Azərbaycanın diplomatik korpusu tvitterdə - Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın diplomatik korpusu tvitterdə - Newtimes.az

13:56 - 01 / 09 / 2016
Azərbaycanın diplomatik korpusu tvitterdə - Newtimes.az

I HİSSƏ

"Newtimes.az'' analitik informasiya portalı bu ilin əvvəlindən Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin sosial şəbəkələrdə fəaliyyəti ilə bağlı yeni bir layihə başlayıb.

Bu layihənin məqsədi diplomatik nümayəndəliklərin virtual məkanda fəaliyyətini izləməklə, onların Azərbaycanın təbliğatı, ölkədə baş verən proseslərlə bağlı düzgün informasiyanın yayılması, erməni lobbisinin ölkəmizə qarşı apardığı əks-təbliğata cavab istiqamətində sosial şəbəkələrdə göstərdikləri fəaliyyəti işıqlandırmaqdır. Layihədə əsas vəzifə diplomatik nümayəndəliklərin beynəlxalq münasibətlərdə mühüm faktora çevrilən sosial şəbəkələrdən istifadəsindəki tendensiyaları göstərmək, çatışmazlıqları aradan qaldırmağa təşviq etməkdir.

İlin əvvəlindən apardığımız müşahidələr diplomatik nümayəndəliklər informasiyanın yayılmasında sosial şəbəkələrdən nə dərəcədə effektiv istifadə etdiklərini, izləyici dairələrinin genişliyini, fəaliyyət göstərdikləri ölkənin ictimaiyyətinə Azərbaycan haqqında informasiya çatdıra bilmələrini müəyyənləşdirməyə imkan verir.

Beləliklə, diplomatik nümayəndəliklərin tvitterdə fəaliyyəti ilə bağlı apardığımız müşahidələri oxucularımızla paylaşmağa başlayırıq. Əvvəlcədən qeyd etmək istərdik ki, Xarici İşlər Nazirliyinin tvitter səhifəsi kifayət qədər aktivdir, ölkəmizlə bağlı yenilikləri, uğurları işıqlandırır, beynəlxalq müstəvidə baş verən hadisə və proseslərə çevik reaksiya verir.

Hazırda Azərbaycanın xarici ölkələrdə yerləşən 73 diplomatik nümayəndəliyindən (59 səfirlik, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəlik və 9 baş konsulluq) yalnız 57-nin tvitterdə səhifəsi vardır. Bir sıra ölkələrdə diplomatik nümayəndəliklərimizin tvitter səhifəsinin olmamasının obyektiv səbəbləri də vardır. Belə ki, Çin, Vyetnam, Türkmənistanda tvitter sosial şəbəkəsindən ümumiyyətlə istifadə olunmur.

Lakin eyni zamanda bir sıra ölkələr var ki, orda tvitter rəqəmsal (digital) diplomatiyanın ən mühüm alətlərindən biridir. Bu mənada Türkiyəni xüsusi fərqləndirmək istərdik. Son hadisələrin də göstərdiyi kimi, Türkiyədə siyasi dairələr, qurumlar və siyasətçilər tvitterdən fəal istifadə edirlər, öz istifadəçilərinə müraciət edir, siyasi proseslərə şərhlər verirlər. Bir sözlə tvitter Türkiyədə siyasi proseslərin cərəyan etdiyi ən mühüm virtual məkandır. Bu xüsusda Türkiyə Xarici İşlər Nazirliyinin də tvitter səhifəsi aktivdir və proseslərə çevik reaksiya verir. Belə bir virtual platformadan istifadə etməmək Türkiyədəki diplomatik nümayəndəliyin zəif cəhətidir, ciddi çatışmazlığıdır. Ankarada səfirliyin tvitter səhifəsi mövcud deyildir. Ancaq İstanbulda Baş konsulluğun tvitter hesabı @azconsulateist yeni açılsa da (2016-cı ilin may ayından) iki ölkə arasındakı münasibətlərlə bağlı informasiya yayılmasında fəal rol oynayır.

Beləliklə, ilin əvvəlindən apardığımız müşahidələr nəticəsində diplomatik korpusu tvitterdə təmsil olunma səviyyəsinə görə bir neçə qrupa bölmüşük. Bu qruplarda ən fəal diplomatik nümayəndəliklərdən tutmuş ən zəiflərə qədər hər bir missiya ətraflı təhlil olunmuşdur. İnanırıq ki, bizim təhlillərdən sonra həm Xarici İşlər Nazirliyi, həm də diplomatik nümayəndəliklərin özləri bu çatışmazlıqları görərək, fəaliyyətlərində nəzərə alacaqlar.

Tvitterdə fəal diplomatik nümayəndəliklər

Müşahidələrimiz göstərir ki, diplomatik korpusda ən aktiv tvitter hesabı ABŞ-dakı səfirliyindir @azembassyus. 2012-ci ilin fevral ayında açılan səhifədən indiyədək 8500-dən çox tvit paylaşılmışdır. Bu səhifədə həm Azərbaycanın müxtəlif sahədə qazandığı nailiyyətlər və ölkəmizlə bağlı real vəziyyət, həm də iki ölkə arasında münasibətlərə dair paylaşımlar edilir, ABŞ mətbuatında dərc olunan məqalələr işıqlandırılır. Son bir ayda Olimpiadada Azərbaycan idmançılarının hər bir anı geniş təbliğ olunmuşdur. Müşahidələr göstərir ki, orta aylıq 80-110 tvit paylaşılan tvitter hesabının geniş və siyasi dairələri əhatə edən auditoriyası vardır. Bu səhifənin oxuduğu və oxunanların siyahısında siyasətçilər, diplomatlar, akademik və media dairələrinin nümayəndələri, eləcə də digər səfirlik və nümayəndəliklər vardır. ABŞ-dakı səfirin öz tvitter səhifəsinin @ElinSuleymanov də fəal olduğunu xüsusi qeyd etmək istərdik. Səfirin və eləcə səfirliyin digər diplomatlarının ABŞ-da rəqəmsal (digital) diplomatiyada fəal iştirak etməsi müşahidə olunur.

ABŞ-da yerləşən digər missiya Los-Ancelesdəki baş konsulluq @azconsulatela da tvitter virtual platformasından Azərbaycan həqiqətlərinin təbliği üçün ən aktiv istifadə edənlər sırasındadır. Kifayət qədər ciddi və geniş izləyici auditoriyası olan tvitter hesabında orta aylıq 80-90 paylaşım edilir. 2012-ci ilin may ayında qeydiyyatdan keçən hesabda indiyədək 4000-dən çox tvit vardır. Baş konsulun özünün də tvitterinin @NasimiAghayev  fəal olduğunu qeyd etməliyik.

Birləşmiş Krallıqdakı səfirliyin tvitter səhifəsi @AzEmbUK ilk üçlükdədir. 2013-cü ilin may ayında açılan tvitterdə indiyədək 3500-ə yaxın tvit paylaşılıb. Paylaşılan informasiya içərisində Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkə rəhbərliyinin beynəlxalq müstəvidə görüş və qəbulları, mediada ölkəmiz haqqında məlumatlar üstünlük təşkil edir. Müşahidələrə əsasən ayda ortalama 60-80 tvit paylaşılır.

2014-cü ilin noyabrında qeydiyyatdan keçən İsveçrədəki səfirliyin tvitterində@AzembassyBern orta aylıq  tvit sayı 80-90 arasıdır. Paylaşılan informasiya arasında həm Azərbaycanla bağlı əlamətdar günlər və hadisələr, həm də iki ölkə arasında münasibətlərə dair məlumatlar üstünlük təşkil edir.

Tvit sayına görə ilk beşliyi UNESCO yanında daimi nümayəndəliyin səhifəsi@AzDelUnesco tamamlayır. 2013-cü ilin iyulundan fəaliyyət göstərən səhifədə indiyədək 1400-ə yaxın tvit paylaşılıb. Gündəlik aktivlik baxımından diplomatik korpusda çox da aktivlərdən hesab olunmur. Orta aylıq 20-30 tvitlə kifayətlənir. Yayılan informasiya arasında ölkəmizin milli, dini, mədəni irsi ilə bağlı məlumatlar üstünlük təşkil edir. Bununla belə bu səhifədə təkrar tvitlərin (retweet) əksəriyyət təşkil etməsini də qeyd etməliyik. Daimi nümayəndənin özünün də tvitter hesabı @anar_karim diplomatik korpusumuzda aktivlərdən hesab olunur.

Fransada səfirlik @AzAmbassadeFr də tvitter platformasından lazımınca istifadə edir. 2013-cü ilin iyulundan etibarən 1400-ə yaxın tvit paylaşılıb. Bu səhifədə Azərbaycan, ikitərəfli münasibətlərimizlə yanaşı Ermənistanda baş verən hadisələrə də geniş yer ayrılır. Erməni diasporunun güclü olduğu Fransada virtual məkanın imkanlarından istifadə olunmaqla əks-təbliğat işləri də aparılır.

Gürcüstanda səfirlik @AzembassyGe tvitter hesabını 2014-cü ilin dekabrında açıb. 1200-dən çox paylaşılan məlumatlarda ölkə daxili həyat, soydaşlarımızın fəaliyyəti, ikitərəfli münasibətlər geniş işıqlandırılır. Aylıq orta hesabla 40-50 tvit paylaşılır. Lakin səhifədə gürcü dilində məlumatların və izləyiciləri arasında gürcülərin olduqca az olmasını əsas çatışmazlıq kimi qeyd etmək olar. Belə görünür bu informasiyalar daha çox Azərbaycan auditoriyası üçün nəzərdə tutulub.

Küveytdəki səfirliyimiz @AzEmbKuwait də tvit sayına görə ilk onluqdadır. 2013-cü ilin iyulundan fəaliyyət göstərən səhifədə ölkə daxili mühüm hadisələr, habelə xarici siyasət sahəsində ölkə rəsmilərinin fəaliyyəti işıqlandırılır, Küveyt mətbuatında Azərbaycanla bağlı dərc olunan məqalələr yayılır. İndiyədək 1200 tvit edilən səhifədə orta aylıq paylaşım 50-60 arasıdır.

Tvit sayı 1000-dən çox olan diplomatik nümayəndəliklərimizdən növbətisi İtaliyadakı səfirliyin @AzEmbItaly tvitter səhifəsidir. 2013-cü ilin iyulundan fəaliyyət göstərən səhifədə orta aylıq 20-30 tvit paylaşılır.

İlk onluğu (tvitlərin sayına görə) Kanadadakı səfirliyin tvitter səhifəsi @AzEmbCanadatamamlayır. 2013-cü ilin may ayından etibarən 1000-dən çox tvit paylaşılan səhifədə orta aylıq 25-30 tvit paylaşılır. Bu səhifədə Kanadadakı soydaşlarımıza da platforma verilir.

İkinci onluq

Tvit sayına görə ikinci onluqda Avstraliya @azembassyauBelçika @AZMissionEU,Argentina @AzEmbArgentinaNATO yanında daimi nümayəndəlik @AzMissionNATO, Yaponiya @AzEmbJapan, Estoniya @AzEmbEst, Çexiya @AzEmbPrague, İndoneziya@AzEmbIndonesia, BMT (Cenevrə) yanında daimi nümayəndəlik @azmissiongeneva, Litva @azembassylt səfirliklərimizin tvitter səhifələridir.

İkinci onluqdakı diplomatik nümayəndəliklərin tvitterləri həm fəallıq dərəcəsinə, həm izləyici auditoriyasına, həm də davamlılığına görə bir-birindən fərqlənir. Ümumilikdə bu qrupda tvit sayı 800-1100 arasındadır. Bu onluqdan xüsusi fəallığına görə Avstraliya və Litvadakı səfirlikləri və BMT (Cenevrə) yanında daimi nümayəndəliyi xüsusi fərqləndirmək olar.Avstraliya və Litvadakı səfirliklərin internet səhifəsində orta aylıq 80-100 tvit paylaşılır ki, bu da hətta birinci onluqdakı diplomatik nümayəndəliklərin bəzilərindən daha çoxdur. Məzmun etibarı ilə də həm ölkə reallıqlarının işıqlandırılması, həm Ermənistanla informasiya müharibəsi üçün materiallar əks olunur.

Qeyd etməliyik bu onluqda yalnız Litva @hasanmammadzada və Estoniyadakı@MuradNajafbayli səfirlərin,BMT yanında daimi nümayəndənin @VaqifS şəxsi tvitter hesabı mövcuddur və virtual məkanda təbliğata töhfə verirlər.

Sabit sakitlər

Bu qrupda olanlar tvit sayına görə üçüncü və dördüncü onluqda sıralanırlar. Ukrayna@AzEmbUkraine, Qazaxıstan @azembassykz, Almaniya @AzEmbGermany, İspaniya@AzEmbSpain, Təbrizdə baş konsulluq @azconsulatetbrz, Efiopiya @AzEmbassyAddis, Bolqarıstan @AzEmbBulgaria, Niderland @AzEmbassyHague, Avstriya @AzEmbAustria, BƏƏ @AzembassyUAE və Serbiya @azembassySerbiaXorvatiyada @azembcro səfirlikləri bu qrupa daxil etmişik.

