Ukrayna məsələsi: yeni təhlükəli ssenari – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Ukrayna məsələsi: yeni təhlükəli ssenari – Newtimes.az

16:16 - 05 / 10 / 2016
Ukrayna məsələsi: yeni təhlükəli ssenari – Newtimes.az

Bir müddət əvvəl Krımda Ukrayna xüsusi xidmət orqanları üzvlərinin təxribatçı fəaliyyətdə ittiham edilərək tutulması geniş miqyasda gərginliyə səbəb olmaqdadır. Rusiya təhlükəsizlik xidməti bu hadisəni ciddi dağıdıcı əməl kimi qiymətləndirib. Eyni zamanda, Donbasda da vəziyyəti gərginləşdirən proseslərin getdiyi bildirilib. Moskva həmin hadisələri kəskin şəkildə pisləyərək, danışıqların davam etdirilməsinin çətin olacağını ifadə edib.

Ukrayna tərəfi isə baş verənləri Kremlin öz ssenarisi adlandırıb. Hadisəyə münasibət bildirən Qərb dövlətləri və NATO tərəfləri sakitliyə dəvət ediblər. Öz növbəsində Moskva Ukraynaya havadarlıq edənlərin bu proseslərdə əlinin olmasına işarə edib. Əlavə olaraq Rusiya rəhbərliyi hərbi və diplomatik tədbirlər görəcəyini də bəyanlayıb. Həmin çərçivədə Ukrayna ilə diplomatik münasibətlərin kəsilməsi belə baş verə bilər. Bununla da Ukrayna məsələsində növbəti gərginlik mərhələsi başlamış olar. Bunun fəsadlarını geniş geosiyasi məkanda yerləşən ölkələr də görə bilər.

Gizli servislərin yarışı: Krımda nələr olur?

Rusiya-Ukrayna münasibətlərində gərginliyi artıran hadisələr baş verir. Konkret olaraq KİV-də Krım və Donbasda bir çox suallar yaradan proseslərin getdiyi haqqında xəbərlər yayılır. Maraqlıdır ki, onların izahı Ukraynada bir cür, Rusiyada isə başqa cür verilir. Hər bir halda hiss olunur ki, iki ölkə arasında onsuz da ağır olan münasibətlərdə yeni qaynar nöqtələr meydana gəlməkdədir.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Krımda Ukraynanın böyük təxribatçı qrupunun zərərsizləşdirildiyi barədə məlumat yaydı. Məlumatda göstərilirdi ki, atışma zamanı FTX-nin 2 əməkdaşı həlak olub. Əməliyyat nəticəsində Ukrayna xüsusi xidmət orqanlarının 7 əməkdaşı tutulub. Onların sorğu-sualı davam edir (bax: В Крыму ФСБ России ликвидировала сеть диверсантов / "www.kp.ru", 10 avqust 2016).

Kiyev Rusiya tərəfinin yaydığı bu informasiyaların doğru olmadığını bildirib. Əslində, bütün ssenarini FTX-nin özünün qurduğunu bəyan edib. Bununla da terrorçu-təxribatçı qrupla bağlı hadisələr yeni siyasi məzmun kəsb etməyə başlayıb. Rusiya və Ukrayna bir-birlərini qeyri-konstruktiv davranmaqda ittiham edirlər. Bunun nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Lakin deyilənlərin fonunda hər iki ölkə tərəfindən həyəcan doğuran hərbi addımların atıldığını və diplomatiya sahəsində də təhdidlərin olduğunu vurğulamaq lazımdır.

Məsələ ondan ibarətdir ki, Ukraynanın Krım və Donbas istiqamətində yeni hərbi qüvvə yerləşdirdiyi barədə informasiyalar yayılır (bax: Украина привела в повышенную боеготовность силы на границе с Крымом / "Газетa.ru", 11 avqust 2016). Eyni zamanda, Rusiya tərəfinin də Donbas və Krımda təhlükəsizliyin təmini istiqamətində əlavə tədbirlər həyata keçirdiyi barədə məlumatlar verilir. Hətta prezident V.Putin Krımda əlavə tədbirlərin görüləcəyini və onların yalnız texniki xarakterli olmayacağını bəyan edib (bax: Владимир Путин – о попытках терактов в Крыму: "Мы мимо таких вещей проходить не будем"/ "www.kp.ru", 10 avqust 2016).

