Mübariz Əhmədoğlu: İranla Pakistanın terrorizmə qarşı birgə mübarizəsi Qarabağ münaqişəsinin tənzimlənməsinə müsbət təsir edə bilər
Pakistan həmişə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında Azərbaycanın seçdiyi istənilən həll variantını, o cümlədən hərbi əməliyyatları dəstəkləməyə hazırdır.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Terrorçu qruplaşmaların Pakistan-İran sərhəddindəki fəaliyyətindən danışan politoloq son vaxtlar hər iki dövlətin terrorizmə qarşı mübarizə aparmaq istiqamətində səylərini birləşdirdiklərini qeyd edib:
“Pakistan-İran sərhədi bəzən terrorçu qruplaşmaların hədəfinə çevrilir. Nəticədə, iki dövlətin münasibətlərində gərginlik yaranır. Son vaxtlar hər iki dövlət terrorizmə qarşı mübarizə aparmaq istiqamətində səylərini birləşdirib. Bir neçə dəfə hərbi təlimlər keçiriblər. Azərbaycan-İran sərhədi də 25 ildir Ermənistan tərəfindən işğal olunub və terrorçuların oylağına çevrilib.
Pakistan və İran hər ikisi rəsmən İslam dövlətləridir. Həm Pakistan, həm İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Pakistan bir az da irəlidədir. Pakistan həmişə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında Azərbaycanın seçdiyi istənilən həll variantını, o cümlədən hərbi əməliyyatları dəstəkləməyə hazırdır. Bu, istiqamətdə istənilən formatda iştirak etməyə hazır olduğunu bildirib. Prezident İ.Əliyev Pakistanın baş naziri Nəvaz Şərif Azərbaycanda rəsmi səfərdə olarkən bir daha ictimaiyyətimizin diqqətinə çatdırdı ki, Pakistanın Ermənistanla məhz Azərbaycan torpağını işğal etdiyinə görə, diplomatik əlaqələr qurmamaqla bağlı qərarını verən şəxs indiki və o zamankı baş nazir Nəvaz Şərifdir”.
M.Əhmədoğlu bildirib ki, İran bəzi məsələlərdə Pakistandan nümunə götürə bilər:
“Coğrafi cəhətdən uzaq olmasına baxmayaraq Pakistan Azərbaycanın ən yaxşı dəstəkçisidir. Öz imkanları daxilində Azərbaycana hər bir dəstəyi verməyə hazır olduğunu dəfələrlə bəyan edib. Azərbaycanın Pakistandan müasir silahlar almaq niyyəti Rusiyada narahatlıq yaratdı.
Hərbi kontekstdə Pakistanın mövqeyi indi daha vacib və spesifik məzmuna malik olur. Dağlıq Qarabağda hərbi əməliyyatları fonunda İranı Ermənistana dəstəyini neytrallaşdırmağa vadar etməyə lüzum yoxdur. İran başa düşməlidir ki, ermənilərlə hərbi sahədə əlaqələri inkişaf etdirəcəksə, Pakistanın müxtəlif coğrafi regionlarda cavab vermə imkanlarını nəzərə almalıdır.
İran işğal olunmuş İran-Azərbaycan sərhədində Pakistan-İran-Azərbaycan terrorizmə qarşı üçtərəfli hərbi təlimlər keçirmək barədə təşəbbüs irəli sürə bilər”.
Politoloq bildirib ki, müsəlman torpağının işğaldan azad olması təkcə Pakistan üçün deyil, həm də İran üçün zəruridir. Rəsmən islam dövlətlərinin terrorizmə qarşı birgə mübarizəsi İslam dininin dünyada imicini yaxşılaşdırmağa xidmət edir:
“İranın Pakistan qoşunlarına Azərbaycanın işğal altındakı Azərbaycan sərhədlərinə yaxın ərazidə üçtərəfli hərbi əməkdaşlıq çərçivəsində dislokasiyasına icazə verməsi hərbi addımdan daha çox hərbi-siyasi təzyiq vasitəsi rolunu oynaya bilər. Beləliklə, Ermənistanın hərbi resurslarını tükədən bu addım sonda işğalçılığın tükənməsinə gətirib çıxaracaq”.
1news.az