“Bakıya Uçuş. İncəsənət Həftəsonu” festivalı çərçivəsində “Paratetisin dörd dənizi” immersiv proqramı təşkil olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakıya Uçuş. İncəsənət Həftəsonu” festivalı çərçivəsində “Paratetisin dörd dənizi” immersiv proqramı təşkil olunub

13:30 - Bu gün
“Bakıya Uçuş. İncəsənət Həftəsonu” festivalı çərçivəsində “Paratetisin dörd dənizi” immersiv proqramı təşkil olunub

1–2 noyabr tarixlərində Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Regional İnkişaf İctimai Birliyinin birgə tərəfdaşlığı ilə keçirilən “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) festivalı çərçivəsində “EkoSfera” Ekoloji-Sosial Mərkəzi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) tərəfindən uşaqlar və valideynlər üçün hazırlanmış “Paratetisin dörd dənizi” adlı immersiv yaradıcılıq proqramı həyata keçirilib.

1news.az xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq ekoloq, pedaqoq, uşaqlar və gənclər üçün təhsil yönümlü art-proqramların müəllifi, ekoloji düşüncənin incəsənət vasitəsilə yeni formalarının yaradıcısı, Firuzə Sultan-zadənin müəllifi və kuratoru olduğu proqram-konsepsiya – «Paratetisin dörd dənizi üzrə kruiz» adlı immersiv performans təqdim olunub. Bu, uşaqlar və yeniyetmələr üçün teatr, elm, rəssamlıq, musiqi, səslər, rəqəmsal texnologiyalar, ekoloji şüur və gənclərin yaradıcılıq iştirakını bir araya gətirən yeni bir bədii-tədris təcrübəsidir. Proqram immersiv yaradıcılıq laboratoriyası və təxəyyül səyahətinin elementlərini özündə birləşdirir və burada su planetin ümumi dili kimi çıxış edir. Uşaqlar və yeniyetmələr böyüklərlə birlikdə sənət, kiçik elmi araşdırmalar, performans, musiqi, vizual yaradıcılıq, təbiət müşahidəsi və multimedial eksperimentlər vasitəsilə suyun öz obrazını yaradırlar. Performansın məqsədi su, səs, hərəkət, orkestr, teatr və vizual sənəti vahid canlı təcrübədə birləşdirməkdir.

Layihə bir zamanlar Avropadan Asiyaya qədər torpaqları birləşdirən qədim Paratetis okeanının obrazından ilhamlanır. Bu okean bizə dörd “varis” qoyub – Xəzər, Qara, Aral və Azov dənizləri. Bu dənizlər bədii dil vasitəsilə gənc tamaşaçıya təbiətin yaddaşı, suya dəyər verilməsi, sevinc və itki, güc, ümid və insan məsuliyyəti haqqında öz hekayələrini danışır.

Performans dörd “liman” üzrə səyahət kimi qurulub – dörd blok, dörd dəniz, dörd müxtəlif emosional hekayə və dörd ekoloji mesaj. Hər məkan özünəməxsus bədii atmosferə malik yaradıcılıq “dayanacağına” çevrilir: Xəzər – müdriklik, dərinlik, nadir növlər və elmi kəşflər; Qara dəniz – güc, ritm, küləyin və dalğaların musiqisi; Aral – yoxa çıxma, təbiətin ağrısı və ekoloji fəaliyyət vasitəsilə bərpa ümidləri; Azov – işıq, oyun, gülüş, həyat enerjisi və insani istilik. Bu, ənənəvi tamaşa deyil – tamaşaçı məkanın içərisinə daxil olur və hekayəni yaşayır. Uşaqlar və yeniyetmələr yalnız baxmır və dinləmir, həm də iştirak edirlər: yaradırlar, çəkirlər, oxuyurlar, kiçik səhnələr qururlar, elmi faktlarla tanış olurlar, səs araşdırmaları aparırlar, su, bədii obyektlər, təbii materiallar və rəqəmsal media ilə qarşılıqlı fəaliyyət göstərirlər. Bu yeni formatda uşaq və yeniyetmə: duyur — dənizlərin səslərini, musiqini, küləyin və suyun nəfəsini; görür — canlı tabloları, performativ səhnələri, art obyektləri; hərəkət edir — yaradır, iştirak edir, rəqs edir, rol oynayır; yaradır — rəsmlər, səslər, obrazlar; ümumi hekayənin hissəsinə çevrilir. Bu, “oturub baxılan” deyil, “daxil olub yaşanan” sənətdir.

Proqram dörd yaradıcı limandan ibarət art-kruiz marşrutu üzrə həyata keçirilib.

Birinci liman – Dənizlərin Elm Limanı olan Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaqlara art-kruiz pasportları təqdim olunub və onlar dənizin səslərini dinləmək, suyun haqqında məlumat əldə etmək, peşəkar rəssamlar və dizaynerlərin iştirakı ilə uşaqlar dəniz aləminin müxtəlif canlılarını təsvir edən maketlər və bədii kompozisiyalar, keramik və dekorativ sənət nümunələri hazırlamaq kimi fəaliyyətlərdə iştirak ediblər, onları dizayn edərək su ekosisteminin biomüxtəlifliyi və onun qorunması haqqında biliklərini dərinləşdiriblər.

İkinci liman – Dənizlərin Musiqi Limanı Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib və burada uşaqlar Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında suya həsr olunmuş musiqi proqramında iştirak ediblər. Konsert Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə təqdim olunub və sənətkarların ifasında uşaqları müxtəlif dövrlərin bəstəkarlarının su mövzusundan necə ilham aldıqları ilə tanış etmək, suyun hərəkət, yaddaş, saflıq və təxəyyülün rəmzi kimi sənətdə necə ifadə olunduğunu göstərmək məqsədi daşıyıb. Proqramda Corc Fridrix Hendelin “Su üzərində musiqi” süitası, Antonio Vivaldinin “Yay” (Fırtına) hissəsi, Kamil Sen-Sansın “Akvarium”, Hans Zimmerin “Karib dənizinin quldurları” film musiqisi və Fərhad Bədəlbəylinin “Dəniz” əsəri yer alıb. Uşaqlar suyun ritmini hiss etmək, dirijorla birgə musiqi jestləri qurmaq imkanı əldə ediblər. Bu liman suyun mədəniyyətləri bişləşdirən universal təbii element kimi rolunun dərk edilməsinə yönəlib.

Üçüncü liman – Dənizlərin Yaddaş limanı - Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar suyun təsviri incəsənətdə ifadəsi ilə tanış olublar. Burada onlar rəssamların suyu rəng, işıq, hərəkət və forma vasitəsilə necə təqdim etdiklərini araşdıran interaktiv ekskursiyada iştirak ediblər. Suların şəffaflıq, dərinlik və axıcılıq kimi xüsusiyyətlərini bədii dildə ifadə etməyi öyrənərək akvarel və monotipiya texnikaları üzrə ustad dərslərində çalışıblar. Proqram çərçivəsində müxtəlif müəlliflərin rəsmi icazə ilə təqdim olunmuş su mövzusunda beynəlxalq qısa filmlər və art-animasiya sənədli video materiallar nümayiş olunub.

Dördüncü liman – Paratetisin 4 Dəniz Limanı isə açıq məkanda Dövlət Kukla Teatrının iştirakı ilə təqdim olunan immersiv teatr səhnəsi canlandırılıb. Açıq məkanda quraşdırılan dörd iri ağ kublarda uşaqlar Xəzər, Qara, Aral və Azov dənizlərinin hər birinin biomüxtəliflik elementlərini və ətraf mühit vəziyyətini rəsm şəklində təsvir ediblər.

Proqramın əsas ideyası – elmi və sənəti, səsi və təsviri, suyun hərəkətini və musiqini, rəqəmsal texnologiyaları və teatrı birləşdirərək uşaqların sənəti yalnız müşahidə etməsi deyil, onu şəxsi təcrübə kimi dərk etməsi və yaşamasıdır. «Paratetisin dörd dənizi üzrə kruiz» Firuzə Sultan-zadənin Azərbaycanda yaratdığı yeni müəllif istiqamətidir: sənət – səyahət kimi, elm – ilham kimi, ekoloji düşüncə isə yaradıcılıq və su dünyasına dərin emosional dalış vasitəsilə.

Layihə uşaqlara göstərir ki, suyun hər damlası — canlıdır, təbiətin hər hekayəsi — şəxsi bir hekayədir və dənizlərin gələcəyini insan özü yaradır. Su ilə əlaqəni yenidən dərk etmək uşaqlarda empatiya, ekoloji düşüncə və yaradıcı dünyagörüşü formalaşdırır.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər