Akademik Ramiz Mehdiyevin “Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili” adlı məqaləsi barədə düşüncələr
Dünya Azərbaycanlılarının IV Qurultayı bu il iyunun 3-4-də Bakı şəhərində uğurla keçirildi. Bu qurultaydan sonra iki əlamətdar tədbir - Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı və diasporun yaranması günləri qeyd edildi.
Əslində bunlar eyni amallar üçün göstərilən təşəbbüslərin bir mərkəzdən həyata keçirilməsini təmin edən qurumlardır. Dövrümüzün reallıqlarına uyğun olaraq qarşımızda duran vəzifələrin həyata keçirilməsi metodikasında bəzi məqamları akademik Ramiz Mehdiyevin də ifadə etdiyi meyarlar çərçivəsində dəyərləndirməyi vacib hesab edirəm.
Məsələyə bir həqiqətə diqqət çəkərək başlamaq istərdim. Dünyada soydaşlıq, vətəndaşlıq fəaliyyətini istiqamətləndirən diaspor quruculuğunun tarixi nöqteyi-nəzərindən yanaşsaq Azərbaycan çox gənc dövlətdir. Yəni, digər xalqların diaspor tarixi ilə müqayisədə Azərbaycanın diaspor tarixi yeni formalaşır. Azərbaycan diaspor təşkilatlarının yeni yaranmasına baxmayaraq, biz bu illərdə xeyli uğurlar əldə etmişik. Digər tərəfdən, özümüzü çox gənc, dinamik və eyni zamanda, yaşadığımız dünyanın dilini, mübarizə metodlarının xüsusiyyətlərini və üsullarını uğurla əldə etmənin təsirli vasitələrini ən optimal şəkildə ortaya qoyan tərəf olaraq görməliyik.
Erməni diaspor təşkilatlarının yalan və uydurma iddialar üzərində qurmağa çalışdığı tarix əslində bizim xeyrimizədir. Uzun və kəşməkəşli bir mübarizədə qarşımıza çıxan bütün maneələri aşaraq öndə olmağa potensialımız var. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi 15 ildir qurulmasına baxmayaraq, dünyanın müxtəlif dövlətlərində 462 diaspor təşkilatı ilə əməkdaşlıq edir.
Akademik Ramiz Mehdiyev cəbhə bölgəsində aprel müharibəsindən sonrakı dövrü dəyərləndirərkən “Cəbhə xəttindəki aprel hadisələri və onun bir çox KİV-lər tərəfindən düzgün işıqlandırılması hələ də kimlərinsə “həll olunmamış” hesab etdiyi “bizim torpaqları kim işğal edib – Qarabağ “patriotları” yoxsa, Ermənistan silahlı qüvvələri? Qarabağ müharibəsi lokal separatçı hərəkatdır, yoxsa xaricdən yönləndirilmiş qonşu dövlətin böyük miqyaslı təcavüzünün nəticəsi?” suallarına aydın cavab verdi.
Həqiqətən də məlum faktın dünya ictimaiyyətinə çatdırılmasında bizim aktiv fəaliyyət göstərə bilməməyimiz yox, erməni diaspor təşkilatlarının yalan və iftiraları səbəbi ilə etibarsız informasiyalar xeyli artdı. Akademik Ramiz Mehdiyevin yazdığı kimi, erməni lobbisi uzun illər bütün səviyyələrdə sübut etməyə çalışırdı ki, Qarabağ münaqişəsi “Qarabağ ermənilərinin azadlıq hərəkatıdır”. Halbuki Dağlıq Qarabağın erməni icması Ermənistandan və xaricdən kömək olmadan Azərbaycan ərazilərinin 20 faizini işğal etmək gücündə deyildi. Bu baxımdan diaspor Azərbaycan həqiqətlərinin yayılmasında mühüm rol oynamalıdır. Diaspor xarici vətəndaşlara Qarabağ münaqişəsinin əsl səbəblərini başa salmalı, xalqımızın tolerantlığını və vətənpərvərliyini onların diqqətinə çatdırmalıdır.
Diaspor xarici vətəndaşlara xüsusilə Azərbaycanın tolerantlıq ənənəsini çatdırmaqda çətinliklə qarşılaşmır. Azərbaycan dünyada qonaqpərvərlik, dinlərarası dialoq və insani dəyərləri ilə tanınan bir ölkədir. Şübhəsiz ki, son illərdə Azərbaycanda böyük uğurla həyata keçirilən beynəlxalq tədbirlərin də bu sahədə xüsusi əhəmiyyəti olduğunu qeyd etməliyik.
Yaranmış bütün fürsətlərin beynəlxalq müstəvidə ölkəmizin həqiqətlərinin ifadə edilməsi arenasına çevrilməsi üçün xaricdə yaşayan biz azərbaycanlıların üzərinə böyük vəzifələr düşür. Ortaq qayəmiz olan vətən torpaqlarının Ermənistan işğalından azad edilməsi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da güclənməsi, dünyanın bir çox ölkəsində yaşayan azərbaycanlıların əsas hədəfi və müştərək arzusudur.
Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500 nümayəndə iştirak edib və iki gün davam edən rəsmi və qeyri-rəsmi görüşlərdə həmin hədəflər haqqında müzakirələr aparıblar. Azərbaycan Prezidenti İlham Əliyev qurultaydakı nitqində dövlətimizin bizdən nələr gözlədiyini konkret tezislərlə ortaya qoydu. Qurultay vətəndaş məsuliyyətinin bizdə yaratdığı əhval-ruhiyyə və qələbə əzmi ilə işini başa çatdırdı. Qurultayın bitməsindən bir aydan çox vaxt ötsə də, Prezident İlham Əliyevin dediyi sözlər biz xaricdə yaşayan azərbaycanlıların hafizəsindədir.
Azərbaycanın reallıqlarını təhrif edən, bizə böhtan atan yazıların böyük əksəriyyətinin arxasında erməni diaspor təşkilatlarının olduğu aydın məsələdir. Biz bu istiqamətdə işimizi daha da təkmilləşdirməliyik. İlk növbədə, media ilə ciddi iş aparılmalıdır. Biz çalışmalıyıq ki, xarici ölkələrdə azərbaycanlı jurnalistlər yetişsin və müxtəlif media orqanlarında təmsil olunsunlar. Onlar öz vətənlərini müdafiə edəcək, həqiqətləri yaşadıqları ölkələrin ictimai rəyinin diqqətinə çatdıracaqlar. Çünki XXI əsr informasiya əsridir. Bu gün informasiya bir alət, bir silah kimi artıq mövcuddur. İndi dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar baş verir. Biz burada, Bakıda, yaxud da başqa bir şəhərdə oturub haradan və necə bilərik ki, orada nələr baş verir, kim haqlıdır, kim haqsızdır, kim hücum edir, kim özünü müdafiə edir? Biz onu ancaq media vasitəsilə öyrənə bilərik. Əgər hər hansı bir ölkəyə qarşı əlaqələndirilmiş çirkin kampaniya aparılarsa, ictimai fikri də o istiqamətdə dəyişmək mümkündür. İctimai rəyin formalaşmasında aktiv fəaliyyət göstərən diaspor nümayəndələrinin üzərinə ciddi vəzifələr düşür.
Azərbaycan diaspor təşkilatlarının qarşısında duran vəzifələrə toxunan akademik Ramiz Mehdiyev yazır: “Bugünkü diaspor təkcə bu və ya digər səbəblərdən xaricdə yaşayan həmvətənlər deyil”. Diaspor haqqında yazılan və danışılan bütün məsələlərə dair ən konkret və doğru yanaşma bu fikirdə əksini tapıb. Eyni zamanda, bu məqalədə “diasporun sistemli fəaliyyəti necə təşkil edilməlidir” sualına da cavab verilib. Diaspor üzvü olmaq sadəcə xaricdə yaşamaq deyil, hətta xaricdə yaşayaraq ölkəyə və dövlətə düşmən münasibətlə zərər vuranlar belə az deyil. Bu cür hallar Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin diqqətindən kənarda qalmamalıdır.
Çünki yaşadığımız ölkələrdə mövcud olan diplomatik nümayəndəliklərlə qurduğumuz dialoq bizlər üçün nə qədər əhəmiyyət kəsb etsə də, Diasporla İş üzrə Dövlət Komitəsi ilə də əməkdaşlıq imkanlarımızı mütəmadi olaraq genişləndirməliyik. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini uğurlu hesab edirəm. Komitə sədri Nazim İbrahimov səmimi, təkəbbürdən uzaq, tənqidə və yeni fikirlərə diqqət yetirən şəxsdir. Bir çox insanlarla qurduğu şəxsi dialoqlar sayəsində Azərbaycan diasporuna güc və rəng qazandırır. Bütün uğurlara rəğmən Komitənin işində müəyyən çətinliklər də var və bu məsələni xüsusilə qeyd etmək istəyirəm.
Biz, xaricdə yaşayan azərbaycanlılar sadəcə diplomatik nümayəndəliklərimizlə dialoq qurmaq problemi yaşamırıq, (bu məsələ Prezident İlham Əliyev tərəfindən qurultayda dilə gətirildi) eyni zamanda, öz aramızda da problemlər yaşayırıq. Bəzi hallarda şəxsi subyektiv fikirlərini milli məsələlərin üzərində görənlər dövlət mənafeyinə zərər vurduqlarını düşünmədən (əslində bəzən də istəməyərək) davrananlar vardır. Torpaqları Ermənistan tərəfindən işğal edilən bir dövlətin xarici ölkələrdəki nümayəndələri olaraq bəzən öz aramızdakı mənasız fikir ayrılığına enerjimizi sərf edərək əsas məqsəddən uzaqlaşma halları ilə qarşılaşırıq. Hər birimiz özümüzü haqlı bildiyimiz bu şəxsi kiçik məsələlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin tərəf tutmasını istəyirik və ona görə də Komitə haqqında müsbət və yaxud mənfi fikirlərimizi bəyan edirik. Bəli, təəssüf ki, bir milyondan çox qaçqını və məcburi köçkünü olan, torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilən biz – Azərbaycan diasporunun üzvlərinin çoxu bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, haqq işimizi təbliğ etmək əvəzinə, bəzi hallarda vaxtımızı və enerjimizi əhəmiyyətsiz işlərə sərf edirik.
Diaspor fəaliyyətində mövcud olan bəzi problemlərin həll edilməsi üçün xaricdəki azərbaycanlıların ilk növbədə bir həqiqətlə razılaşması lazımdır ki, yaşadığımız ölkələrin ictimai-siyasi həyatında fəal rol oynamağın yeganə yolu özümüzü cəmiyyətə qəbul etdirməkdir. Yəni, inteqrasiya prosesini uğurla nəticələndirməliyik. Yalnız bu prosesin ən təhlükəli məqamı inteqrasiyadan bəhs edərkən assimilyasiya olmaq məsələsidir. Yeni dəyərlərə sahib çıxarkən, mövcud milli dəyərlərimizi qətiyyən itirməməliyik. Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev bu təhlükəni diqqətə alaraq ana dilində məktəblər, mətbu orqanlar, internet səhifələri açılmasının əhəmiyyətini xüsusi olaraq qeyd edib.
Başqa sözlə desək, xarici ölkələrdə yaşayan həmvətənlərimizin önə çıxmasına şərait yaratmalıyıq. Dost-tanış münasibətlərinə görə önə çıxarılan və yaxud ənənəvi qaydada köhnə və heç bir ciddi fəaliyyəti olmayan təşkilatlar ləğv edilməlidir. Şübhəsiz, bu günə qədər çətin şəraitdə fəaliyyət göstərən, konkret iş görən hər bir insan qiymətlidir, amma dünyada siyasət adlı oyun artıq yeni dünya düzəninin qanunlarına görə oynanılır. Bizim də bu cür potensiala sahib olan insanlarımıza, xüsusilə də gənclərimizə dəstək verərək onları önə çıxarmamız lazımdır.
Diasporun əsas hədəflərindən biri nüfuzlu beynəlxalq təşkilatlarla yaxşı münasibətlər qurmaqdır. Bu sahədə xeyli iş görüldüyünü xüsusilə vurğulamaq istəyirəm. 2014-cü ildə Oksford Bələdiyyə Sarayında “Socrates” mükafatını aldığım zaman doğulduğum ölkəmin adı salonda alqışlarla qarşılananda, 2015-ci ildə BMT-nin Cenevrədə keçirilən qlobal alyans toplantısında dünyanın Vətənimin həqiqətlərindən xəbərdar olduğunu görəndə xeyli qürurlanmışdım. Ancaq məni ən çox qürurlandıran Andorra Knyazlığında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Beynəlxalq Nizami Gəncəvi Mərkəzi (NGBM) tərəfindən həyata keçirilən tədbir oldu. Böyük düşüncə sahibi olan insanları kiçik bir ölkədə bir araya toplayan Vətənimizlə qürur duydum. “Qloballaşan dünyada xalqların gücü” mövzusunda keçirilən toplantıda dünyanın yeni siyasi xəritəsi, qloballaşma prosesinə yeni baxış, XXI əsrdə iqtisadi vəziyyət və digər mühüm məsələlərə dair fikir mübadiləsi aparıldı. Toplantıda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Andorra Knyazlığının Baş naziri Antoni Marti, Latviyanın sabiq Prezidenti, NGBM-nin həmsədri Vayra Vike-Freyberqa, İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-nin həmsədri İsmail Serageldin, Ərəb Liqasının sabiq baş katibi Əmr Musa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, İtaliya Prezidentinin diplomatik müşaviri Antonio Zanardi Landi, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç və digərləri iştirak edirdilər.
Mərkəzin VIII ali toplantısında dünyanın müxtəlif ölkələrindən yeddi dövlət başçısı, beş baş nazir və dəyərli siyasət adamlarını bir araya gətirən “beyin fırtınası”nda dünyanın aktual problemləri müzakirə edilirdi. Şübhəsiz ki, münaqişəli bölgələrlə və ümumiyyətlə, dünyanın qarşılaşdığı problemlərlə bağlı irəli sürülən fikirlər fərqli baxışları ortaya çıxardı. Başqa sözlə desək, yeni strategiyalar müzakirə edildi. Müzakirə böyük dövlətlərə digər dövlətlərin səsini, düşüncələrini təqdim etmək məqsədini daşıyırdı. Böyük dövlətlər tərəfindən irəli sürülən ideyaların siyasi və iqtisadi cəhətdən iflasa uğramasının əsl səbəbi digər dövlətlərin səsini və fikrini dinləmək istəməmək, başqa sözlə desək, uzaqdan idarəetmə ilə hadisələrə müdaxilə gücünə sahib olduqları hissinə qapılmalarıdır.
Dünyanın hazırkı vəziyyəti fərqli bir yanaşmanı ortaya çıxardı. Böyük dövlətlərin bölgə siyasətlərinin formalaşmasında yerli digər dövlətlərin strateji yanaşmadan maksimim səviyyədə istifadə etməsi zəruri oldu. Yəni, klassik böhranlar nəticəsində ortaya çıxan tıxanma (siyasi, iqtisadi, humanitar) böyük dövlətləri çətin vəziyyətə saldı. Böyük dövlətlər rasional düşüncələrin məcmusuna (“beyin fırtınaları”nın ortaya çıxardığı məhsullara) ciddi ehtiyac duyurlar. Bütün bunları ifadə etməkdə məqsədim Andorra Knyazlığında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən keçirilən toplantının mahiyyətini və əhəmiyyətini göstərməkdir. Toplantıda dünyanı narahat edən təhlükələr, mövcud böhranlardan çıxış yolları müzakirə edildi.
Azərbaycanın belə bir düşüncə mərkəzinə sahib olması dövlətin xarici siyasəti üçün ciddi uğurdur. Belə mərkəzlər milli mənafelər, dövlətçilik üçün uzun zamanda siyasi divident gətirən qurumlardır. Unutmamalıyıq ki, dünyada hadisələr heç də proqramlaşdırılmış şəkildə cərəyan etmir. “Soyuq müharibə”dən sonra dünyanın bütün dövlətlərinə ABŞ tərəfindən təlqin edilən təkqütblü (ABŞ-ın liderliyində) sistemin (Çin və Hindistanın yüksəlişi nəticəsində) yaranmadan süqut etdiyinin şahidi olduq. Artıq ABŞ-ın strateq və siyasətşünasları çoxqütblü dünya terminindən daha çox istifadə edirlər.
Azərbaycan coğrafi və geosiyasi mövqeyinə görə əhəmiyyətli ölkədir. Böyük dövlətlərin əməkdaşlıq etdiyi əmsalsız tarazlıq vasitəsi xüsusiyyətlərinə sahibdir. Güc tarazlığının pozulması səbəbindən dünyada problemlər artır. Problemlərin həlli üçün istifadə edilən ən təsirli mexanizm isə böyük dövlətlərin ehtiyac duyduğu orbital ölkələrdir. İqtisadi və siyasi gücü yüksək səviyyədə olan hər hansı bir böyük dövlət orbital dövlətlər olmadan inkişafını təmin edə bilməz. Azərbaycan sadəcə özü üçün deyil, bölgənin və dünyanın tarazlığı üçün də əhəmiyyətli bir gücdür. Azərbaycan diaspor təşkilatları da bu gücü hiss edərək fəaliyyətinə davam etməlidir. Bu fəaliyyətin uğurlu nəticələr verdiyini görürük.
Bəziləri tərəfindən tənqid edilən “Dünya azərbaycanlıları” ifadəsinə gəlincə, bu ifadəni coğrafi aidiyyət duyğumuzu birləşdirən əhəmiyyətli ortaq dəyər kimi görürəm. Azərbaycan əsrlər boyu Vətənimiz olmuş və olmaqda davam edir. Ötən il İsveç parlamentində Xocalı soyqırımı haqqında məruzə edərkən (İsveç parlamentində ilk dəfə belə tədbir keçirdiyi üçün diaspor təşkilatımızı təbrik edirəm) mənimlə bərabər, İsraildən Arye Qut da vardı və qətiyyətlə Xocalıya ədalət tələb edirdi. Eyni zamanda, Azərbaycandan olan bir çox həmyerlimiz də etnik kimliyinin deyil, coğrafi kimliyinin yaratdığı məsuliyyət hissi ilə bu istiqamətdə fəaliyyət göstərir. Onların diaspor təşkilatlarımızda yer alması dövlətimizin tolerant multikultural siyasət həyata keçirməsinin bariz nümunəsidir. Həmyerlilik bağlarımız vətəndaşlıq məsuliyyəti ilə gücləndirilməlidir. Azərbaycan ətrafında birləşmək, bu birliyə xidmət etmək Vətənə olan borcumuz və vətəndaşlıq vəzifəmizdir. Diaspor fəaliyyəti də əslində elə budur.
Akademik Ramiz Mehdiyevə görə, “Azərbaycan diasporu yaşadığı yerdə çox məsələnin həllinə nail ola biləcək güclü ictimai-siyasi qüvvədir. Diaspor milli mənafelərimizin müdafiəsi, potensial müttəfiqlər və tərəfdaşlar uğrunda mübarizədə forpostdur”.
Postqlobalizmdən fərqli olaraq non-profit (kommersiya məqsədi güdməyən) təşkilatlar hazırda qloballaşan dünyanın ən fəal qurumlarıdır. İctimai-siyasi həyatda nüfuzlu qüvvəyə sahib olmaq üçün bu təşkilatlarda yer almalı, hətta yaşadığımız ölkələrdə bu təşkilatlarda rəhbər vəzifələrə sahib olmalıyıq.
Akademik Ramiz Mehdiyev məqaləsini “Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili” adlandırıb. Bu məqalə sadəcə müasir çağırışlara sistemli fəaliyyətlərlə cavab verildiyi zaman uğurlu nəticələr əldə etməyin mümkün olduğu mesajını verməklə kifayətlənmir, eyni zamanda, bu sahədə qarşıda duran vəzifələrin strategiyasını ortaya qoyur. Başqa sözlə desək, diaspor fəaliyyətimizin yol xəritəsini cızır.
Son dərəcə yerində olan bu fikirlərə əlavə edəcəyim tək fikir dünyanın harasında olduğundan asılı olmayaraq Vətəni – Azərbaycanı düşünmək, onun həqiqətlərinin ifadəsinə nail olmaq və “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyə bilmək uğurlu nəticəyə aparan yoldur, inşa etdiyimiz məfkurənin daşı-torpağıdır. Qarabağdır..., Zəngəzurdur..., Qərbi Azərbaycandır..., o taylı, bu taylı Vətəndir.
Aygün Attar
Türkiyənin Giresun Universiteti tarix kafedrasının rəhbəri, professor,
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü
AZƏRTAC