ABŞ siyasəti və qloballaşma: dünya maliyyə böhranından əvvəl və sonra – Newtimes.az
2008-ci ilin maliyyə böhranı bütün dünyaya "amerikan imperiyası"nın tədricən zəifləməsini nümayiş etdirdi. Bu faktı da qeyd etmək lazımdır ki, heç vaxt qlobal iqtisadiyyatın vahid idarəetmə sistemi mövcud olmamışdır. Lakin bu, əsas iqtisadi fəaliyyətin qloballaşmasında ABŞ üçün maneə olmadı.
Amerikalıların siyasətinə strateji səviyyədə baxsaq, onda görə bilərik ki, bu, onlara bərabər rəqibin meydana çıxmasının qarşısının alınmasına və ya onlara bərabər imperiyaların sıxışdırılmasına yönəldilmişdir. Belə siyasət XIX əsrdən etibarən geniş şəkildə tətbiq olunmağa başladı. Həmin vaxtdan etibarən ABŞ özü haqqında bütün Amerikanın adından danışmağa başladı və hətta indi də Birləşmiş Ştatları nəzərdə tutduqda, biz sadəcə Amerika deyirik. Bütün bunlar Amerika siyasətinin müstəsna və incə təsiridir.
Avropanın birləşməsi ABŞ-ın üstünlüyünü və liderliyini təhdid edirdi, çünki güclü iqtisadi, siyasi və hərbi rəqibi yaradırdı. Məhz bu səbəbdən həm siyasi, həm də iqtisadi baxımdan dünya səhnəsində öz statusunu və nüfuzunu itirməmək üçün amerikalılara radikal tədbirlər həyata keçirmək lazım idi. ABŞ Tariflər və Ticarət üzrə Baş razılaşmanın (QATT) əvəzinə yaradılmış Ümumdünya Ticarət Təşkilatına (ÜTT) mümkün qədər çox ölkəni cəlb etməyə çalışırdı. Hazırda Ümumdünya Ticarət Təşkilatı dünyanın 162 dövlətinin daxil olduğu ən böyük beynəlxalq ticarət təşkilatlarından biridir. Ümumdünya Ticarət Təşkilatı çərçivəsində qəbul edilmiş ticarətlə bağlı investisiya ölçüləri haqqında razılaşmaya görə, investorların müdafiəsi mexanizmləri Amerikanın transmilli şirkətlərinə şamil olundu. "Böl və hökmranlıq et" prinsipi Birləşmiş Ştatlara yenicə yaradılmış Ümumdünya Ticarət Təşkilatında qeyri-istehsal malları ticarətinin idarə edilməsini mərkəzləşdirmək imkanı verdi.
1990-2000-ci illərdə yeni qlobal idarəetmə sistemi yarandı. Ümumdünya bankının yerinə birbaşa xarici investisiyaları artıq TRIM nümunəsi üzrə yaradılmış yüzlərlə ikitərəfli investisiya müqavilələri tənzimləyirdi. Ölkələrin əksəriyyətində Beynəlxalq Valyuta Fondunun nəzarət funksiyasını valyuta mübadiləsi məzənnələrini müəyyən etməyə başlayan özəl banklar öz üzərinə götürdü. Ümumdünya Ticarət Təşkilatı isə, xüsusən də Sakit okean hövzəsində, ümumdünya əmək bölgüsünün xeyli dərinləşməsinə səbəb olurdu.
ABŞ-ın belə siyasəti 2008-ci ilə yaxın dünya ticarət dövriyyəsinin qlobal ÜDM-in 60%-nə qədər artmasına gətirib çıxardı. Birbaşa xarici investisiyaların həcmi dünya miqyasında ildə təxminən 15% artırdı. Yeni qlobal idarəetmə sistemi amerikalılara potensial rəqibləri bir-birindən ayrı salmağa, resursları əldə etməyə və öz texnoloji üstünlüyünü dəstəkləməyə imkan verdi.
"Forbes Global 2000"də dünyanın 2000 ən iri maliyyə və qeyri-maliyyə şirkətlərinin siyahısı təqdim edilmişdir. 2006-cı ildən 2015-ci ilə qədər bütün dünya gəlirinin üçdə biri onların payına düşürdü. Başqa sözlə, bu onillik ərzində bütün dünya gəlirlərinin 11%-dən çoxu 100 Amerika şirkətinin payına düşdü.
Əczaçılıq sahəsində Amerika biznesi bu sektordakı dünya gəlirinin 40%-dən çoxunu; Amerikanın kompüter texnikası, proqram təminatı və xidmətləri istehsalçıları – dünya gəlirinin 80%-dən çoxunu ələ keçirdi.
Elə məhz bu gəlirlər Birləşmiş Ştatlara suyun üzərində dayanmağa imkan verir. Sözsüz, periferiya də artır, onunla birgə potensial rəqiblər də güclənir.
Son onilliklər ərzində amerikalılara meydan oxuyan Çinin də sürətli templərlə gücləndiyini görürük. Çin Birləşmiş Ştatlar üçün yalnız tərəfdaş deyil, həm iqtisadi, həm siyasi, həm də hərbi planda birbaşa rəqibdir. Braziliya, Rusiya, Hindistan, Çin və CAR-ın daxil olduğu BRİKS dövlətləri tərəfindən də dünya iqtisadiyyatına təsirlər artır. Bütün bu ölkələr dünya iqtisadiyyatının inkişaf templərini də şərtləndirir və ABŞ üçün birbaşa rəqibdirlər.
Tarixə nəzər salsaq, onda görərik ki, dünyada nəhəng sayda imperiyalar mövcud olmuşdur. Ən məşhurlarına Roma imperiyasını, Çin sülalələrini aid etmək olar. Çoxlu sayda ərazilər monqol zülmü, osmanlıların hakimiyyəti altında olub. Amma bu faktı qeyd etmək lazımdır ki, bütün imperiyaların bir mühüm xüsusiyyəti var – onlar dağılırlar. Heç bir imperiya əbədi mövcud ola bilmir, onu yenisi, daha qüdrətlisi, daha güclüsü və daha nüfuzlusu əvəz edir. Bir sıra Avropa tədqiqatçılarının və politoloqlarının fikrincə, bu, hal-hazırda da baş verir.
Birləşmiş Ştatların da vaxtı azalmaqdadır. Amerikalılar artıq öz iqtisadi resurslarına nəzarət etmək iqtidarında deyildirlər. Amerika imperiyası çökməkdədir, amma bu tənəzzül onun xaricində deyil, daxilində cərəyan edir. Amerikalılar beynəlxalq səhnədə öz mövqelərini möhkəmləndirməyə çalışırlar, ancaq onların hegemonluğunun vaxtı tükənməkdədir. Birləşmiş Ştatlar artıq öz resurs potensialına və gəlirlərinə nəzarət etmək, beynəlxalq iqtisadi və siyasi münaqişələri həll etmək iqtidarında deyil. Bu səbəbdən də bir sıra Avropa analitikləri ABŞ-ın müasir beynəlxalq münasibətlər sistemi çərçivəsində gələcək vəziyyəti ilə bağlı bədbin proqnozlar verirlər.
Flora Məmmədova