Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb
Oktyabrın 6-da Təhsil Nazirliyində press brifinq keçirilib.
1news.az-ın məlumatına görə, press brifinqdə qeyd olunub ki, bu tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul pilot olaraq “ASAN peşə” layihəsi üzrə Bakı və Gəncə şəhərlərində həyata keçirilib.
Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasında reallaşdırılan layihə çərçivəsində 4286 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”-dən yuxarı olub.
Yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb. 2016-2017-ci tədris ili üçün respublika üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır.
Press brifinqdə icbari ümumi orta təhsildən yayınma hallarının son illərdə əhəmiyyətli dərəcədə azalması və bununla bağlı təhlil media nümayəndələrinin diqqətinə çatdırılıb.
1news.az