Ekspertlər proseslərin yalnız iki ölkə arasında münasibətlərin aydınlaşdırılması ilə məhdudlaşmadığını düşünürlər. Onlar hesab edirlər ki, müşahidə edilən hadisələr əvvəlcədən planlaşdırılaraq xüsusi geosiyasi məqsədlərə xidmət edir. Ukrayna istiqamətində gərginlik yaratmaq hansısa dairələrin maraqlarına cavab verir. Lakin əsas sual belədir ki, həmin dairələr kimlərdir?

Moskvanın mövqeyinə görə, təxribatın arxasında Qərb durur. Onun da başlıca məqsədi Rusiya üçün yeni problemlər yaratmaq, onun diqqətini Suriya və Qafqazdan ayırmaqdır. Əgər Ukrayna ilə siyasi-hərbi və diplomatik problemlər artsa, Moskvanın Yaxın Şərq və Qafqaz istiqamətində gücü zəifləyə bilər ki, bu da Kremlin yeni geosiyasi planlarına zərbə vurmaq deməkdir.

Ukrayna tərəfdən isə başqa izahatlar verilir. Kiyev hesab edir ki, Rusiya Minsk razılaşmalarını pozmağa çalışır. Onu Ukraynada vəziyyətin dinc yolla normallaşması qane etmir. Çünki o halda Ukraynaya təsir etmək imkanları minimuma enir. Bu məqsədinə çatmaq üçün isə Rusiya zaman-zaman vəziyyəti gərginləşdirən addımlar atmalıdır.

Bu ssenarilərdən hansının reallığı əks etdirdiyini demək çətindir. Ancaq ortada konkret hadisələr və onların nəticəsində yaranmış vəziyyət vardır. Rusiya prezidenti bildirib ki, Krımda baş verən hadisələrdən sonra "Normand dördlüyü" çərçivəsində müzakirə aparmağın, xüsusilə Çində bunu etməyin mənası yoxdur (bax: əvvəlki mənbəyə). V.Putin Ukrayna rəhbərliyinin hərəkətlərini "axmaqlıq və cinayətkarlıq" adlandırıb. O, Luqanskın başçısına olan sui-qəsdlə Krımda baş verənlər arasında əlaqə olduğuna işarə edib, bunları çox həyəcanlı informasiyalar adlandırıb (bax: əvvəlki mənbəyə).

Geosiyasi rəqabət: amansız savaşın yeni səhifəsi

Daha maraqlısı odur ki, Rusiya prezidenti Kiyevin arxasında Qərb dövlətlərinin dayandığını söyləyib. O deyib: "Ən başlıcası isə ondan ibarətdir ki, indiki Kiyev hakimiyyətini dəstəkləyənlər nə istədiklərini dəqiqləşdirməlidirlər: onlar himayədarlıq etdikləri hakimiyyət dairələrinin təxribatlara davam etməsinimi, yoxsa sülh yolu ilə tənzimləməyə üstünlük verməsinimi istəyirlər? Əgər onlar doğrudan da, ümid etdiyim kimi, ikinci yolu seçirlərsə, onda Kiyevdəki hakimiyyətə təzyiq etməlidirlər" (bax: əvvəlki mənbəyə).

Açıq görünür ki, Kreml əsas mesajını Qərbə verir. Maraqlıdır ki, ABŞ və Avropa İttifaqı tərəflərə təmkinli olmağı, məsələləri dinc yolla həll etməyi tövsiyə ediblər (bax: В Совфеде прокомментировали разговор Байдена с Порошенко по Крыму / "Газетa.ru", 13 avqust 2016 və Могерини обсудила ситуацию в Крыму с главой МИД Украины / "Газетa.ru", 13.08.2016). Həm Co Bayden, həm də Federika Moqerini qarşıdurmaya getməməyi, silahlı toqquşmaya yol verməməyi məsləhət biliblər.

Bunlardan bir qədər əvvəl NATO münaqişə edən tərəfləri dərhal danışıqlara dönməyə dəvət edib. Şimali Atlantika Alyansının nümayəndəsi bildirib ki, "biz Ukraynanın şərqində bu yaxınlarda alovlanan zorakılıqdan və təmas xətti boyunca özünü göstərən barışığın pozulması hallarından dərindən narahatıq" (bax: НАТО призывает стороны конфликта на Украине немедленно вернуться к переговорам / "Газетa.ru", 11 avqust 2016).

Həmin bəyanatdan öncə isə NATO Rusiyanın Krımda iddialarının sübuta yetmədiyi haqqında informasiya yaymışdı (bax: əvvəlki mənbəyə). Bunlar müəyyən mənada paradoksal vəziyyətin yarandığını ifadə edir. Çünki Qərb sakitliyə çağırır, eyni zamanda, Krım hadisələrində Rusiyanın Ukraynaya iradlarının əsası olmadığını bildirir. Rusiya prezidenti isə rəsmi Kiyevin arxasında duran qüvvələrin təhrikçi davrandığına işarə edir. Bunların fonunda isə danışıqların davam etməsinə böyük şübhə ifadə edilir.

Belə aydın olur ki, baş verənlərdə əsas məqsəd Ukrayna ilə Rusiya arasında danışıqlar prosesini pozmaq, ortaya yeni gərginlik məkanı çıxarmaqdan ibarət imiş. Yaranmış vəziyyət daha geniş çərçivədə Aİ-Rusiya münasibətlərində problemlər yarada bilər. Prosesin bir ucu da Türkiyə faktoruna toxunmuş olar. Bütövlükdə götürdükdə isə, enerji layihələrinin reallaşması təhlükə altına düşmüş olur. Çünki "Türk axını"nın həyata keçməsində Avropanın iştirakı və razılığı lazımdır.

Ukrayna, ümumiyyətlə, Rusiya enerji daşıyıcılarının Avropaya nəqlində ciddi rol oynayır. Əgər indi Moskva Kiyevlə diplomatik əlaqələrin kəsilməsindən bəhs edirsə, proseslərin hansı sonuc verə biləcəyini təsəvvür etmək çətin deyil (bax: Медведев не исключил разрыва дипотношений с Украиной / İnfox.ru, 12 avqust 2016). Bu zaman D.Medvedev Gürcüstanla diplomatik münasibətlərin pozulmasından sonra "müəyyən hadisələrin baş verdiyini" də xatırladıb. Dolayısı ilə digər hallarda da "nələrsə həyata keçirildiyini" deyib. Ekspertlər bunları Moskvanın Ukraynaya qarşı hərbi əməliyyata başlaya biləcəyi kimi qiymətləndirirlər.

Şübhəsiz ki, vəziyyətin bu dərəcədə gərginləşməsi bütövlükdə dünya üçün təhlükəlidir. Ukraynada hərbi toqquşmalar başlasa, bu dəfə onu söndürmək çox çətin olacaq. Suriyada situasiyanın kifayət qədər mürəkkəb olması nəzərə alınsa, prosesin tədricən böyük dövlətlər arasında münaqişəyə çevrilməsi ehtimalını istisna etmək olmaz. Bu variantda isə bütün postsovet məkanı ölkələrinin təhlükəsizliyinə ciddi təhdidlər meydana gələ bilər. Bəlkə də baş verənlərin sifarişçilərinin də əsas məqsədi bundan ibarətdir. Belə situasiyalarda tərəflərin təmkin və səbir nümayiş etdirməsi daha doğru olardı. Emosional davranış zərərdən başqa bir nəticə verməz.

Elsevər Abdullayev

Paylaş:
446

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər