Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yollar” sərgisi açılıb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yollar” sərgisi açılıb - FOTO

17:02 - Bu gün
Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yollar” sərgisi açılıb - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC və “Balakhani Operating Company” LTD-nin təşkilatçılığı ilə Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yollar” adlı fotosərginin açılışı keçirilib.

1news.az xəbər verir ki, sərgi XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda neft və dəmir yolları arasında formalaşan qarşılıqlı əlaqəni əks etdirən nadir arxiv fotolarını təqdim edir. Bu fotoların əksəriyyəti ilk dəfədir ki, ictimaiyyətə nümayiş olunur.

Tədbir “Azərbaycan Dəmir Yolları”nın 145 illik yubileyinə həsr olunmuş “Üç əsrin yaddaşı” adlı qısa filmin nümayişi ilə başlayıb.

Açılış mərasimində çıxış edən “Balakhani Operating Company”nin prezidenti Rövşən Rzayev dəmir yolları və neft sahəsinin hər zaman Azərbaycanın iqtisadi inkişafının aparıcı qüvvələrindən olduğunu bildirib. O həmçinin qeyd edib ki, hazırda da neftçilərin qatarla gündəlik səfərə üstünklük verdiyini qeyd edib.

ADY-nin Kommunikasiya departamentinin müdiri Turxan Əhmədov ADY-nin tarixində neftin mühüm rolundan və dəmir yollarının sənayenin etibarlı tərəfdaşına çevrilməsindən danışıb:

“Neft Azərbaycan dəmir yollarını saldı, Dəmir Yolları isə Azərbaycan neftinin daşınmasında, dünyaya çatdırmadında xüsusi rolu olub. Bu sərgi sadəcə dəmir yollarının neftlə bağlantısını göstərmir, həm də bütün tarixin vizual hekayəsidir”.

Millət vəkili Vüqar Rəhimzadə isə çıxışında ölkəmizin iqtisadi inkişafında dəmir yollarının önəmindən bəhs edib:

“145 il ərzində Azərbaycan Dəmir Yolları kifayət qədər strateji quruma çevrilib və bu gün də öz üzərinə düşən məsuliyyətin öhdəsindən gəlməyi bacarır”.

“Qara qızılın saldığı dəmir yollar” sərgisi Azərbaycanın sənaye və nəqliyyat tarixində mühüm yer tutan iki sahənin – neft və dəmir yollarının bir-birini tamamlayan inkişaf yolunu nümayiş etdirir. 1880-ci ildə Azərbaycanın ilk dəmir yolu – Bakı–Sabunçu–Suraxanı xətti istifadəyə verilib. Bu qatarlar dünyada ilk dəfə nefti vaqon-sisternlərlə daşıyaraq tarix yazıb. Çox keçmədən dəmir yolları ilə təkcə neft deyil, həm də sərnişinlərin, Abşeronun mədənlərindən şəhərə və ya əksinə üz tutan minlərlə neftçi və onların ailələrinin daşınmasına başlayıb. 1926-cı ildə isə Bakıda keçmiş SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu istifadəyə verilib. Həmin xətt üzrə qatarlar bu gün Dəmiryol Muzeyinin yerləşdiyi binadan Sabunçuya yola düşürdü.

Fotolar 10 gün ərzində Dəmiryol Muzeyində nümayiş etdirildikdən sonra sərgi işini növbəti 10 gündə Sabunçu Dəmiryol Vağzalında davam etdirəcək.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər