Geosiyasi mübarizə və "rəngli inqilablar": postsovet məkanında yeni vəziyyət – Newtimes.az
Şübhə yoxdur ki, dünyanın böyük geosiyasi gücləri öz maraqları uğrunda əllərindən gələni edirlər. Son zamanlar onların postsovet məkanı ölkələrində daha da fəallaşdığını təsdiq edən proseslər gedir. Bir sıra dövlətlərdə kadr dəyişiklikləri müşahidə edilir. Onların sırasında Ermənistan daha çox seçilir.
Bu ölkədə baş nazir istefa verib və səbəb kimi yeni hökumətin formalaşması zərurətini göstərib. Onu əvəz edən şəxs isə "Qazprom"da çalışıb. Bu kimi proseslərin genişlənib postsovet məkanı dövlətlərini əhatə etməsi barədə dəqiq proqnoz vermək çətindir. Lakin ekspertlər hesab edirlər ki, bütövlükdə region uğrunda böyük güclərin mübarizəsi daha da intensivləşib. Bu prosesin necə sonuclanacağı isə məlum deyil.
İstefalar: sifarişçi kimdir?
Müasir geosiyasi proseslər çox dinamikdir. Uzun müddət dəyişməyən faktorları tapmaq indi çətindir. Hadisələr sürətlə bir-birini əvəz edir. Xüsusilə böyük dövlətlər arasında amansız və güzəştsiz savaş gedir. Hərbi, informasiya, mədəniyyət, ideologiya və başqa sahələrdə bunun əlamətlərini daha açıq hiss etmək mümkündür. Bu özəllik geosiyasətdə qeyri-müəyyənlik, risk və xaos amillərini gücləndirir. Son dövrlərdə postsovet məkanında həmin amillər daha qabarıq şəkildə özünü büruzə verir.
Rusiya rəhbərliyi bir neçə dəfə bəyan edib ki, bəzi dairələr keçmiş sovet respublikalarında siyasi hakimiyyəti zorla dəyişmək planlarını işləyir. Türkiyədə uğursuz hərbi çevriliş cəhdindən sonra bu mövzuda analizlər daha da çoxalıb. Hətta prezident Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiya sərhədləri yaxınlığında "geosiyasi turbulentliyin yaradılmasından narahat olduqlarını" dilə gətirmiş, buna misal olaraq Türkiyə, Ermənistan və Mərkəzi Asiyada müşahidə edilən prosesləri göstərmişdi.
Bunların təsadüfi olmadığı aydındır. Çünki yüksək səviyyəli dövlət rəsmisinin belə açıq danışması üçün əsaslı və ciddi səbəblər olmalıdır. Hazırda özünü göstərən bir sıra hadisələr də D.Peskovun ifadə etdiyi fikirlərin yersiz olmadığını təsdiqləyir. Həmin kontekstdə Ermənistan, Özbəkistan, Gürcüstan və Rusiyadakı kadr dəyişiklikləri üzərində dayanmaq maraqlı olardı.
Ermənistanda baş nazir Ovik Abramyan istefa verib. O, səbəb kimi "prezidentin yeni hökumət formalaşdırması üçün imkan yaratmağı" göstərib. Belə çıxır ki, O.Abramyan özünü yeni kabinetdə görmür. Məsələ ondan ibarətdir ki, sentyabrın əvvəllərində yayılan informasiyaya görə, Serj Sarkisyanın Vladimir Putinlə görüşü zamanı baş nazir O.Abramyan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) İrəvan ofisinin yeni rəhbəri Debora Qrizeri qəbul edib. Bu təşkilatın Corc Sorosla əlaqələrinin olduğu və bir neçə ölkədə (məsələn, Makedoniyada) "rəngli inqilab" təşkil etdiyi bildirilir (bax: Кто угрожает армянской государственности? Открытое обращение к армянскому народу и властям Армении / "dlmn.info", 1 sentyabr 2016).