Bu qrupda olanların tvit sayı 200-730 arasındadır. Bu diplomatik nümayəndəlikləri daha çox "sabit sakit” adlandırmaq olar. Belə ki, onlardan əksəriyyəti orta aylıq 5-20 arası tvit paylaşırlar. Burda Ukraynanı xüsusi qeyd etmək lazımdır. Çünki hazırda Ukrayna səfirliyinin tvitter hesabı aktiv deyil. Bu haqda "yatmışlar” bölməsində ayrıca bəhs etmişik. Digər tərəfdən isə bu qrupa daxil etdiklərimiz içərisində Efiopiya, Bolqarıstan və BƏƏ-dəki səfirliklərin tvitter səhifələri sakit deyil, əksinə aktivlərdəndir. Efiopiyadakı səfirlik orta aylıq 40-50 tvit paylaşır, Bolqarıstandakı səfirlik də 2016-cı ildə yaranmasına baxmayaraq qısa müddətdə tvitter şəbəkəsinin aktiv istifadəçiləri sırasındadır. Bu haqda "2016-cı ildə yaradılmış” hesablar bölməsində daha ətraflı məlumat verəcəyik.  BƏƏ-də isə səfirin öz tvitter səhifəsi səfirliyin tvitter səhifəsindən daha aktivdir.

Ümumilikdə bu qrupa daxil etdiklərimiz içərisində BƏƏ @Shikarov, Efiopiya@elmanabdullayev və Bolqarıstandakı @GurbanovaNargiz səfirlərin öz tvitter səhifələri vardır.

Təbrizdəki baş konsulluğun tvitter səhifəsində @azconsulatetbrz diqqət çəkən məqam odur ki, bu hesab tvitter məkanında heç bir başqa səhifəni izləmir (və ya oxumur).

2016-cı ildə yarananlar

Cari ildə bir sıra diplomatik nümayəndəliklərimiz virtual məkanda tvitter ailəsinə üzv olublar.Bolqarıstan, İran, Pakistan, Səudiyyə Ərəbistanında səfirliklərin, İstanbul və Aktauda Baş konsulluqların tvitter səhifələri 2016-cı ildə açılıb.

Bolqarıstandakı səfirliyin tvitter hesabı @AzEmbBulgaria 2016-cı ilin fevral ayında açılıb. Qısa müddətdə tvit sayına görə diplomatik korpus nümayəndəliklərinin tvitterləri arasında üçüncü onluğa yüksəlib. Paylaşdığı məlumatların sayı 450-ni keçib. Paylaşdığı məlumatlar məzmun və mahiyyət etibarilə çoxşaxəlidir. Hər keçən gün izləyici sayını da artırır.

İrandakı səfirliyin tvitter səhifəsi @AzEmbIran 2016-cı ilin mayından etibarən fəaliyyətə başlayıb. Qısa müddətdə 170-ə yaxın məlumat paylaşılıb. Məlumatlarda həm iki ölkə arasında münasibətlər, həm də Azərbaycanın turizm imkanları ilə bağlı paylaşımlar üstünlük təşkil edir. Qeyd etməliyik ki, səfirliyin İranda daha populyar olan Telegram şəbəkəsində də səhifəsi var və burda paylaşımlar daha çoxdur. Bu Azərbaycan diplomatik korpusu arasında Telegram şəbəkəsində təmsil olunan yeganə diplomatik nümayəndəlikdir. Səfirliyin turizm imkanlarını təbliğ ilə bağlı informasiyalar isə Azərbaycanda son dövrlər artan iranlı turistlərin sayında öz nəticəsini göstərir.

Pakistanda səfirliyin @AzEmbPak də tvitter səhifəsi cari ilin iyun ayında yaradılıb. Qısa müddət ərzində həm məzmun, həm də mahiyyət etibarı ilə paylaşdığı materiallarla diplomatik korpus arasında irəli addımlayır. Cəmi 2 ay ərzində paylaşılan tvit sayı 80-ni keçib. Diplomatik korpusda ən sürətlə tvitter şəbəkəsinə daxil olanların sırasındadır.

9 avqustda ilk tvitini paylaşan Səudiyyə Ərəbistandakı səfirlik @azembassyriyadh qısa müddətdə müxtəlif məzmunlu və çoxaspektli informasiya mübadiləsi ilə diqqəti çəkir. Cəmi bir ay ərzində belə tvitlərin sayı 200-ə çatır.

İstanbulda Baş konsulluğun tvitter səhifəsi @azconsulateist qısa müddət öncə 2016-cı ilin may ayında yaranmasına baxmayaraq aktivlərdən hesab olunur. İki ölkə arasında münasibətlər, eləcə də rəsmi dairələrin mövqeyi tvitterdə geniş işıqlandırılır. İndiyədək 200-ə yaxın məlumat paylaşılıb. Türkiyədəki diplomatik nümayəndəliklərimiz arasında yalnız İstanbuldakı baş konsulluğun tvitter hesabının olduğunu nəzərə alsaq, üzərinə böyük iş düşür. Çünki Ankarada səfirliyimiz tvitterdə ümumiyyətlə yoxdur, rəqəmsal diplomatiyadan kənardır və informasiya əsrinin reallıqlarını nəzərə almır.

Aktaudakı baş konsulluq @azconsulaktau da cari ilin aprel ayından tvitter ailəsinə qoşulub.

Cari ildə yeni yaranan tvitter hesablarının əsas çatışmamazlığı isə izləyici auditoriyasının hələlik azsaylı olmasıdır. Lakin inanmaq olar ki, öz fəallıqları isə qısa müddətdə izləyicilərinin əhatə dairəsini və sayını artırmağa nail olacaqlar.

Autsayderlər

Bu qrupa daxil etdiyimiz diplomatik korpus təmsilçiləri öz tvitter səhifələrində ayda 3-4 tvit atmaqla kifayətlənirlər. Cəmi paylaşım sayı 25-110 arasında dəyişir. Bu paylaşımlar nə iki ölkə arasında əlaqələrin dinamikasını, nə də Azərbaycanla bağlı təbliğatı əks etdirə bilmir. Müşahidələrimiz göstərir ki, bu qrupda olanlar sadəcə tvitter səhifələri işlək vəziyyətdə saxlamağa çalışırlar.

Rumıniya @AzEmbRomania, Tacikistan @azembassytj, İsveç @AzEmbStockholm, Dubayda  baş konsulluq @ConsulGenDubaiKoreya Respublikasında @AzEmbKorea  səfirliklərin tvitter səhifələri bura aiddir.

Dubayda  baş konsulluğun tvitter səhifəsi 2014-cü ilin noyabr ayında yaradılıb. Keçən dövr ərzində cəmi 64 tvit paylaşılan hesab mövcud potensial imkanları əks etdirmir. Ən azı Azərbaycanın turizm potensialının təbliği üçün tvitter platformasından istifadə etmək olar. Azərbaycana gələn BƏƏ-dən çoxsaylı turistləri şəkillərini paylaşmaq belə bu səhifəyə marağı artırar. Lakin müşahidələrimiz göstərir ki, cari ilin aprel ayından səhifədə heç bir aktivlik yoxdur.

İsveçdəki səfirliyin tvitter səhifəsində də analoji vəziyyətdir. 2014-cü ilin yanvarında yaranan səhifədə indiyədək cəmi 41 məlumat paylaşılıb. Son tvit isə cari ilin iyun ayına təsadüf edir.

II HISSƏ

Azərbaycanın xaricdəki diplomatik korpusunun tvitterdə fəaliyyəti ilə bağlı müşahidələrimizi oxucularımızla bölüşməyə davam edirik. I hissədə daha çox tvitterdə fəal olan diplomatik nümayəndəliklərimizdən bəhs etmişdiksə, II hissədə "yatmışlar'', "adı var özü yoxlar'' və ümumiyyətlə, tvitterin nə olduğunu bilməyənlərdən bəhs edəcəyik. Təəssüf ki, diplomatik korpusda belələrinin də sayı az deyil.

Yatmışlar

Diplomatik nümayəndəliklərimizin tvitter səhifəsi ilə bağlı müşahidə apararkən aydın olur ki, onlar arasında "yatmışlar” da az deyil. Bunların əksəriyyəti qısa müddət fəallıq göstərdikdən sonra tvitter hesablarının olduqlarını yaddan çıxardıblar. Səbəbinin nə olduğunu müəyyənləşdirmək Xarici İşlər Nazirliyinin vəzifəsidir. Bizdən yatmışları yada salmaq! Sonda müvəqqəti olaraq fasilə verən bəzilərini də bu qrupa aid etmişik.

Ən dərin yuxuya gedənlərin siyahısında BMT yanında daimi nümayəndəliyin@AzMissionUNHQ tvitter səhifəsini birinci yada salmaq olar. 2013-cü ilin iyul ayında açılan hesab 2014-cü ilin yanvarına qədər tab gətirə bilib. Həmin vaxtdan qış yuxusuna qərq olub. Qısa müddətlik aktiv dövr zamanı da cəmi 33 tvit paylaşılıb. Paylaşılan informasiyalar isə məzmun etibarı ilə ciddi bir mahiyyət daşımır. Halbuki bütün dünyanın təmsil olunduğu BMT-nin tvitter şəbəkəsi də genişdir və məlumatın yayılmaq üçün əhatə dairəsi böyükdür. Daimi nümayəndəliyin tvitter səhifəsinə bu laqeydliyinin səbəbini bilmək maraqlı olar.

Belarusdakı səfirliyin tvitter səhifəsini @azembassy_minsk diplomatik korpusda ən qısa ömürlü adlandırmaq olar. 2014-cü ilin dekabrın 9-da açılan hesabdan son paylaşım 3 gün sonra 12 dekabrda olub. Cəmi 17 məlumat paylaşılan hesab birdəfəlik yuxuya gedib. Bəlkə də komaya düşüb! Belə bir təəssürat yaranır ki, səfirliyin tvitter hesabından heç özlərinin də xəbəri yoxdur.

Belarus səfirliyi ilə qısaömürlüyə görə yalnız Qırğızıstandakı səfirliyin tvitter səhifəsi@AzEmbassy yarışa girə bilər. 2013-cü ilin 2 avqust tarixində açılan hesabda 32 tvit paylaşılıb və 19 avqusta fəaliyyətə son qoyulub.

Ukraynada səfirlyin tvitter hesabı @AzEmbUkraine 2013-cü ilin iyun ayında yaradılıb. Sonuncu tvit isə 2015-ci ilin noyabrında paylaşılıb. O vaxtdan nə baş veribsə indiyə qədər heç bir fəaliyyəti yoxdur. Halbuki həmin dövrədək kifayət qədər aktiv olub və hesabdan ümumilikdə 734 tvit paylaşılıb. İndi isə dərin yuxudadır.

Yunanıstanda səfirliyin @AzEmbassyGr 2013-cü ilin noyabr ayında yaradılan tvitter hesabı 2015-ci ilin dekabr ayından yatıb. Onsuz da çox da aktiv olmayan bu hesab həmin vaxtdan 201 tvitdə ilişib qalıb. Maraqlıdır ki, səfirliyin saytı fəaliyyət göstərmədiyi halda Yunanıstandakı səfirin öz tvitter hesabı @rahman2609m diplomatik korpusda ən aktivlərdən biridir. Belə görünür ki, səfirin başı özünə daha çox qarışdığından səfirlik yaddan çıxıb.

İordaniyada səfirliyin tvitter hesabı @AzEmbJordan da 2 ildən sonra yuxuya getmişdir. 2013-cü ilin sentyabrında yaradılan hesabda 2015-ci ilin sentyabr ayından sonra heç bir paylaşım edilməyib. Görünən odur ki, 2 ildən sonra İordaniyada diplomatiyamıza tvitter lazım olmayıb.

Dərin yuxuya gedənlərdən biri də Misirdəki səfirliyin tvitter hesabıdır @AzEmbEgypt. 2013-cü ilin oktyabrında qeydiyyatdan keçən hesabda 175 tvit paylaşıldıqdan sonra 2015-ci ilin iyul ayından fəaliyyət göstərməyi lazım bilinməyib. Yuxunuz şirin olsun!

Sankt-Peterburqdakı baş konsulluğun tvitter səhifəsi @AzCGSPetersburg də cəmi 2 il işlək vəziyyətdə olmuşdur. 2013-cü ilin iyun ayında yaranan hesabdan ən son 2015-ci ilin noyabrında məlumat paylaşılmışdır. Ümumi tvitlərinin sayı isə 70-ə belə çatmır.

3 ilə 3 tvit. Böyük nailiyyətdir. Buna Mərakeşdəki səfirliyin @AzEmbassyRabat gücü çatıb. 2013-cü ilin iyul ayında yaradılan tvitter hesabından indiyə qədər cəmi 3 tvit paylaşılıb, sonuncusu bu ilin aprel ayındadır.

Fikirləşmək olardı ki, Mərakeşdəki səfirliyin tvitter səhifəsindən daha "aktiv''ini tapmaq mümkün deyil. Ancaq sən demə mümkün imiş. Yekaterinburqdakı baş konsulluğun tvitter hesabı @azconsulateykt 2013-cü ildə yaradılıb və indiyədək cəmi 1 tvit var. Əslində Mərakeş və Yekaterinburqu "adı var özü yoxlar'' qrupuna aid etsək daha doğru olardı.

2013-cü ilin iyun ayında yaradılan Malayziyadakı səfirliyin tvitter hesabı @AzEmbMalaysiada 2016-cı ilin aprel ayından yuxuya gedib. Sonuncu dəfə aprel ayında qoşunların təmas xəttində baş verən hadisələrlə əlaqədar məlumat paylaşdıqdan sonra nəsə paylaşmağa ehtiyac görülməyib. Ümumilikdə isə 3 il ərzində paylaşılan məlumatın ümumi sayı 140-dan azdır.

Latviyada @azembassy_lv və Macarıstanda @AzEmbHungary səfirliklərin tvitter hesablarını məzuniyyətə getmiş də hesab etmək olar. Latviyada səfirliyin 2014-cü ilin noyabr ayından yaradılan hesabından ümumilikdə 200 paylaşım edilmişdir. Belə görünür ki, iyulun 7-dən bütün səfirlik məzuniyyətdədir. Çünki o tarixdən etibarən heç bir paylaşım yoxdur. Macarıstandakı səfirliyimizin son tviti isə may ayına təsadüf edir.

"Adı var özü yoxlar''

Diplomatik korpusda bəzi missiyaların tvitter səhifələri olsa da, açıldıqları ilk gündən heç bir fəaliyyət yoxdur. Belə olan halda bu səhifələrin hansı zərurətdən yarandığı və nəyə xidmət etdiyi haqqında düşünmək lazımdır. Biz düşündüklərimizi bölüşürük, indi düşünmək növbəsi Xarici İşlər Nazirliyinin və aidiyyəti diplomatik nümayəndəliklərindir.

Meksikada @AzEmbMexico, Moldovada @AZEMBASSYMD səfirliklərin, Avropa Şurası yanında daimi nümayəndəliyin @AzMissionCoE tvitter səhifələri olsa da, fəaliyyət göstərmir.

Meksikadakı səfirliyin tvitter səhifəsi 2013-cü ilin mayında Moldovadakı səfirliyin və Avropa Şurası yanında daimi nümayəndəliyin səhifələri isə 2013-cü ilin iyul ayında yaradılmışdır. Buna deyirlər faydasız iş əmsalı!

XXI əsr diplomatiyasından uzaq qalanlar

Yeni minillikdə beynəlxalq sistemdə diplomatik münasibətlər artıq ənənəvi üsullarla deyil, daha çox texnologiyanın gətirdiyi yeniliklərlə aparılır. Dünyanın aparıcı ölkələrinin diplomatik orqanları hadisələrə daha çevik və operativ reaksiya verməklə fərqlənirlər. Bunun üçünsə yeni üsul və vasitələr tətbiq olunur. Bu mənada sosial şəbəkələrdə fəaliyyət xüsusilə önəmlidir.

Azərbaycanın diplomatik korpusunda hələ də yeni dövrün reallıqlarına cavab verməyən bəzi diplomatik missiyalar tvitterin imkanlarından istifadə etməyə ehtiyac duymurlar. Türkiyə, Hindistan, CAR, Polşa, Qətər, Livan, Özbəkistan, Braziliyadakı səfirliklərin, Qars və Batumidəki baş konsulluqların tvitter səhifəsi yoxdur.

Güman edirik ki, adı çəkilən diplomatik nümayəndəliklərin tvitterdə olmamalı üçün tutarlı səbəbləri mövcuddur.

Biz apardığımız müşahidələrin və təhlillərin nəticələrini sizinlə bölüşəcəyik. Bizi izləməyə davam edin.

Newtimes.az

Paylaş:
873

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər