyə). Belə çıxmırmı ki, böyük dövlətlər hələ də təzyiq etməyə deyil, buna "səy göstərməyə" çalışacaqlar? Bu sürətlə münaqişənin həllində çox gecikmirlər ki?
Bunlarla yanaşı, ölkə başçısı İlham Əliyev Almaniya ilə iqtisadi və enerji sahəsindəki əlaqələrə yüksək qiymət verdiyini söyləyib, rəsmi Bakının bu istiqamətdə atdığı konkret addımları ifadə edib. Prezident Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda irəli sürülən təkliflərin əhəmiyyətini yüksək qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycan ilə ticarətin Almaniyanın Cənubi Qafqaz regionu ilə apardığı ticarət əməliyyatlarının 80 faizini təşkil etməsi faktının vacibliyini vurğulayıb və bunun inkişaf etdirilməsi zərurətini qeyd edib. Dövlət başçısı həm də Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolunu oynamasının böyük əhəmiyyət daşıdığını vurğulayıb (bax: əvvəlki mənbəyə).
Rəsmi Bakı irəli sürdüyü layihələrlə bu mövqeyində möhkəm dayandığını dünyaya sübut etməkdədir. Bu sırada Qərbin, o cümlədən Almaniyanın da xüsusi qiymət verdiyi "Cənub qaz dəhlizi" ilə bağlı Azərbaycan Prezidentinin atdığı qətiyyətli addımların ayrıca əhəmiyyəti vardır. Amerika və Avropanın böyük dövlətlərinin başçıları həmin həqiqəti etiraf edir, bu barədə açıq bildirirlər. Onlar gözəl bilirlər ki, Azərbaycan Prezidenti verdiyi sözlərə tam əməl edəcək, nəzərdə tutulan bütün layihələrin reallaşması üçün əlindən gələni əsirgəməyəcək. Bu mənada Cənubi Qafqazda regional əməkdaşlığın qaynağı Qərb, Şərq və ya Şimal deyil, Azərbaycandır.
Prezident İlham Əliyevin Berlində söylədiyi fikirlər təsdiqləyir ki, Azərbaycanın Avropa ilə Asiya arasında müxtəlif sahələrdə körpü rolunu oynamasının səbəbi kənarda deyil, Azərbaycanın dövlət və ölkə kimi özünün mahiyyətindədir. Cənubi Qafqazda ondan başqa heç bir dövlət bunu bacara bilməz. Çünki onların tarixində həmin birləşdirici məqam yoxdur. Təbii ki, bunu Avropa, o cümlədən Almaniyada da yaxşı bilirlər. Almanlar tarixən regionu yaxşı tədqiq ediblər, burada yaşayan hər bir xalqın dövlətçilik ənənəsini öyrəniblər, mədəniyyətlərini, psixologiyalarını mənimsəyiblər. Lakin təəssüf ki, hələlik dini təəssübkeşlik, geosiyasi maraqlar və başqa faktorlar alman ədalətinin reallaşmasına imkan vermir. Bundestaqın "soyqırımı sənədi" isə həmin ədalət üçün "matəm marşı" kimi qəbul edilə bilər.
Məhz bu cür ziddiyyətli məqamların mövcudluğu şəraitində Prezident İlham Əliyevin Berlində müstəqil, ədalətli, reallığa hesablanmış və təmkinli mövqe nümayiş etdirməsi böyük hadisədir. Azad Azərbaycanın Prezidenti növbəti dəfə konstruktiv və uzaqgörən mövqedə olmağın əhəmiyyətini sübut etdi.
Bütün bunlar Azərbaycan Prezidentinin Almaniyaya səfərinin çox uğurlu olduğunu təsdiqləyir. Prezident İlham Əliyev növbəti dəfə müstəqil və düşünülmüş xarici siyasət yeritdiyini, hər bir şəraitdə Azərbaycanın dövləti və milli maraqlarını önə çəkdiyini nümayiş etdirdi. Artıq bunu Qərbdə də yaxşı bilirlər və rəsmi Bakı ilə hesablaşırlar. Bu baxımdan Prezident İlham Əliyevin Almaniya səfərinin müsbət bəhrələri özünü göstərəcəkdir.
Newtimes.az