O.Abramyanın yerinə isə Karen Karapetyan təyin edilib. İndi yeni hökumət formalaşdırılır. Ekspertlər burada əsas rolu Kremlin oynadığı qənaətindədirlər. K.Karapetyan Rusiyanın qaz nəhənginə bağlı adam kimi Moskvanın əleyhinə gedə bilməz. Başqa tərəfdən, Ermənistanda məlum üsyanın arxasında Qərbin dayandığı haqqında erməni KİV çox yazır. Etirazda iştirak edənlərin hamısı Amerikada təhsil alıb. Onların tələbləri sırasında yeni hökumətin formalaşdırılması da vardı. Bu aspektdə aydındır ki, O.Abramyanın istefası, əslində, qərbpərəstlərin ciddi məğlubiyyətidir.
Rusiya təşəbbüsü ələ alaraq yeni hökuməti də öz marağına uyğun təşkil edir. Əslində, bu, gözlənilən haldır. Çünki rəsmi İrəvan həmişə kənardan asılı olub. Həm ABŞ, həm də Rusiya onu öz təsiri altına almağa çalışıb. Bu mübarizədə indiki mərhələdə Rusiya qalib kimi görünür. Şübhəsiz ki, Vaşinqton passiv oturmayacaq. Onun hansı addımları atacağını proqnozlaşdırmaq çətindir. Lakin təcrübə göstərir ki, regiona xaos ixrac edə bilərlər. Ermənilərin xislətində ara qarışdırmaq ənənədən vardır. Bu səbəbdən İrəvanda bu üsulla hökumət dəyişikliyi arxasında sağlam məqsədlər dayanmaya da bilər. Hər bir halda Cənubi Qafqazda kənardan idarə olunan Ermənistan yeni miqyasda qeyri-sabitlik və qeyri-müəyyənlik mənbəyinə çevrilməkdədir.
Bu arada Gürcüstandan yayılan bir informasiya da diqqəti çəkir. Bidzina İvanişvili Gürcüstanın hazırkı prezidenti Giorgi Marqvelaşvilini siyasi həyatının ən böyük səhvi adlandırıb. Onun dediyinə görə, seçkidən əvvəl G.Marqvelaşvili B.İvanişivili tərəfdə olub, sonra isə açıq bildirib ki, məhz onlara əks-cəbhədə olduğundan prezident seçilməyə razılıq verib. Bu, B.İvanişivilinin Gürcüstanda kadr dəyişikliklərinə start verməsi kimi dəyərləndirilir. Ekspertlərin fikrincə, bu proses parlament seçkisindən sonra daha qabarıq surətdə özünü göstərə bilər. Burada Rusiyaya meylli qüvvələrin üstünlük əldə edəcəyindən danışılır. Hətta onların partiyası da yaradılıb. Belə olan halda Ermənistanın ardınca Gürcüstanda da siyasi düşərgədə mövqe dəyişikliyini gözləmək olar.
Savaşın şiddəti: sabitliyə aparan islahatlara ehtiyac
Cənubi Qafqazda yalnız Azərbaycanda bu kimi hadisələr ehtimal edilmir. Çünki rəsmi Bakı daim müstəqil daxili və xarici siyasət yeridib və bu kursdan dönmək fikrində deyil. Ölkə Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçiriləcək referendumda da xalq tamamilə hakimiyyətin irəli sürdüyü təklifləri dəstəkləyəcək. Bununla da Azərbaycan regionda sivil idarəetmə sistemini inkişaf etdirən yeganə dövlət olacaq.
Cənubi Qafqazla yanaşı, Mərkəzi Asiyada da böyük geosiyasi güclərin mübarizəsi şiddətlənib. Özbəkistana uzun illər rəhbərlik etmiş İslam Kərimovun vəfatından sonra həmin regionda qeyri-müəyyənliyin yarana bilməsindən bəhs edilir. İndi məlum olub ki, bu ölkəyə yeni rəhbər baş nazir Şavkat Mirziyayev təyin edilib (bax: Премьер назначен президентом / "gazeta.ru", 8 sentyabr 2016).
Rusiya prezidenti V.Putin İ.Kərimovun vəfatı ilə bağlı Çindən Özbəkistana gələrkən, Ş.Mirziyayevlə görüşmüşdü. Onda baş nazir Rusiya ilə əlaqələrə xüsusi fikir veriləcəyini birmənalı ifadə etmişdi. Ekspertlər də hesab edirlər ki, Ş.Mirziyayevin siyasi karyerası Moskva ilə sıx bağlıdır. Hətta mütəxəssislər "baş nazir prezident təyin edildi" kimi ifadələr də işlədirlər. Proqnozlara görə, Daşkənd Moskva ilə əvvəlkindən daha geniş və daha dərin əməkdaşlıq edəcək.
Bunun fonunda Mərkəzi Asiyanın başqa ölkələrində hakimiyyət dəyişikliyinin gözlənib-gözlənilmədiyi barədə hələlik informasiyalar yoxdur. Ancaq bu ehtimal istisna edilmir. Mümkündür ki, geosiyasi mübarizə regionda təxribatlara yol açsın. Çünki ABŞ və Çinin Mərkəzi Asiyada öz maraqları uğrunda ciddi mübarizə apardığı hamıya bəllidir. Buna görə də Özbəkistandakı hakimiyyət yeniləşməsi hələlik hər şey demək deyil. Burada böyük güclərin savaşı bütün intensivliyi ilə davam edir.
Maraqlıdır ki, Rusiyada da son zamanlar bir sıra kadr dəyişiklikləri aparılır. Bunu prezident V.Putinin özü edir. Müşahidəçilərin fikrincə, Moskva Qərblə əlaqəsi ola biləcək kadrlardan xilas olur. Görünür, burada Türkiyə hadisələrindən nəticə çıxarırlar. Hər bir halda Rusiya rəhbərliyinin özü də yeni idarəetmə üsulunu tətbiq etmək üçün korrupsiyadan, qanunsuzluqdan və köhnə idarəçilikdən yaxa qurtarmağın lazım gəldiyini anlayır.
Bütün bunlar postsovet məkanında siyasi proseslərin iki aspektdə intensivləşdiyinə işarə edir. Birincisi, Moskva ənənəvi təsir dairəsində olan məkanlarda "rəngli inqilabları" önləmək üçün hakimiyyət dəyişikliklərinə yardım edir. Azərbaycan istisna olmaqla, əksər postsovet məkanı dövlətləri Kremldən asılı olduqlarına görə, buna gedirlər. Hazırda Ermənistan tam mənada həmin prosesin içindədir.
İkincisi, Rusiyanın özü də daxil olmaqla, postsovet məkanı ölkələrində idarəetmənin təkmilləşdirilməsi, yeni tələblərə uyğunlaşdırılması prosesinə start verilib. Bu aspektdə də dövlətlər arasında fərqlər özünü göstərir. Azərbaycan real, sivil və demokratik üsulla islahatlarını davam etdirir. Əvvəlcədən seçilən kursdan qətiyyən kənara çıxmalar yoxdur. Və mütəxəssislərin yekdil fikrinə görə, bu istiqamətdə Azərbaycan daha çox uğur qazanan ölkədir.
Bir sıra hallarda isə postsovet ölkələrində hakimiyyətin yeniləşməsi ilə islahatlar arasında ziddiyyətlər özünü göstərir. Yenə də bunun bariz nümunəsi Ermənistandır. Bu ölkədə kadr dəyişikliyi demokratik islahatlar tələbi ilə deyil, kənardan verilən direktivlərə uyğun həyata keçirilir. Gözləmək olar ki, həmin səbəbdən ölkədə müəyyən problemlər baş qaldırsın.
Bütövlükdə isə postsovet məkanının əhəmiyyətli bir mərhələyə qədəm qoyduğu göz önündədir. Geosiyasi mübarizə buranı sürətlə irəliyə də apara bilər, bunun əksi də baş verər. Hansı ssenarinin reallaşacağı region dövlətlərinin rəhbərlərinin iradəsindən asılı olacaq. Hələlik bu məsələdə bir sıra liderlərin qətiyyətsiz davrandığı duyulur. Vaxt isə gözləmir.
Newtimes.az